Məmməd Araz şeirinin poetik özünəməxsusluğu

Sözə qiymət vermək, onu misra daxilində yerində və fikir elementi kimi işlətməyi bacarmaq, misra və bəndlərin məna dəyərini və tutumunu gücləndirməklə ümumilikdə, şeirin obrazlı poetik sistemini qorumaq Məmməd Araz poeziyasının başlıca xüsusiyyətlərindən biridir.
Daha çox təbiət və məhəbbət lirikasına üstünlük verən şairin yaradıcılığının ilk mərhələlərinin şeirlərində konkret detallar və onların vasitəsilə təbliğ edilən vətənpərvərlik ruhu daha aparıcı mahiyyət daşıyır. Bu ruh onun valideynlərinə - ata və anasına həsr etdiyi şeirlərində də torpağa, vətənə məhəbbət hissləri ilə əlaqələndirilir, ümumiləşdirilmiş poetik məna kəsb edir. "Anamdan yadigar nəğmələr" silsiləsi başdan belə bədii tamlığa malik olmaqla, ümumiləşdirilmiş səciyyə daşıyır:
Elə bil yarpızın dəyişib tamı,
Nanənin ətri də azalıb bir az.
Çağırın, çağırın əziz anamı,
Belə bağça olmaz, belə bağ olmaz.
Örüşdən quzular dönüb mələşir,
Boz inək axtarır səsini onun.
Yadıma bir sözüm, bir misram düşür:
Çırağı anaymış ata yurdunun.
Obrazlılığın kövrək təbiət detalları ilə ifadəsi Məmməd Araz şeirini əlamətləndirən əsas xüsusiyyətlərdir. Obrazlı-bəşəri ümumiləşdirmələrin səviyyəsi, təbiət hadisələrinin və detallarının incəliklərini hiss və dərk etmək bacarığı Məmməd Araz poeziyasının təsir gücünü, poetik mahiyyətini daha da artırır.
Şairin bu dövrdə qələmə aldığı "Göy göl", "Əlvida dağlar", "Bəzən unuduram", "İnsan", "Bir il", "Bülbülün səsi" və s. şeirləri məhz belə əsərlərdəndir.
Sırf təbiət şeirlərində yenicə kənddən gəlmiş gənc şairin həsrət motivləri daha qabarıqdır:
Qıy vuran qartallar yox oldu çəndə,
Nərgizlər saraldı şehli çəməndə,
Ey qaragöz pəri, dalımca sən də
Boylan salamat qal, bax salamat qal!
Məmməd Arazın ilk şeirləri içərisində sonrakı yaradıcılıq mərhələlərində aparıcı mahiyyət daşıyan insan - təbiət qarşılığının rüşeymlərini üzə çıxaran motivlərə də təsadüf edilir. Bu baxımdan kiçik həcmli "İnsan" şeiri böyük əhəmiyyət kəsb edir. Şairin sonralar sistem halına düşən vətənin bütövlüyünə çağırış, cənub həsrətli şeirlərinin rüşeym misraları yaradıcılığının ilk dövrlərində bərkiyib formalaşmağa başlayır. "Bu gecə yuxumda Arazı gördüm", "Araz üstə tək çinar" şeirləri məhz belə lirik poema siqlətli sənət nümunələridir.
Represiya və irtica illəri kimi səciyyələndirilən sovet dövründə yaşayıb yaratmış böyük sənətkarlarımız Azərbaycanın ağrılarını öz əsərlərində əks etdirmiş, bununla da nəsillərin qan yaddaşının düzgün formalaşmasına örnək olmuşlar. Totalitar rejimin hər cür açıq sözün qarşısına sipər çəkməyə, haqqı ədaləti azdırmağa çalışdığı dövrlərində də Məmməd Araz poeziyasının cəsarəti zamanın ehkamlarına qarşı dayanmışdır:
Mənə şərəflidir belə ölümlər,
Qoy batsın sinəmə, batsın min nizə.
Arazdan, cənubdan yazdığım əgər
Dünyada ən böyük cinayət isə.
Dolğun ideya, dərin məzmunu və vətənpərvərlik ruhu ilə yanaşı, obrazlı ifadələrin yeniliyi və bədii səviyyəsi baxımından da bu şeirlər Məmməd Arazın növbəti və daha səviyyəli yaradıcılıq mərhələsinə qədəm qoymasından xəbər verir. Bu şeirlər həm də şairin vətəndaş narahatlığını nümayiş etdirir.
Hələ ilk şeirlərindən insan və onu əhatə edən ictimai mühitin xarakteri ilə bağlı bəşəri problemlər qaldırıb onların özünəməxsus bədii həllinə çalışan Məmməd Arazın 1960-cı illərin əvvəllərində qələmə aldığı "Üç oğul anası", "Araz axır", "Anamdan yadigar nəğmələr", "İllərdən bəri", "Ömür karvanı" və s. şeirlərində obrazlı düşüncə tərzi, forma ilə məzmun vəhdəti daha çox diqqəti cəlb edən bədii elementlərdəndir. Analitik bədii təhlilə meyl edən şairin insan - dünya münasibətlərində taleyin saysız-hesabsız oyunlarının xüsusi bir sistem halında izlənməsi əsas yaradıcılıq istiqaməti kimi üzə çıxır:
Bir taleyin oyununda cütlənmiş zərik,
Yüz il qoşa atılsaq da qoşa düşmərik.
Bir zərrənin işığına milyonlar şərik
Dünya sənin, Dünya mənim, Dünya heç kimin.
Məmməd Araz keçmişi də, bugünü də düşünəndə ona yalnız şair qəlbi ilə yox, təfəkkür gözü ilə baxır, Vətənin hər zərrəsində məna axtarır. Onun hadisələrə bədii-fəlsəfi baxışı həmişə aparıcı mövqedə durur. Zaman keçdikcə bu səmimi hisslər daha dərin mənalarla ümumiləşdirilib orijinal, ardıcıl və sistemli poetik obrazlarla ifadə edilərək, "Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı" qənaəti ilə yekunlaşdırılır.
Məmməd Araz sənətə gəldiyi gündən xalq onu əsl şair kimi sevib qəbul etmişdir. Öz əsərləri ilə Azərbaycan poeziyasına yeni ruh gətirən, onun inkişafına təkan verən Məmməd Arazın şeirləri hansı ictimai-siyasi quruluşda yaranmasından asılı olmayaraq onlar həqiqi sənət əsərləri, poetik kəşflərlə, xalq məsəlini andıran aforizmlərlə, obrazlı poetik nümunələrlə zəngin əsl poeziya nümunələridir.

{nl}

Vaqif ALLAHVERDİYEV, Azərbaycan Müəllimlər İnstitutu Ağcabədi filialının dosenti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında