Qəbələ III Beynəlxalq Musiqi Festivalının iştirakçıları Şəkidə konsert vermişlər

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ III Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 3-də Şəki şəhərində səyyar konsert təşkil olunmuşdur. Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayının həyətində keçirilən konsertdə rayon ictimaiyyətinin nümayəndələri, musiqisevərlər iştirak etmişlər.
Konsert vokalçı Azər Rzazadənin ifasında italyan bəstəkarlarının əsərlərindən nümunələrin təqdim edilməsi ilə başlanmışdır. Sonra tamaşaçılar qarşısında vokalçılardan Səbinə Əsədova Üzeyir Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasından Asyanın mahnısı və Cavid Səmədov Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən nümunələrlə çıxış etmişlər. Vokalçıları pianoda respublika və beynəlxalq müsabiqələr laureatları Kəmalə Neymanova və Səidə Tağızadə müşayiət etmişlər.
Xanəndə Rəvanə Ərəbovanın ifasında "Sarı gəlin" xalq, Səid Rüstəmovun "Getmə-getmə" mahnıları, habelə "Mahur" və "Şur" təsnifləri tələbkar Şəki tamaşaçıları tərəfindən alqışlarla qarşılanmışdır. Xanəndəni tarda Rövşən Qurbanov, kamançada Ceyhun Muradov, nağarada Amil Mustafayev müşayiət etmişlər.
Konsertin sonunda şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova çıxış edərək Qəbələdə keçirilən III Beynəlxalq Musiqi Festivalının Azərbaycanın mədəni həyatında çox əlamətdar hadisə olduğunu diqqətə çatdırmışdır. Natiq bu möhtəşəm musiqi bayramının əhəmiyyətindən danışmış, festival çərçivəsində konsertlərdən birinin məhz Şəkidə təşkil edilməsinə görə tədbirin təşkilatçısı olan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya şəkililər adından dərin minnətdarlığını bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında