Sənət olan yerdə şöhrət də olur

Azərbaycan tar ifaçılığı sənətinin layiqli nümayəndəsi, respublikanın xalq artisti Zamiq Əliyevin bu günlərdə 60 yaşı tamam olur. Ömrünün 40 ildən çoxunu musiqi sənətinin təbliği və tərəqqisinə həsr etmiş tarzən dünyanın 50-dən çox ölkəsində Azərbaycan tarını, milli musiqimizi layiqincə təmsil etmiş, doğma respublikamıza başucalığı gətirmişdir.
Çoxşaxəli zəngin yaradıcılıq yolu keçmiş Zamiq Əliyevin həyatında 25 illik ansambl fəaliyyəti çox önəmli yer tutur. İlk dəfə əməkdar incəsənət xadimi Ağasi Məşədibəyov gənc tarzəni rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblına dəvət edəndə Zamiqin 20 yaşı vardı. Dövlət Filarmoniyası nəzdində fəaliyyət göstərən belə bir mötəbər ansamblda çalışmaq gənc tarzən üçün bir fəxarət olsa da, ona göstərilən etimadın məsuliyyətini də yaxşı bilirdi. Dövrün ən populyar, sevilən müğənniləri Xan Şuşinski, Rübabə Muradova, Əbülfət Əliyev, Şövkət Ələkbərova, Sara Qədimova, Qulu Əsgərov və bir çox digər sənətçiləri müşayiət etmək, onlarla şəxsi münasibət saxlayıb yaradıcılıq əlaqələri qurmaqla az bir zamanda özünü peşəkar tarzən kimi tanıdır. Çox keçmir ki, Əməkdar incəsənət xadimi Gülarə Əliyeva Zamiqi "Dan ulduzu" instrumental ansamblına dəvət edir. O, repertuar və ansamblın tərkibi baxımından tamamilə fərqli olan bu kollektivə də tez uyuşur. Müasir estrada və kamera əsərlərinin mahir ifaçısı kimi özünü təsdiqləyir.
Ad günü keçmişi xatırlamaqdır. Biz də bu ənənəyə sadiq qalaraq sənətkarın bu ömürdə qazandığı uğurlardan söhbət açmağa çalışacağıq. Əlbəttə, yuxarıda sadaladıqlarımızı tarzənin yaradıcılıq salnaməsinin, sənət uğurlarının yalnız başlanğıcı kimi dəyərləndirmək olar. Lakin ona ən çox populyarlıq gətirən korifey müğənnimiz, SSRİ xalq artisti Zeynəb Xanlarova ilə sənət yoldaşlığı olur. 17 il dünya şöhrətli Zeynəb Xanlarovanın rəhbərlik etdiyi kollektivin konsertmeystri olaraq dünyanın 50-dən artıq ölkəsində qastrol səfərlərində olur. Hər yerdə hörmət və ehtiramla qarşılanan sevimli müğənninin şöhrət çələngində kollektivin də payı vardı. Dövrün ən tanınmış ifaçıları - Aftandil İsrafilov, Vəli Qədimov, Sadıq Zərbəliyev, Faiq Əlibalayev və bir çox digər sənətçilərin cəmləşdiyi bir kollektivdə konsertmeystr kimi çalışmağın özü Zamiq Əliyev üçün bir fəxarət idi. Tam əminliklə demək olar ki, o vaxt çox sənətçilər Zamiq Əliyevə həsəd aparırdı. Bu kimi hisslər sənət adamları arasında daim olub və yəqin ki, olacaq da. Önəmli isə hər bir sənətçinin qarşıya qoyduğu məqsədə çatmaq üçün tutduğu yoldan dönməməsidir. Bu yol isə sənətkardan gərgin əmək, yuxusuz gecələr, ən başlıcası isə seçdiyi peşəyə sonsuz məhəbbət tələb edir.
Dünya şöhrətli müğənni ilə 17 illik ansambl fəaliyyətindən sonra Zamiq Əliyev sənətinin davamını artıq ansamblda deyil, daha klassik formada - muğam üçlüyündə görür. Məqsəd sənət keçmişimizi, muğam kökümüzü xalqa daha qabarıq şəkildə çatdırmaq olur. 10-12 il bundan öncə qəzetimizdə Zamiq Əliyev haqda oxucularımıza müfəssəl məlumat vermişdik. Aradan xeyli vaxt ötüb. Zaman axarında bu müddət, ola bilsin ki, çox deyil. Lakin qəlbi yaradıcılıq eşqi ilə döyünən sənətkar üçün, sənət zirvələri fəth etmək üçün az müddət də deyil. Bu gün Zamiq Əliyev respublikamızda kifayət qədər tanınıb sevilən tarzənlərdən biridir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosentidir. Gənc nəslə tarın, muğam sənətinin incəliklərini həvəslə öyrədir. Təhsil Nazirliyinin fəxri fərmanı və "Əməkdar təhsil işçisi" döş nişanı ilə təltif olunub. 2004-cı ildən musiqi ictimaiyyəti və xalqımız onu Lider-TV-də yayımlanan "İncilər" verilişinin daimi aparıcısı kimi görür. Neçə-neçə sənət korifeyimiz, muğam və xalq havalarımızın ən mahir ifaçıları bu verilişin qonağı olmuş, xalqın yaddaşında ötən illərin nostalji hisslərini oyatmışdır.
Zamiq Əliyev sənətsevər tamaşaçıların qəlbinə təkcə istedadlı tarzən, bacarıqlı ansambl rəhbəri, eləcə də televiziya aparıcısı kimi deyil, eyni zamanda istedadlı bir bəstəkar kimi də yol tapa bilib. Son illər onu tamam başqa ampluada - mahnı bəstəçisi kimi görürük. İlk dəfə olaraq bayatılara bəstələdiyi və əməkdar artist Simarə İmanovanın ifasında səslənən "Yar bu gecə" mahnısı dinləyicilərin qəlbinə yol tapdı. İstedadlı bəstəkar Vaqif Gərayzadənin aranjimanında "Şeron" qrupunun repertuarına daxil olan bu mahnı az bir vaxtda daha populyarlaşaraq müəllifini yeni bəstələrə sövq etdi, belə demək mümkünsə, bəstəkarlıq fəaliyyətinin təməlini qoydu. Hər bir uğurlu başlanğıcın nə kimi çətinliklərlə üzləşdiyi məlumdur. Lakin maneələrə, əngəllərə baxmayaraq, o, öz yolundan dönmədi. "Mən heç vaxt bəstəkarlıq iddiasında olmamışam" - deyən Zamiq Əliyevin fikrincə, mahnı qoşmaq, şeir yazmaq içdən gəlməlidir. O yaxşı bilir ki, ürəkdən gəlməyən, heç vaxt xalqın qəlbinə yatmır.
Bir müəllif olaraq xalq şairi Bəxtiyar Vahabzadə, Zəlimxan Yaqub, Famil Mehdi və digər şairlərin sözlərinə bir-birindən gözəl mahnılar bəstələyir. Lakin onun ən çox yaradıcılıq əlaqələri saxladığı Azərbaycan incəsənətinin yaxın dostu Tağı Əhmədov (Tağı Sadiq) olur. Tağı Sadiqin sözlərinə Zamiq Əliyevin bəstələdiyi "Vurulmuşam", "Niyə təkəm mən". "Yoxsan yanımda", "Sevincimi axtarıram" və bir çox digər mahnılar ərsəyə gəlir. Respublikanın xalq artisti Mələkxanım Əyyubovanın ifasında ilk dəfə olaraq Tağı Sadiqin sözlərinə yazılmış mahnılardan ibarət disk işıq üzü görür. Bu günlərdə şöhrətli tarzənin ikinci bir "Zamiq Əliyevin mahnıları" diski sənətsevərlərə təqdim olundu. Respublikanın xalq artistləri Mələkxanım Əyyubova, Nazpəri Dostəliyeva, Aygün Bayramova, Mənsum İbrahimov, Nəzakət Teymurova, əməkdar artist Aybəniz Haşımova, İlkin Əhmədov, Vəfa Orucova, Arzu Əliyeva, Babək Niftəliyev və digər sənətçilərin ifaları yazılmış bu diskə bəstəkarla Tağı Sadiqin birgə yaradıcılıq işinin nəticəsi olaraq bir-birindən gözəl mahnılar daxil edilmişdir. Tağı Sadiqin digər uğurlu şeirləri kimi möhtərəm Prezidentimizə həsr olunmuş "İlham alıram", eləcə də şairə Kəmalə Ağayeva ilə birgə yazılmış və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevaya həsr olunmuş "Elin Mehriban qızı" mahnısı ərsəyə gəlir. Hörmətli Mehriban xanımın muğam ifaçılığına göstərdiyi diqqət və qayğının nəticəsi kimi digər mahnılardan fərqli olaraq onun oxunuşuna muğam müsabiqəsinin iştirakçılarından İlkin Əhmədov, Vəfa Orucova, Bəyimxanım Mirzəyeva, Abgül Mirzəliyev, Ehtiram Hüseynov, Güllü Muradova, Arzu Əliyeva və Babək Niftəliyev cəlb olunur. Uğurlu klipin uğurlu da təqdimatı olur.
Zamiq Əliyevin digər uğurlu yaradıcılıq səhifələrindən biri də ulu öndərə həsr edilmiş 2008-ci ildə nəşr olunmuş "Səhnə arxası görüşlər" kitabıdır. Ulu öndərin hər zaman istər konsert, istərsə də teatr tamaşalarından sonra səhnə arxasında sənət adamları ilə keçirdiyi görüşlər bu kitabda öz əksini tapmışdır.
Beləcə, bu kiçik yazıda biz Zamiq Əliyevin 40 illik çoxşaxəli yaradıcılıq yolunun yalnız ürəkaçan sənət uğurlarından söhbət açmağa çalışdıq. Əslində buna bir sənətkar ömrünün hesabatı da demək olardı. Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin və onun xanımı Mehriban Əliyevanın sənət adamlarına göstərdiyi diqqət və qayğısının müqabilində hər bir sənətkar mədəniyyətimizin və incəsənətimizin daha da çiçəklənməsi, tanınması naminə əlindən gələni əsirgəməməlidir. Bu baxımdan Zamiq Əliyevin bu hesabatını uğurlu saysaq da, bu yazını onun yaradıcılıq ömrünün son akkordu kimi qiymətləndirmək olmaz. 60 yaş nədir ki, qarşıda 70-80 var... yubiley ərəfəsində Möhtərəm Prezidentimiz İlham Əliyevin bir qrup sənət adamlarına prezident mükafatı verməsi xəbərini aldıq. Siyahıda respublikanın xalq artisti Zamiq Əliyevin də adı vardı. Redaksiyamızın kollektivi də şöhrətli tarzəni yubiley münasibətilə təbrik edir, ona cansağlığı və yeni-yeni sənət uğurları arzulayır.

{nl}

Rafiq SALMANOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında