Lənkəran Dövlət Dram Teatrı yeni mövsümü Kamran Nəzirlinin "Şeytan işığı" pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası ilə açmışdır

N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı yeni teatr mövsümünü yazıçı-dramaturq Kamran Nəzirlinin "Şeytan işığı" pyesinin premyerası ilə açmışdır. 
Tamaşanın quruluşçu rejissoru Naxçıvan Dövlət Dram Teatrının baş rejissoru, Xalq Artisti Kamran Quliyev, səhnə tərtibatçısı, teatrın rejissoru Adil Zeynalov, quruluşçu rəssam Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti Əbülfəz Axundov, musiqi tərtibatçısı Əməkdar Mədəniyyət İşçisi İmamqulu Əhmədovdur.
Anşlaqla keçən tamaşada əsas rolları Xalq Artisti Qabil Quliyev, aktyorlardan Sücəddin Mirzəyev, Niftulla Əsgərov, Qızılgül Quliyeva, Aynur Əhmədova, Zemfira Nəcəfova, Məqsudə Əliyeva və başqaları oynamışlar.
Tamaşaçı marağına səbəb olan K. Nəzirlinin "Şeytan işığı" pyesi əsasında səhnələşdirilmiş əsər hələ barışa bilmədiyimiz mənəvi itkilərimiz barədədir. Qarşısıalınmaz itkilərin minimuma endirilməsinə obrazların ümumi və kövrək stixiyalı cəhdi müasir dövrdə komiklikdən daha çox tragizm doğurur. Müstəqillikdən sonrakı qaçılmaz yeni həyat, dəmir örtüklərin götürülməsi ilə xaricilərin ölkəmizə çoxsaylı gəlişi, bizim insanların başqa dövlətlərə axını, dünya ilə daha çox inteqrasiya, ünsiyyət və s. vərdiş olunmuş və olunmamış həyat tərzlərini qarşı-qarşıya qoyur.
Əsərin mövzusu və məzmunu elə bugünkü müasir həyatımızda baş verən hadisələrdən götürülmüş, müqəddəs ailə dəyərlərinin milli-mənəvi, əxlaqi zəmində müdafiəsi və qorunması uğrunda Azərbaycan vətəndaşlarının mübarizəsini dramatik şəkildə ortaya qoyur. Con və Fira müxtəlif dünyaları təmsil edirlər. Əsas məsələ bu dünyaların hansının yaxşı və ya pis olmasında deyil, fərqlərin mövcudluğunda və bu fərqlərin dünyəvi görüşə, psixologiyaya, adət-ənənəyə, bir sözlə, ənənəvi həyat tərzinə təsir göstərməsindədir. Əsərdə xarici vətəndaşların, azərbaycanlılarla işbirliyi quran müxtəlif millətlərin nümayəndələrinin obrazları maraqlı çalarlarla yadda qalır. Qərb dünyasının dəyərləri ruhunda böyümüş insanların Azərbaycan vətəndaşları ilə qarşılıqlı əlaqələri, münasibətləri və bundan doğan birgə iddiaları və mənəvi tələbatları incə dialoq və monoloqlarda əksini tapmışdır.
Kamran Nəzirli müasir Azərbaycan ədəbiyyatında bir çox povest və hekayələrin müəllifi, habelə dünya ədəbiyyatının klassiklərinin nümunələrini orijinaldan dilimizə çevirən peşəkar tərcüməçi kimi tanınmışdır. Onun bir çox hekayələri xarici ölkələrdə nəşr olunan almanax və jurnallarda dərc edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında