"Mədəniyyətimizin və mədəni incilərimizin hamisi" kitabı ingilis və ərəb dillərində

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın humanitar fəaliyyətindən bəhs edən "Mədəniyyətimizin və mədəni incilərimizin hamisi" kitabı ingilis və ərəb dillərində də işıq üzü görmüşdür. Bu, milli mədəniyyətimizin müasir inkişafını əks etdirən sanballı bir vəsaitin Azərbaycan və rus dillərindən sonra üçüncü və dördüncü nəşrləridir.
Tarix səhifələrində əbədi ömür yaşayan, xalqına başucalığı gətirən Azərbaycan qadını bütün dövrlərdə mövcud olmuşdur və bu gün də var. Müasir dövrümüzün qəhrəmanı isə hamının sevimlisi Mehriban xanım Əliyevadır. Mehriban xanımın adının əvvəlində gələn titulları saymaq, gördüyü işlərdən bəhs etmək fikrində deyiləm. Çünki bunları hamı bilir. Görünən dağa isə bələdçi lazım deyil. Mən bütün Azərbaycan qadınlarının fikrini, duyğusunu ifadə etmək istəyirəm. Mehriban xanımın özəlliyi ondadır ki, onu uşaqdan böyüyə hamı birmənalı şəkildə qəbul edir, sevir. O, hər bir ailənin ən sevimli üzvünə çevrilib. Məncə, bunun əsas səbəbi onun hədsiz mehribanlığı, mərhəməti, xeyirxahlığı, insanpərvərliyi və vətənpərvərliyidir. İnsanların həmişə ən çox ehtiyac duyduqları da bunlardır. Bu ehtiyacı ödəyənlər hər iki dünyanın ən böyük savab sahibləridir.
Mehriban xanım alicənablığı, xeyirxah əməlləri, davranışı ilə yeniyetmə qızlara, gənc analara ən gözəl örnəkdir. Hər kəs ona oxşamağa çalışır, hətta zahiri görünüşdə də, davranışda da onun kimi olmağa can atır. Bu ən gözəl tərbiyə məktəbidir.
Yeniyetmə gənclər, adətən, ya sevdikləri əsərin, filmin qəhrəmanına, ya da tanıdıqları, heyran olduqları insanlara oxşamağa çalışırlar. Bu mənada bu gün Azərbaycan qadınlarının özlərinə arxa, dayaq bildikləri, dərdlərini bölüb, sevinclərini paylaşmaq istədikləri mərhəmət, məhəbbət ünvanı Mehriban xanımdır.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın tərtib etdiyi və 2007-ci ildə çapdan çıxmış "Mədəniyyətimizin və mədəni incilərimizin hamisi" kitabında bütün bu deyilənlər parlaq əksini tapmışdır. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mehriban xanımın mədəniyyət sahəsində fəaliyyəti barədə ön söz yazmışdır. Lalə Kazımovanın layihəsi əsasında buraxılan bu nəşrdə materiallar 7 bölmədə qruplaşdırılmışdır. Çox böyük oxucu marağına səbəb olan kitab haqqında rəy söyləyənlər onun xarici dillərdə də çap olunmasını təklif edirdilər. Çox keçmədi kitab rus dilində çap olundu və təqdimat mərasimində çıxış edənlər bu nəşrin ingilis, fransız, ərəb və başqa dillərdə də işıq üzü görməsini arzuladılar.
Bu gün o arzular artıq gerçəkləşib və kitab həm ingilis, həm də ərəb dilində nəfis tərtibatda oxucularla görüşə gəlib. 743 səhifəlik kitabda Mehriban xanımın təşəbbüsü və iştirakilə keçirilən bütün mədəni tədbirlər, görüşlər, onun xarici və ölkədaxili səfərlərini işıqlandıran materiallar öz əksini tapıb. Kitabın ərsəyə gəlməsində Mədəniyyət və Turizm Nazirliyinin bölmə müdiri, tarix elmləri namizədi Lətifə Məmmədovanın, hüquq elmləri namizədi Əli Eyvazovun, Prezident Administrasiyası Kitabxanasının direktoru, əməkdar mədəniyyət işçisi Mail Əhmədovun da əməyi var.
Kitabı ərəb dilinə Allahverdi Mehdiyev, ingilis dilinə Elmar Hüseynov tərcümə ediblər. Ərəb dilində olan kitab Suriya Ərəb Respublikasının "Orien" kitab evində, ingilis variantı isə "Çinar-çap" nəşriyyatında çap olunub. Materialları, tədbir və görüşləri rəngli fotoşəkillər müşayiət edir. Dizayn, tərtibat, redaktə yüksək səviyyədədir. Kitabın xarici dillərdə çapının çox böyük mənəvi əhəmiyyəti var. Bu, hər şeydən əvvəl, Mehriban xanım kimi bir şəxsiyyəti yetirən xalqın böyüklüyünü əks etdirən güzgüdür. Bu güzgüyə baxan hər kəs Azərbaycan adlı bir məmləkəti, onun mənəviyyatını, mədəniyyətini görəcək.
Şübhəsiz ki, ərəbdilli oxucular Mehriban xanım kimi müsəlman - Şərq qadını ilə bir daha qürur duyacaq, iftixar hissi keçirəcəklər. İngilisdilli oxucular isə erməni şovinistlərinin bütün dünyada apardıqları antiazərbaycan təbliğatının puçluğunu, əsassızlığını anlayıb, əsl həqiqəti dərk edəcəklər. Bu, mədəni yolla mübarizədir və siyasi qələbələrə köməkdir. "Mədəniyyətimizin və mədəni incilərimizin hamisi" həm də kitab mədəniyyətimizin uğurudur. Bəşəri duyğuları, əməlləri əks etdirən bu kitabı oxuyan hər kəsin qəlbi Azərbaycan haqqında ən gözəl təəssüratlarla dolacaq.

{nl}

Xuraman İSMAYILOVA, əməkdar mədəniyyət işçisi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında