Bakıda ikinci Beynəlxalq kitab sərgi-yarmarkası açılmışdır

Sentyabrın 28-də Bakı İdman Sarayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr edilmiş ikinci Beynəlxalq kitab sərgi-yarmarkasının açılış mərasimi olmuşdur. 
Sərgidə 120 yerli, 35 xarici olmaqla ümumilikdə 25 ölkəni təmsil edən çap və poliqrafiya müəssisəsi, çap işi ilə məşğul olan qurumların təmsilçiləri iştirak edirlər.
Mərasimi giriş sözü ilə açan Baş nazirin müavini Elçin Əfəndiyev bütün oxucuları kitab bayramı münasibətilə təbrik etmiş, belə sərgi-yarmarkaların artıq bir ənənə halını aldığını söyləmişdir.
Bildirilmişdir ki, iştirakçılar yarmarkada sərgilənən kitablar vasitəsilə Azərbaycan xalqının tarixi, mədəniyyəti, ədəbiyyatı və bugünkü inkişaf səviyyəsi haqqında dolğun məlumat əldə edə biləcəklər. Baş nazirin müavini son illər yeni, latın qrafikalı nəşrlər hesabına kitabxanaların zənginləşdirilməsi istiqamətində xeyli iş görüldüyünü diqqətə çatdırmışdır. Vurğulanmışdır ki, bu işlər Prezident İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamından sonra həyata keçirilmişdir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərginin Azərbaycanda kitab işinin təbliğinə təkan verəcəyinə, eyni zamanda, naşirlərimizə əcnəbi həmkarlarının bu sahədəki təcrübələri ilə yaxından tanış olmaq imkanı qazandıracağına əmin olduğunu bildirmişdir. Nazir əlavə etmişdir ki, sərgi birgə layihələrin həyata keçirilməsinə də yardımçı olacaqdır.
Əbülfəs Qarayev Azərbaycanın bir il ərzində 20 beynəlxalq kitab sərgi-yarmarkasında təmsil olunduğunu diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, kitablarımız beynəlxalq sərgilərdə birinci, ikinci, üçüncü mükafatla yanaşı, "Qran-pri"yə də layiq görülmüşlər.
Nazir vurğulamışdır ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın səyi və təşəbbüsü ilə son illər müxtəlif səpkili kitablar nəşr edilmişdir. Azərbaycan həqiqətlərindən, Qarabağ müharibəsinin əsl mahiyyətindən və onun yaratdığı humanitar fəlakətdən, erməni təcavüzü nəticəsində dağıdılmış tarixi-mədəni abidələrimizdən bəhs edən bu kitablar müxtəlif dillərdə nəşr olunmaqla dünya ictimaiyyətinə obyektiv informasiya çatdırır. Heydər Əliyev Fondunun dəstəyi ilə milli-mənəvi qaynaqlarımız, tarixi keçmişimiz, tanınmış şəxsiyyətlər haqqında nəşr edilən kitablar gənc oxucu auditoriyası üçün zəngin mənbədir.
Nazir demişdir ki, tədbirin məqsədi Azərbaycanda poliqrafiya, nəşr işinin təşkilinə kömək etmək, çap məhsullarımızın dünya bazarına çıxarılmasına təkan verməkdir. Eyni zamanda, belə sərgilər kitaba marağı artırır.
Bildirilmişdir ki, üç gün ərzində Bakı sakinləri və paytaxtımızın qonaqları ölkə nəşriyyatlarında, eləcə də ABŞ, Rusiya, İran, Türkiyə, Macarıstan, Makedoniya, Slovakiya, Belarus, Latviya, Moldova, Özbəkistan, Qırğızıstan, Tacikistan və digər xarici ölkələrdə nəşr edilmiş kitablar, çap məhsulları ilə tanış olacaqlar. Burada kitab təqdimatları, imza mərasimləri, naşirlər arasında "dəyirmi masa"lar, müəlliflərlə görüşlər təşkil ediləcəkdir. Sərginin son günündə Təşkilat Komitəsi tərəfindən ən yaxşı nəşriyyat və ən yaxşı kitab mükafatlandırılacaqdır.
Sonra iştirakçılar son illərdə ölkəmizdə və dünyada nəşr olunmuş kitab, dərslik və jurnallara maraqla baxmışlar. Onlara Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə buraxılmış kitablar, həmçinin Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə çapdan çıxmış nəşrlər, "Azərbaycan dünya çapında", "Yaddan çıxmaz Qarabağ" adlı bölmələrdə yer almış çap məhsulları barədə ətraflı məlumat verilmişdir.
"Təhsil", "Şərq-Qərb", "Adiloğlu", "Çaşıoğlu", "Əli və Nino", "Çinar" və digər poliqrafiya müəssisələrinin son çap məhsullarının sərgiləndiyi bu yarmarkada Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) də ayrıca stendlə təmsil olunmuşdur. AzərTAc-ın iştirakçılara təqdim etdiyi nəşrlər sırasında son vaxtlar agentlik rəhbərliyinin təşəbbüsü ilə işıq üzü görmüş "Heydər Əliyev və AzərTAc", "Müasir dünyanın informasiya şəbəkəsində AzərTAc-ın yeri: təşəkkül tarixi və inkişaf mərhələləri", "AzərTAc-dan AzərTAc-a mürəkkəb və şərəfli yol", "AzərTAc-90" kitabları sərginin ziyarətçilərində daha böyük maraq doğurmuşdur.
Nəfis tərtibatla nəşr olunmuş bu kitablar oxuculara müxtəlif xalqların böyük dühalarını tanıtmaqla yanaşı, həm də müasir cəmiyyət həyatında aktuallığını itirməyən mövzulara diqqət yetirmək baxımından müstəsna əhəmiyyət daşıyır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında