Xalq rəssamı Kamil Əliyevin anadan olmasının 90 illiyi münasibətilə nəşr edilmiş kitab-albomun təqdimatı keçirilmişdir

Oktyabrın 22-də Kamil Əliyevin Xalça Muzeyində görkəmli sənətkarın anadan olmasının 90 illiyi münasibətilə nəşr edilmiş "Kamil Əliyevin xalça dünyası" kitab-albomunun təqdimat mərasimi keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək Kamil Əliyevin məzarını ziyarət etmiş və sənətkarın ruhuna dualar oxumuşlar.
Daha sonra tədbir İçərişəhərdə, sənətkarın adını daşıyan muzeydə davam etdirilmişdir.
Mərasimdə çıxış edən "Kamil Əliyevin xalça dünyası" kitab-albomu layihəsinin müəllifi, tərtibçi-redaktoru, əməkdar incəsənət xadimi Abdulla Qurbani K. Əliyevin mənalı ömür yolu və zəngin yaradıcılığı haqqında geniş söz açmışdır. Vurğulamışdır ki, Kamil Əliyevin 90 illik yubileyi haqqında Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama uyğun olaraq Azərbaycanın bir çox bölgələrində silsilə tədbirlər keçiriləcəkdir.
Kamil Əliyev bütün ömrünü xalqımızın mədəniyyəti tarixində mühüm yer tutan xalçaçılıq sənətinin qədim, zəngin ənənələrinin qorunub saxlanılmasına və inkişaf etdirilməsinə həsr etmiş böyük rəssam kimi tanınmışdır.
Üç dildə hazırlanmış "Kamil Əliyevin xalça dünyası" kitab-albomu ulu öndər Heydər Əliyevin sənətkarla bağlı söylədiyi dəyərli sözlərlə açılır. Nəşrdə xalq rəssamının həyat və yaradıcılıq yolu barədə məlumatlar verilmişdir. Kataloqda K. Əliyevin portret-xalçaları, ornamental xalçaları, eskiz və kompozisiyaları yer almışdır.
Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə K.Əliyevlə bağlı xatirələrini söyləmiş, onu Azərbaycan xalça sənətinin qorunmasında və inkişafında mühüm xidmətlər göstərmiş sənət fədailərindən biri kimi dəyərləndirmişdir. Bildirmişdir ki, tarixə iz salmış Kamil Əliyev çoxşaxəli və orijinal üslubu ilə milli mədəniyyətimizə töhfələr vermişdir. Onun əsərləri Azərbaycan xalçaçılıq sənətində, rəssamlıq məktəbində daim yaşayacaq və çox böyük sənət əsərləri kimi mədəniyyət xəzinəmizdə öz yerini tutacaqdır.
Kamil Əliyevi Azərbaycan incəsənətini yüksəkliklərə qaldıran, onu öz əsərləri ilə daha da zənginləşdirən görkəmli şəxslərdən biri kimi dəyərləndirən Milli Məclisin deputatı Fəttah Heydərov demişdir ki, görkəmli sənətkarın zəngin yaradıcılığından gələcək nəsillər çox şeyləri öyrənəcəklər.
Bildirilmişdir ki, rəssamın əsərləri Paris, London, Tokio, Dehli, Ankara, İstanbul, Tehran, Moskva, Kiyev və başqa şəhərlərin nüfuzlu muzey və qalereyalarında nümayiş etdirilmiş və bütün dünyada tamaşaçıların rəğbətini qazanmışdır. K. Əliyevin yaradıcılığında süjetli və portret-xalçaların yaradılması aparıcı mövqe tutur. Sənətkar bir-birinin ardınca yüksək professionallıqla Azərbaycan klassiklərinin, görkəmli dövlət xadimlərinin portretlərini yaratmışdır. Kamil Əliyevin portret-xalçalarının ikinci silsiləsi müxtəlif ölkələrin tanınmış siyasət və dövlət xadimlərinə həsr olunmuşdur. Sənətkarın böyük sevgi ilə yaratdığı ümummilli lider Heydər Əliyevin Azərbaycanın Ali Baş Komandanı kimi general libasında portreti əks olunmuş xalça da böyük sənət nümunəsi kimi qarşılanmışdır.
Yubiley mərasimində çıxış edən Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov da Azərbaycanın xalçaçı-rəssamı olaraq tarixə iz salmış Kamil Əliyevin çoxşaxəli və orijinal üslubu ilə milli mədəniyyətimizə verdiyi böyük töhfələrdən danışmışdır.
Sonda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova K.Əliyevin ailə üzvləri adından mərasimin iştirakçılarına öz dərin minnətdarlığını bildirmişdir.
Tədbirdə gənc musiqiçilərin ifasında bir çox xalq mahnılarımız səslənmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında