Yeni kitablar. Ana dilimizə məhəbbətdən yaranan sətirlə

Rəşid Təhməzoğlunun imzası Azərbaycan oxucusuna çoxdan tanışdır. O, şair-tərcüməçi kimi on şeir kitabı və bir tərcümə kitabı ilə oxucularla görüşüb. Üstəlik 50 ildən artıqdır ki, müxtəlif mətbuat vasitələrində bədii, elmi və publisistik yazılarla çıxış edir. Müxtəlif illərdə üç dəfə çapdan çıxan "Dədəm Qorqud" epos-poeması Rəşid Təhməzoğlunun milli kökə, milli mədəniyyətə və ana dilimizə olan sevgi və sayğısının təzahürüdür. Maraqlı məqamlardan biri də odur ki, Rəşid müəllim təkcə "Dədəm Qorqud" əsərində deyil, eləcə də müəllifi olduğu bütün yazılarında Azərbaycan türkcəsinin qorunmasına çalışır, fars və ərəb sözlərindən istifadə etmir. 
Müəllifin bu günlərdə oxuculara təqdim edilən on birinci şeirlər kitabı da həmin ənənəyə sədaqət nümunəsi kimi qəbul edilir. "Öz doğmaca dilimdə" adlı yeni kitabda verilmiş şeirlərin bölündüyü fəsillərin adına diqqət yetirək: "Sevgi çalarları", "Yaşam çalarları", "Torpaq çalarları" və "Ululuq çalarları". Azərbaycan və ümumiyyətlə, türk ədəbiyyatının əbədi mövzuları - sevgi, həyat, torpaq və ululuq. "Bir torpaq itirmişəm, yel əsər ondan bəri" - deyən şair doğulub boya-başa çatdığı Qafanın (Zəngəzur mahalı) ətrini küləklərdən aldığını yazmır. Sadəcə gələn küləklərin o torpaqdan gəldiyini güman edir.
Yaşanmış tarixə "Öz sözünün işığında" qiymət verməyə çalışan Rəşid Təhməzoğlu Araz haqqında indiyədək deyilənləri təkzib etməyə çalışır. Onun fikrincə, Araz çay deyil, eləcə ağrı-acılardır ki, axıb gedir:
"Araza çay demə - ağrı axarı,
Suları qorxular izləyib axır".
Azərbaycan dilinə, folklorumuza və mənəvi xəzinəmizə ehtiramdan yaranan şeirlərin hər birində milli koloritli bir lövhə yaratmağa çalışan şairin bütün "lövhələrində" ağrı-acı, qayğı, kədər baş qaldırır:
"Bir səməni göyərtmişəm, yaz duyğusundan
Onun yaşıl tellərində qayğılar yanar".
Səməninin kövrək boyu Novruz xonçasında yanan şamın şöləsi qədər zərif və kövrəkdir, tez sına bilər, tez sönə bilər. Elə Rəşid müəllimin qayğıları da eləcə kövrək və zərifdir ki, səməninin telləri ilə bərabər "yanır". Yaxud:
"Mənim düzən-düzən ayaq izimə
Yadlar yarağının izi basılar...
Mən gecə yuxumda ilan görərəm".
Tanış məqamlardır. Yurdu tapdaq altında olan oğuzlar gecə yuxuda düşmən görərdilər. Ancaq yeni olan ayaq izlərinin cığır-cığır deyil, düzən-düzən olmasıdır. Yəni o torpaqların türk ayağının izi yaşamayan heç yeri yoxdur. Müəllifə həmin ayaq izlərinə qayıtmaq arzusuyla.

{nl}

İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında