"Arazbarı" və ya poeziyanın qəmdən yoğrulmuş hekayəsi

Şairlik yeni nəfəs, yeni ruh kimidir. Sözü heç kimin demədiyi və ya düşünmədiyi forma və məzmunda oxucuya çatdıra bildinsə, deməli, o, yaşayacaq və müəllifinə ehtiram qazandıracaqdır. 
Poeziyada köhnə "bayatı"ları yenidən bəzəməklə özünü təsdiqləyə bilməzsən. Bu, elə bir meydandır ki, gərək istedadında Tanrı nuru, qəlbində mərhəmət, varlığında mənsub olduğun, xalqa bağlılıq, doğmalıq kök sala.
Haqqında söhbət açmaq istədiyim bu xanım da min illik poeziyanın yoluna özünəməxsus bir dillə, tam yeni "görkəm" və formada çıxmışdır. O da Azərbaycan poetik fikrinin ən görkəmli simaları kimi eyni qafiyə və üslubda yazsa da, elə ilk misrasından oxucu marağını, diqqətini cəlb edən bilir.
Sona Vəliyevanın imzası çoxlarına tanışdır. Ən azı ona görə ki, o, filologiya elmləri namizədi, jurnalist, azərbaycançılıq ideologiyası sahəsində bir neçə kitabın və çoxsaylı məqalələrin müəllifi kimi çoxdan öz imzasını təsdiqləmişdir.
Bu günlərdə isə S.Vəliyevanın "Arazbarı" şeirlər kitabı "Qanun" nəşriyyatında nəfis tərtibatla çapdan çıxmışdır. Bu, nəcib qələm sahibinin poeziyasevərlərlə sayca ikinci görüşüdür. Kitabda Vətən sevgisi və vətəndaşlıq mövqeyi, torpaq həsrəti, milli hisslərimizin, duyğularımızın, adət-ənənələrimizin, gündəlik həyatımızda rastlaşdığımız hadisələrin qeyri-adi yozumu, ən başlıcası isə Uca Tanrıya və onun yaratdığı insana, təbiət gözəlliklərinə sevgi insanı riqqətə gətirir.
Kitabda "Vətən deyib yola varan", "Ruhum yollar ayrıcında", "Ay qaragilə" və "Mən Tanrının yol adamı" bölmələrində yer alan hər bir şeir, insanı sözün yaxşı mənasında düşünməyə vadar edir. Ona görə ki, bu şeirlərin hər biri özlüyündə istedadla yanaşı, həm də düşüncənin məhsuludur.
"Arazbarı"ya xalq şairi Sabir Rüstəmxanlı "Ana ruhunun işığında" başlıqlı "Ön söz" yazmışdır: "Sona xanımın şeirləri ürəyimizdə Vətən havasını, uşaqlıq dünyamızın xiffətini əsdirir, yenidən tərk edilmiş ocaqlara qayıdırıq, payızın sarılığından, narın yağışların kədərindən, ot basmış qəbiristanlarda məzar daşlarına dönmüş atalarımızın, analarımızın şirin xatirələrindən keçirik. Nəfəsimiz genişlənir, ruhumuz təzələnir, bu ocaqlarda aldığımız böyük mənəviyyat, sevgi, halallıq, mərdlik, nəciblik, xeyirxahlıq, təmənnasızlıq, gözütoxluq dərslərimiz yenidən yada düşür. Məncə, şairin ən böyük vəzifəsi də budur".
Sona xanımın şeirlərini oxuyarkən bu qənaətə gəlmək olur ki, o, poeziyamızda dönə-dönə müraciət edilmiş mövzulara yeni məzmun verir, həyatı özünəməxsus poetik bir dillə oxucuya təqdim edə bilir. Sadə bir misal çəkək. Payız bir fəsil olaraq şeirimizdə saysız-hesabsız bənzətmələrdə mənalandırılıb. Elə bir adam yoxdur ki, "qızılı payız"ı nəzmə çəkməsin. Sona xanım da uzaq Berlində yazdığı "Qərib payız" şeiri ilə bu mövzunu bir qədər də özününküləşdirir:
Bu necə payızdı, bu necə, Allah.
Budaqda saralan min ümid ölür.
Yarpaq qırğınına azğın küləklər
Bilmirsən ağlayır, bilmirsən gülür!
Onun "Gəl gedək bu şəhərdən" şeiri də deyim tərzi ilə bu mövzuda özündən əvvəl yazılmış poeziya nümunələrindən seçilir və fikrin obrazlı sözə çevrilməsi baxımından diqqəti cəlb edir:
Yarpaqlar da saralıb,
Töküləcək qəhərdən
Yığıb xatirələri
Gəl gedək bu şəhərdən...
Belə poetik fikir və duyğu dolu misraların sayını yetərincə artırmaq olar. Ən əsası odur ki, hər səhifəsində, hər misrasında Araz nisgilini, Qarabağ harayını, yurd-yuva sevgisini gəzdirən "Arazbarı" bütün poeziyasevərlərin ürəyincə olacaqdır. Ən azı, ona görə ki, bu kitabda Füzulinin dərdinə ortaq olan, o ağrıya, o nisgilə söykənib, millətinin faciələrini, dərdlərini qələmə alan, varlığı humanizmlə, insanpərvərliklə yoğurulmuş genişqəlbli Azərbaycan qadınının düşüncəsindən, ürəyindən qopan şeirləri oxuyacaqsınız.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında