Ümumbəşəri sənətkar Müslüm Maqomayevin xatirəsi yad olunmuşdur

Avqustun 17-də - zəmanəmizin görkəmli müğənnisi, Azərbaycanın və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin doğum günündə böyük sənətkarın xatirəsi anılmışdır. 
Tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri Fəxri Xiyabana gələrək cənazəsi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Moskvadan gətirilərək Bakıda doğma torpağa tapşırılmış Müslüm Maqomayevin məzarını ziyarət etmiş, üzərinə təzə-tər güllər düzmüşlər.
Böyük sənətkarın xatirəsini yad etmək üçün Fəxri Xiyabana gələnlər arasında M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva, SSRİ xalq rəssamı Tahir Salahov, müğənninin həyat yoldaşı Tamara Sinyavskaya, məşhur iş adamı və tanınmış müğənni Emin Ağalarov da olmuşlar.
Anma mərasimində tanınmış kinorejissor, xalq artisti Eldar Quliyev, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, məşhur ukraynalı teatr rejissoru Roman Vityu və xalq artistləri Fidan və Xuraman Qasımova bacıları çıxış edərək M.Maqomayevin bənzərsiz sənətkarlığından, fitri istedadından, zəngin yaradıcılığından söz açmışlar.
Bildirilmişdir ki, Azərbaycan musiqi mədəniyyətinin inkişafında müstəsna xidmətləri olan böyük müğənninin nadir tembrli gözəl səsi, təkrarolunmaz səhnə ustalığı və nadir musiqi duyumu sənət aləmində atdığı ilk addımlardan onu milyonların sevimlisinə çevirmişdir.
Xüsusi vurğulanmışdır ki, Müslüm Maqomayev Azərbaycan ilə Rusiya arasında mövcud olan tarixi dostluq əlaqələrinin daha da möhkəmlənməsinə, iki ölkə arasında mədəni əlaqələrin inkişafına böyük töhfə vermişdir.
Musiqiçinin sərhəd bilməyən fenomenal populyarlığını qeyd edən natiqlər bildirmişlər ki, onun baritonuna həm ən çətin ariyalar, həm də ən lirik estrada mahnıları tabe idi. Müslüm Maqomayev yalnız musiqiçi olmamış, o, kitablar yazmış, şəkillər çəkmiş, filmlər yaratmışdır. Sənətkar hələ sağlığında insanların qəlbində özünə abidə ucaltmışdır.
Mərasimin sonunda çıxış edən sənətkarın ömür-gün yoldaşı Tamara Sinyavskaya bildirmişdir ki, Müslümün xatirəsinin belə böyük bir sevgi ilə anılması mənə mənəvi güc verir. Bütün bunları gördükdən sonra tam əminliklə deyə bilərəm ki, Müslüm Maqomayev heç vaxt unudulmayacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında