Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nyu-Yorkda Azərbaycan incəsənətinin ABŞ-da daha yaxşı tanıdılması yollarını müzakirə etmişdir

Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün - İDEA-nın (International Dialogue for Environmental Action) təsisçisi Leyla xanım Əliyeva ABŞ-ın "Uşaqların Xərçəng və Qan Fondu"nun (CCBF) dəvəti ilə Nyu-Yorkda səfərdədir.
Noyabrın 2-də Leyla Əliyeva Amerikanın nüfuzlu "İnterview" jurnalının redaksiyasında olmuşdur. 1969-cu ildə tanınmış amerikalı rəssam və film prodüsseri Endi Vorhol tərəfindən təsis edilən "İnterview" jurnalı ənənəvi olaraq dünya şöhrətli incəsənət adamları, musiqiçilər, aktyorlar, modelyerlərlə müsahibələrə yer verir və cəmiyyətdə yeni və qeyri-adi düşüncə tərzinin yaranmasını istiqamətləndirir. Azərbaycanlı qonaqla görüşdə "İnterview" və Amerikanın incəsənət aləminin üç digər qabaqcıl jurnalını nəşr edən "Brant Publications, Inc." şirkətinin rəhbəri Piter Brant və "İnterview" jurnalının redaktoru Kristofer Bollen iştirak etmişlər. Piter Brant Leyla xanımı jurnalın tarixi və əhatə etdiyi əsas mövzularla ətraflı tanış etmişdir. Leyla Əliyeva isə öz növbəsində, "İnterview" jurnalının yaradıcı heyətini Azərbaycanla daha yaxından maraqlanmağa dəvət etmiş və əmin olduğunu bildirmişdir ki, populyar jurnalın oxucuları Azərbaycanda incəsənət, musiqi və moda aləmindən kifayət qədər yeni məlumat və maraqlı xəbərlər tapa biləcəklər.
Həmin gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nyu-Yorkda yerləşən "Metropolitan" incəsənət muzeyində olmuşdur. Muzeyin islam mədəniyyəti üzrə baş tədqiqatçısı Məryəm İxtiyar Leyla xanım Əliyevaya uzunmüddətli bərpadan sonra noyabrın 1-də yenidən açılan "İslam dünyasının incəsənəti" adlı sərgi barədə məlumat vermişdir. Leyla xanım muzeydə "Ərəb əraziləri, Türkiyə, İran, Mərkəzi və Cənubi Asiya mədəniyyəti"nin min ildən çox tarixini təmsil edən 1200 eksponatın sərgiləndiyi yeni qalereyalarla tanış olmuşdur. Söhbət zamanı "Metropolitan" muzeyi ilə əməkdaşlığın perspektivləri müzakirə edilmiş, burada Azərbaycan incəsənətinin daha yaxşı təmsil olunması barədə fikir mübadiləsi aparılmışdır.
Noyabrın 2-də Leyla xanım Əliyeva Nyu-Yorkda yaşayan həmvətənimiz, "Novıy Rubej" qəzetinin redaktoru, Azərbaycan Rəssamlar Birliyinin üzvü Nobert Yevdayevlə görüşmüşdür. N.Yevdayev Leyla xanıma təşəkkürünü bildirərək ona Azərbaycanın incəsənət muzeylərinə çatdırılması üçün şəxsi kolleksiyasından iki rəsm əsəri hədiyyə etmişdir. "Analıq" və "Abstrakt kompozisiya" adlı əsərlərin müəllifi əslən bakılı olan amerikalı rəssam Nahum Çakbazovdur. Hər iki əsər 1945-46-cı illərdə işlənilmişdir. Nahum Çakbazovun əsərləri "Metropolitan" incəsənət muzeyi, Müasir incəsənət muzeyi, Pennsilvaniya İncəsənət Akademiyası və Amerikanın digər nüfuzlu incəsənət ocaqlarının kolleksiyalarına daxildir. Nobert Yevdayev bildirmişdir ki, bu əsərləri Azərbaycana hədiyyə etməkdə məqsədi Amerikada yaşayan həmvətənimizin rəssam kimi Birləşmiş Ştatlarda nə qədər uğur qazandığını diqqətə çatdırmaqdır. "Analıq" əsəri R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin, "Abstrakt kompozisiya" isə Müasir İncəsənət Muzeyinin kolleksiyalarında nümayiş olunacaqdır.

{nl}

Şəfəq AKİFQIZI, AzərTAc-ın xüsusi müxbiri
Nyu-York


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında