Görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın xatirəsinə həsr olunmuş müsabiqənin qalibləri mükafatlandırılmışlar

Oktyabrın 10-da görkəmli ziyalı, böyük şərqşünas alim və parlaq şəxsiyyət Aida xanım İmanquliyevanın anadan olmasından 72 il keçir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) görkəmli alimin xatirəsinə həsr olunmuş "Ərəb filologiyası sahəsində gənc alimlərin ən yaxşı elmi-tədqiqat əsəri" mövzusunda ənənəvi müsabiqə keçirmişdir. Müsabiqədə aspirant, dissertant və gənc alimlər iştirak etmişlər.
Oktyabrın 10-da AQUPDK müsabiqənin yekunlarına həsr olunmuş tədbir keçirmişdir.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan elmini Şərq dünyasında tanıdan böyük ziyalı, ədəbi fikir tariximizin istedadlı nümayəndəsi Aida xanım İmanquliyevanın həyat və yaradıcılığı barədə danışmışdır. Qeyd etmişdir ki, artıq bir neçə ildir AQUPDK böyük alimin doğum günü ərəfəsində "Ərəb filologiyası sahəsində gənc alimlərin ən yaxşı elmi-tədqiqat əsəri" mövzusunda ənənəvi müsabiqə təşkil edir. Hər müsabiqə yeni-yeni istedadlı mütəxəssisləri üzə çıxarır. Əsas məqsədimiz Aida xanım İmanquliyevanın zəngin ədəbi irsinin dərindən öyrənilməsi və qorunmasıdır.
M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, professor Nərgiz Paşayeva bildirmişdir ki, ərəb-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafında böyük xidmət göstərmiş Aida xanım İmanquliyevanın elmi və bədii irsi təkcə onun şəxsi fəaliyyətini əks etdirmir. Şübhəsiz, onun yaradıcılığının bəhrələri bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin, mədəniyyətinin böyük nailiyyətidir.
Elmi biliklərə yiyələnməyin vacibliyini diqqətə çatdıran N.Paşayeva vurğulamışdır ki, Şərq, o cümlədən ərəb ədəbiyyatını tədqiq etmək, öyrənmək olduqca çətin, eyni zamanda, şərəfli bir işdir. Bu, xüsusi istedad tələb edir. Biz çalışmalıyıq ki, bu sahənin güclü tədqiqatçıları yetişsin.
N.Paşayeva müsabiqə qaliblərini bir daha təbrik etmiş, onlara yeni-yeni uğurlar arzulamışdır.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva, institutun şöbə müdiri Vilayət Cəfər və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) professoru Elman Quliyev çıxış edərək Aida xanım İmanquliyevanın Azərbaycan şərqşünaslıq elminin inkişafında əvəzsiz xidmətlərindən danışmışlar. Bildirilmişdir, o, ilk müsəlman şərqşünas alim qadın kimi bütün Şərq dünyasında tanınmışdır. Bu vətənpərvər ziyalı xanımın qələmə aldığı hər bir əsər, apardığı elmi araşdırmalar ədəbiyyat xəzinəmizin parlaq nümunəsi kimi müəllifinin böyük söz sahibi və kamil şəxsiyyət olduğunu bir daha təsdiq edir. Onun elmi əsərləri şərqşünaslıq tariximizin nadir inciləri hesab olunur. AMEA-nın Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə Aida xanım İmanquliyevanın yüzlərlə kitab və monoqrafiyası, tərcümə və elmi məqalələr toplusu nəşr olunmuşdur. O, ərəb-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafında böyük xidmət göstərmiş, yaradıcı fəaliyyətinin hər bir istiqaməti ilə qədim Şərqə tükənməz sevgisini sübut etmişdir.
Tədbir çərçivəsində Aida xanım İmanquliyevanın xatirəsinə həsr olunmuş "Ərəb filologiyası sahəsində gənc alimlərin ən yaxşı elmi-tədqiqat əsəri" mövzusunda müsabiqənin qalibləri mükafatlandırılmışlar.
Müsabiqədə Bakı Dövlət Universitetinin (BDU) əməkdaşı Kəmalə Musayeva birinci, ADPU-nın doktorantı Məlahət Babayeva ikinci, AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı Fatma Məcidova və BDU-nun şərqşünaslıq fakültəsinin dosenti Gülnur Mahmudova üçüncü yerlərə layiq görülmüşlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında