Sözün ölməzliyi. Yaman uzağa getdin...

 

{nl}

Söz bulağı elədir ki, heç vaxt axıb qurtarmır. Gözü tutulmur, suyu qurumur. Şairin ilhamı artdıqca, sözü də dünya durduqca durur. Həyatını, ömrünü sözə verən şairlərin ömrü isə bəşəriyyətin yaşı qədər uzanır. Əbədiyyət qədər şeirinin ömrü olan xalq şairi Qabil mənə uşaqlıq illərindən sevdiyim şair olub. Heç vaxt yadımdan çıxmır, atamın verdiyi qəpik-quruşları yığıb rayon mərkəzinə gedərdim ki, kitablar alım.
Onların içində Qabilin də kitabları var idi. "Nəsimi" poemasını əzbər bilirdim. Məktəbdə keçirilən tədbirlərdə səsimin uca yerinə salib, onun şeirlərini əzbər deyərdim. Ədəbiyyat müəlliməm də Qabil yaradıcılığının vurğunu olduğundan həmişə mənə beş verərdi. İstəyirəm şairin poeziyası ilə baş-başa qalam.
Qabilin şeirlərində dünyanın dərdi özündən böyük olur. Dünyamızın qayğısına qalmaq, dərdini çəkmək lirik qəhrəmanın fəal həyat mövqeyini, vətəndaşlıq narahatçılığını da dəqiq müəyyən edir:
Canlı-canlı qəbirlər,
Qanlı-qanlı qəbirlər.
Al duvaqlı qəbirlər,
Köksü dağlı qəbirlər,
Düzüldükcə yan-yana,
Qansız biganəlikdən,
Cansız biganəlikdən
Şəhidlər gəlir cana.
Şair bu tip şeirlərində öz xalqının adından danışır və bütün gücünü xalqın mənəviyyatının üstündə kökləyir. Onun hər bir misrasında söz tam ölçülərlə üzə çıxır, daxili duyum, psixoloji çalar sənətkarın yaradıcılıq özəyini təşkil edir:
Sən ey xalqım,
ey diyarım,
Ey cananım, ixtiyarım.
Ey didərgin balalarım,
Çadırlara alışmayın.
Barışqanlıq cinayətdir,
Lap bir anlıq - cinayətdir.
Alışqanlıq - cinayətdir,
Çadırlara alışmayın!
Şairin aləmində ana - Vətəndir, ana - dünyadır. Torpaq ana məzarları ilə canlıdır.
Ana haqq-sayını gözünün nurunda gəz,
Çörəyin də ana tək müqəddəs sayırıq biz,
Ana ilə çörəyi ödəməz heç bir əvəz...
Ana ilə çörəyə ağ olan ruzi görməz,
Ana ilə çörəyə dünyada pis deyilməz.
Ana - namus, dəyanət,
Çörək - xeyir, bərəkət,
Çörək - qüvvət, mətanət.
Şair təbiətə, torpağa poeziya gözü ilə baxır:
Göylərin ürəyi nə yaman dolub,
Tökür sinəmizə göz yaşlarını.
Fələklər, mələklər uşaqmı olub,
Yoxsa unudublar öz yaşlarını?
Daşıbdır göylərin səbir kasası,
İstiqlal yoluysa deyildir rahat.
Ruhumla həmahəng yağış havası.
Yağış gözümdən də yağır bu saat.
Şairin sevgi və məhəbbəti də, düşüncə və duyğusu da, həyəcan və narahatlığı da təbiətdən durulanıb qalxır. Onun məhəbbət şeirlərində lirik "mən"in daxili bütövlüyü, tipik xarakteri bu əsasda daha çox açılır:
Onsuz da ömrümün xəzan çağıdır,
Xəzanın üstünə xəzan gətirmə.
Ürəyim mehə bənd gül yarpağıdır,
Onu qopartmağa tufan gətirmə.
Onsuz da gecikən vüsalımıza,
Gəl vaxtsız-vədəsiz hicran gətirmə.
Qabiləm rəhm elə əhvalımıza,
Aman istəmirəm, aman gətirmə.
Burda lirik səsin daxili fəryadı dağ çayına bənzəyir - axıb gedir, duruluq gətirir, əsl poeziyani yaradan da elə bu səsdir. Qabil poeziyasında şeiriyyəti yaradan ən başlıca cəhət özünəməxsus ahəngdarlıq, poetik axarlıq, fikrin muncuq kimi düzümü fikir və məzmunun aydın ifadəsidir.
Mən səni görməyə adət etmişəm,
Adət məhəbbət deyil!
Səni görməyəndə xiffət etmişəm.
Xiffət məhəbbət deyil!
Sənə min ehtiram, hörmət etmişəm,
Hörmət məhəbbət deyil!
Gözündə çağlayan mehribanlığa
Heyrət etmişəm.
Heyrət məhəbbət deyil!
Yalvarıram, sən
Məhəbbət umma məndən.
Hanı iqtidarım
Məhəbbətin tufanına sinə gərəm.
Gəncliyimi
Sənə qurban vermək üçün
Geri qaytarım?!
Geri qaytarım.

Şair kövrək hisslərdən də ictimai aləmə, geniş dünyaya üz tutmağı bacarır. Bu cəhət onun şeirlərinin təsir gücünü daha da artırır:
Şair yalnız şeir yazmaz,
Yazmaq üçün yazıb, pozmaz.
Haqsızlığa kim dözsə də,
Şair ölər, şair dözməz.
Qabilin lirikası çağdaş poeziyanın ən nikbin, inamlı və işıqlı cəhətlərini özündə əks etdirir. Ondakı səmimilik sənətkar mövqeyinin dolğun xarakterini yaratmağa çalışır. Təbiət gözəllikləri ömrü boyu şairi özünə çəkmişdir. O, təbiətin çovğununu, boranını ildırımını, yağışını, dənizini, çayını sevirdi:
Harda ümman görürəm
Sən yadıma düşürsən.
Mənim mavi Xəzərim!
Harda liman görürəm
Sən yadıma düşürsən
Mənim doğma şəhərim!
O, həyatın, insan ömrünün təzadlarını düşünən şair idi. Mübaliğəsiz demək olar ki, çətin məqamlarda, ən çıxılmaz vəziyyətdə belə onun harayına çatan öz poeziyası olub. Şair heç vaxt öz içinə çəkilib susmayıb. Ən çox sevdiyim şeiri isə "Səhv düşəndə yerimiz"dir:
Küt bıçaq parıldayıb,
Xırçıltı salıb.
Qılınc qında pas atıb.
Qında korşalıb.
Heyf... korşalırıq biz
Səhv düşəndə yerimiz.
Şeirlərinə qoşulub lap uzaqlara gedərəm. Amma tədqiqatçı deyiləm. Onun haqqında yazılan bütün kitabları sevə-sevə oxumuşam. İstəyirəm onunla bağlı canlı xatirələrimi danışım. Mən Qabil poeizyasına söykənəndə nədənsə kövrəlirəm. Uşaqlıq çağlarıma qayıdıram. Heç ağlıma gəlməzdi ki, illər keçər sevdiyim şairlə aramızda ata-bala münasibəti yaranar. O, gəncliyin əlindən tutan idi. Dəfələrlə rəhbərlik etdiyi "Sabir poeziya günləri"nə məni də dəvət edərdi. Bakıdan Şamaxıya, Şamaxıdan Bakıya qədər etdiyi məzəli söhbətlərinin şahidi olmuşam. O, hamıya qayğı və səmimiyyətlə yanaşardı. İnsanlara olan səmimiyyəti, təbəssümü özündən qabaqda irəliləyirdi. Yaxşı yadımdadır, AYB-də keçirilən "Payızın yanında gözlərsən məni" kitabımın təqdimatına dəvət etdim, "mütləq gələcəyəm" - dedi. Gəldi və səmimi çıxışı ilə məni ürəkləndirdi. Ana mövzulu şeirlərimə və qızıma yazdığım "Məndən sevgi şeiri istəyir qızım" şeirinə öz münasibətini bildirdi. Ölümündən bir neçə gün əvvəl görüşdük.
- Fərqanə, de görüm, səndən sevgi şeiri istəyən qızın necədir?
- Yaxşıdır, Qabil müəllim, hələ Sevgi adında bir qızı da var dedim. Qabil müəllim, mənim oğlum sizinlə bir gündə, 12 avqustda anadan olub - dedim, o isə zarafatla "o, yaşca məndən böyük olar" - dedi .
Qabil müəllimdən çox danışaram. Oğlumun onunla eyni gündə anadan olması bəlkə də şairə olan sonsuz sevgimdən irəli gəlib. Kaş bütün oğullar Qabil kimi əsl vətəndaş, səmimi, təvazökar, xeyirxah insan olsun! "Gedən yerim olaydı" - deyən şairin getdiyi yerə gec-tez hamı gedəcək. Əsas odur ki, alnıaçıq, üzüağ gedəsən, el qəlbində yaşamağı bacarıb gedəsən - şair Qabil kimi!
Xatirələrimin sonunda onun ölüm günündə yazdığım bir neçə bəndi də xatırlamaq istəyirəm:
Özünə arxa oldun,
Hər gün qabağa getdin.
Ömrü qələmə verdin,
Sözə sadağa getdin.
Günlü-aylı dünyadan,
Yaslı-toylu dünyadan,
Bu səs-küylü dünyadan,
Sakit otağa getdin.
Üzdün doğmanı, yadı.
Qaldı əbədi adın.
Getməyə yermi tapdın,
Yaman uzağa getdin...

{nl}

Ruhu şad olsun.

{nl}

Fərqanə MEHDİYEVA, "Ulduz" jurnalının poeziya şöbəsinin redaktoru

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim
July, 2025
Mon
Tue
Wed
Thu
Fri
Sat
Sun
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31

Hava haqqında