Azərbaycan xalçalarının Qarabağ qrupu toplusu 6 dildə nəşr olunub

Azərbaycan çox qədim tarixə, zəngin mədəniyyətə malikdir. Hələ qədim dövrlərdən burada yaşayan əhali sənətkarlıqla məşğul olmuşdur. İlk əvvəl daşda, dulus məmulatlarda və metalda ilkin şəkildə işlənmiş və bizim dövrümüzədək gəlib çıxmış motivlər sonrakı dövrlərin təsviri sənətində, o cümlədən tətbiqi sənətin müxtəlif növlərində, xalçaların ornament və kompozisiyalarında öz əksini tapmışdır.Qədim tarixə, zəngin naxış tərtibatına və ahəngdar rəng quruluşuna malik olan Qarabağ xalçaları əsrlər boyu bu diyara səfər etmiş səyahətçilərin, tədqiqatçıların diqqətini cəlb etmişdir.
Azərbaycan xalçaçılıq sənətini yaşatmağı və inkişaf etdirməyi qarşısına məqsəd qoymuş "Azər-İlmə" MMC tərəfindən Azərbaycanın bölgələrində xalça nümunələri, xalçaçılıq sənəti dərindən öyrənilir və toplanır. Bu günlərdə "Azərbaycan xalçaları-Qarabağ qrupu" adlı 65 səhifəlik jurnal formatlı, tam rəngli məlumat və xalçaçılıq nümunələri ilə zəngin olan toplu 6 dildə (Azərbaycan, ingilis, rus, alman, ərəb və fransız dilində) nəşr olunmuşdur. Azərbaycan Milli Elmlər Akademiyası A.A. Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının qərarı ilə nəşr olunmuş layihənin rəhbəri dosent Vidadi Muradovdur. Redaksiya heyətinə tarix elmləri doktoru Kərim Şükürov, sənətşünas Asya Şirəliyeva daxildir.
Layihədə dünya muzeylərində qorunan əntiq Qarabağ xalçalarının təsvirlərindən də istifadə edilmişdir. Həmçinin "Azər-İlmə" nin "Sehrli ilmələr " kolleksiyasından əntiq və "Azər-İlmə"də qədim xalça təsvirləri əsasında, tətbiqi boyalarla ipək və yun iplərdən istifadə etməklə istehsal olunan Qarabağ xalçalarının təsvirləri verilmişdir. Şuşa qalasının "Gəncə" qapısı (XVIII əsr) təsviri ilə başlayan topluda Azıx mağarasının girişi (Fizuli rayonu), Azıx adamın alt çənə sümüyü, zoomorf saxsı qab (e. ə. IX-VII əsrlər), Gəncəsər monastrı (Kəlbəcər rayonu, Vəngli kəndi, 1238-ci il), Şuşa qala divarı və bürcü (XVIII əsr), Qarabağ xanı İbrahim xana məxsus Şeşpər (XVIII əsr), Yatağan (XVIII əsr), Şuşa şəhər qalasının açarı (XVIII əsr), Dadivənd monastrı (IV əsr), Əsgəran qala divarları (XVIII əsr), "Türkmənçay müqaviləsinin imzalanması, 10 fevral 1828-ci il" və digər təsvirlər Qarabağın tarixinə nəzər salmağa kömək edir.
Toplu əsasən Azərbaycan xalçalarının Qarabağ qrupunu əhatə etdiyi üçün Qarabağ xalçaçılıq sənətinə elmi cəhətdən yanaşılır, təhlil edilir və qiymət verilir. Qarabağ xalçalarının təsvirləri də çox dolğun rənglərlə verilməklə "Toxucu qadın xana arxasında" (1905-ci il), "Şərq" orkestri Qarabağ xalçaları önündə (1920-ci il), Qarabağın "Açma-yumma" xalçası kəndli həyətində, xurcun (XIX əsr), ipək tikmə (XVII əsr), ipək tikmə "Qasımuşağı" (XVII əsr), Əjdahalı xalça "Xətai" (XVII əsr), xalça "Balıq" (XIX əsr), zili (XIX əsr), zili "Çələbi"(XX əsr), xalça "Bəhmənli" (XIX əsr) və digər onlarca xalçaçılıq nümunələri topluda rəngli əksini tapmaqla Qarabağ xalçaçılıq sənəti haqqında tam təsəvvür yaradır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında