Azərbaycanın turizm potensialı hələ kifayət qədər öyrənilməyib. Bu gün ölkəmizin çox əsrarəngiz guşələri var ki, onlar, həqiqətən, turistlər üçün əsl istirahət məkanına çevrilə bilər. Onlardan biri də Qusardakı Laza yaşayış məntəqəsidir.
Bu kənd Qusarçay hövzəsinin mənbə hissəsində, Şahdağın şimal-şərq ətəklərinə yaxın bir ərazidə yerləşir. Kənd çox da böyük olmayan bir dərədə salınmışdır. Bu yaşayış məntəqəsi dəniz səviyyəsindən 1700 metr hündürlükdədir və başı dumanlı dağlar, yaşıl don geyinmiş dərələr, təpələr, əhəngdaşı layları ( qayalıqları), çaylar, şəlalələr və bulaqlarla əhatə olunmuşdur.
Laza kəndinə gedən yol Qusar şəhərindən başlayaraq, Qusarçayın sağ-sol sahilləri boyunca uzanır. Ərazidə əsas yaşayış məntəqələri belə terras səthlərində yerləşir.
Dağlara doğru irəlilədikcə mənzərə dəyişir, düzənliklər dağətəyi və dağlıq zona ilə əvəz olunur. Dağətəyi zona üçün tektonik və qravitasion sürüşmə zonaları xarakterikdir. Dağlıq zonada bilavasitə Yura dövrünün əhəngdaşları yayılmışdır. Əhəngdaşlarından əmələ gəlmiş müxtəlif yüksəkliklər, dərinliklər tutduqları mövqe, forma və miqyası ilə sənətindən, peşəsindən asılı olmayaraq, hər bir insanı düşündürür, saflıq duyğuları aşılamaqla onları zirvələrə doğru cəzb edir.
Bu süxurlar özlərinin əmələ gətirdiyi müxtəlif qalınlıqlı, yatımlı qırılmaları, kaskadvari sürüşmələri ilə xarakterizə olunurlar. Əhəngdaşlarının rəngi ağımtıl, sarımtıl, ağ-bozdur. Onların əmələ gətirdiyi mikrolayların qalınlığı 1-5 metr arasında dəyişir.
Bu yarğanlarda şaquli və üfiqi aşınmanın (erroziyanın) getdiyini müşahidə etmək mümkündür. Bunlardan da birincinin, yəni dərinlik erroziyasının ikinciyə nisbətən daha sürətlə getdiyi nəzərə çarpır.
Əhəngdaşı laylarına yaxınlaşdıqca onlarda daşlaşma (diagenez) prosesinin getdiyini müşahidə etmək olur. Xüsusi ilə qeyd etmək lazımdır ki, bu əhəngdaşları paleontoloji cəhətdən də çox maraqlıdır. Belə ki, bu əhəngdaşlarında müxtəlif növ fauna və flora qalıqları tapmaq mümkündür. Digər tərəfdən, karbonat tərkibli əhəndaşı süxurlarının yayıldığı ərazilərdə karstlara və karstabənzər boşluqlara rast gəlmək mümkündür.
İstirahət üçün ərazinin lanşaftı çox əlverişlidir. Belə ki, buranın bitki örtüyü Alp çəmənlik bitkilərindən, relyefi isə lələkvari dağlıq, skulptur və struktur relyef formalarından ibarətdir. Bu ərazinin suları, atmosferi təmiz və insan orqanizmi üçün çox faydalıdır. Şəlalələrin əmələ gəlməsi üçün əsas amillərdən ən başlıcası sudur, digərləri isə erroziyaya davamlı və qırılıb düşmə-qalxmalara həssas olan çökmə mənşəli süxurların olmasıdır. Aydındır ki, susuz şəlalə ola bilməz. Buna görə də şəlalənin əmələ gəlməsi üçün birinci və əsas şərt axar suyun olmasıdır. Digər tərəfdən erroziyaya davamlı süxurlar, xüsusən də intruziv tərkibli damarlar müvafiq şəraitdə çay yatağında sıldırımlar əmələ gətirir və çayın suyu bu sıldırımlardan aşağı tökülməklə şəlalələr əmələ gətirir. Nəhayət, şəlalələrin əmələ gəlməsi üçün əlverişli amillərdən biri də tektonik hərəkətlərin təsirindən qırılıb düşmə və qalxmaya həssas olan çökmə mənşəli əhəngdaşları, qumdaşları, gil şistləri laylarının olmasıdır. Məlum olduğu kimi, Böyük Qafqazın şimal-şərq hissəsində, Qusar rayonu ərazisində əhəngdaşları geniş intişar tapmışdır və bu əhəngdaşı çöküntülərinin yayıldığı ərazilər üçün müxtəlif amplitudalı qırılıb düşmələr, qalxmalar və sürüşmələr səciyyəvidir. Elə bu səbəbdən də müxtəlif su tutumlu, hündürlüklü şəlalələrə əhəngdaşı çöküntülərindən təşkil olunmuş Şahdağ rayonu ərazisində, xüsusən də onun ətək hissələrində daha çox rast gəlinir. Belə şəlalələrdən biri də Qusar-Laza yolunun 25-ci kilometrində Qusarçayın sol sahilində yerləşir. Şəlalə kaskadvari olmaqla iki pillədən ibarətdir.
Təbii ki, ilin fəsillərindən asılı olaraq şəlalədən töküən suyun debiti artıb-azalır. Şəlalədən axan suyun debiti çox olduğu zaman o, daha gözəl görünür və öz musiqili səsi ilə insanı heyrətə gətirir.
Birinci pillənin hündürlüyü 40-50 metr arasındadır, ikinci pillənin hündürlüyü isə 30 metrə qədərdir və bunlardan birinci pillənin axar suyu ikinciyə nisbətən daha çoxdur. Şəlalənin ətrafı meşəlik və yaşıl çəmənlikdir. Çəmənlikdə müxtəlif çeşidli floraya rast gəlmək mümkündür.
Laza qrupu şəlalələrdən biri də eyniadlı kəndin cənub-şərqində uzanan Mıxtökən dağ silsiləsinin şimal-şərq yamacından axan suların əhəngdaşı layları üzrə əmələ gətirdiyi qoşa şəlalələrdir. Bu şəlalələrin gözəlliyini, durumunu təsvir etmək çox çətindir.
Bu şəlalələr haqqında onu qeyd etmək mümkündür ki, insan onların seyri ilə düşüncələrə dalır və onlardan ayrılmaq istəmir. Şəlalənin ətrafı ilin yaz, yay və payız aylarında yaşıl rəngdə olur. Ərazinin suyu təmiz, havası isə safdır. Bu şəlalələrdən axan suyun miqdarı digərlərinə nisbətən çoxdur. Bu sular 30 və 20 metr hündürlükdən tökülərək özlərinə məxsus gurultulu səslər çıxarmaqla böyük bir orkestrin ifasını xatırladır.
Laza kəndindən 1000 metr cənub-qərb istiqamətində daha bir kaskadvari şəlalə vardır. Laza istirahət mərkəzi bu şəlalənin ətəyində yerləşir. Şəlalə Qusarçayın sağ qollarından birinin 70 metr qalınlığında olan əhəngdaşı süxurlarının əmələ gətirdiyi laylardan tökülməsi hesabına yaranmışdır. Şəlalə üçün ilin yaz-payız aylarında suyun çoxalması xarakterikdir.
Ərazidə olan nadir geoloji obyektləri ümumilikdə qəbul edilmiş təsnifata uyğun olaraq geomorfoloji və hidrogeoloji növə, respublika (ranqlı) statuslu lanşaft kateqoriyasına aid etmək olar. Ərazi geo (xüsusən də ekoturizm) baxımından çox maraqlıdır və əlverişli mövqeyə malikdir.
{nl}
Fəxrəddin ABDULLAYEV, geoloq
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.