Xalq yazıçısı İlyas Əfəndiyevin virtual muzeyinin təqdimatı olmuşdur

Oktyabrın 6-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında XX əsr Azərbaycan ədəbiyyatının klassiki, Xalq yazıçısı, Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin virtual muzeyinin təqdimatı olmuşdur.
İ.Əfəndiyevin həyat və yaradıcılığının əks olunduğu virtual muzey Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və dəstəyi ilə "Musiqi dünyası" jurnalının elmi nəşrlər mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanmışdır.
Tədbirdə Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə və başqaları İ.Əfəndiyevin Azərbaycan dramaturgiyası tarixindəki yeri, mövqeyindən geniş söhbət açmış, onun səhnə əsərlərinin gənc aktyorların yetişməsi, püxtələşməsində bənzərsiz rol oynamasından danışmışlar.
Bildirilmişdir ki, ədəbiyyata 1939-cu ildə "Kənddən məktublar" adlı hekayələr kitabı ilə gələn yazıçı söz sənətinin, demək olar ki, bütün janrlarında qələmini sınamış, məqalə, oçerk, hekayə, povest, roman, ssenari, pyes yazaraq XX əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri kimi şöhrət qazanmışdır.
Vurğulanmışdır ki, İlyas Əfəndiyev dramaturgiyamızın tarixində ən şərəfli yerlərdən birini tutur. O, milli ədəbiyyatın, estetik fikrin inkişafında əvəzsiz xidmətləri olmuş istedadlı dramaturq kimi şöhrət qazanmışdır. Bununla belə, o, keçən əsrin ortalarından etibarən həm də kamil bir romançı kimi məşhurlaşmışdır. İlyas Əfəndiyev XX əsr Azərbaycan ədəbiyyatında nəsrimizə canlı xarakterlər, əlvan, təravətli bədii təsvir vasitələri gətirən, dramaturgiyamızda yeni lirik-psixoloji üsluba vətəndaşlıq hüququ verən, nəhayət, aktyor və rejissorların bütöv bir nəslinin yetişib-püxtələşdiyi "İlyas Əfəndiyev teatrı"nı bərqərar edən sənətkar kimi şərəfli bir yer tutur.
Azərbaycan ədəbiyyatında heç bir dramaturq İ.Əfəndiyev qədər teatrla uzunmüddətli fəal yaradıcılıq əlaqəsi qurmamışdır. Akademik Milli Dram Teatrında yazıçının bütün pyesləri tamaşaya qoyulmuşdur. Onun qələmindən çıxan və Azərbaycan dramaturgiyasının nadir incilərindən olan, yüksək vətəndaşlıq pafosu, incə lirizmlə aşılanan bu pyeslər teatr sənətimizdə yeni mərhələ açmış, bütöv bir aktyor və rejissor nəslinin yetişməsində əvəzsiz rol oynamışdır.
Diqqətə çatdırılmışdır ki, 30 saat video, 18 saat audio materialların yer aldığı virtual muzeydə İlyas Əfəndiyevin müsahibələri, çıxışları, xatirələri, nəşr olunmuş əsərləri və məqalələri toplanmışdır. Hazırda yalnız Azərbaycan dilində fəaliyyət göstərəcək virtual muzeyin daha sonra ingilis dilində versiyası da hazırlanacaqdır. İstifadəçilər ilyasafandiyev.musigi-dunya.az saytına daxil olmaqla bu virtual muzeylə yaxından tanış ola biləcəklər.
Təqdimat mərasimində çıxış edən Baş nazirin müavini, Xalq yazıçısı Elçin Əfəndiyev bildirmişdir ki, virtual portal İ.Əfəndiyevin yaradıcılığını sevənlər üçün böyük töhfədir. Belə bir təqdimatın Milli Dram Teatrında keçirilməsi xüsusilə sevindiricidir. Çünki İlyas Əfəndiyev üçün bu teatr ikinci ev idi.
E.Əfəndiyev atasının xatirəsinə göstərilən böyük hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına Əfəndiyevlər ailəsi adından minnətdarlığını bildirmişdir.
Təqdimat mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında