Məşhur "Qorxma, mən səninləyəm" macəra filminin davamı çəkiləcək

Yeni ekran əsərinə də görkəmli rejissor, həmyerlimiz Yuli Qusman quruluş verəcək

{nl}

1981-ci ildə lentə alınmış və qısa vaxtda keçmiş SSRİ-də populyarlaşan "Qorxma, mən səninləyəm" macəra filminin davamının çəkilişlərinə hazırlıq işləri başa çatmışdır. Filmin ikinci hissəsi də Moskvada yaşayan həmyerlimiz, Azərbaycanın xalq artisti, Rusiyanın Əməkdar incəsənət xadimi, görkəmli rejissor Yuli Qusmanın quruluşunda lentə alınacaqdır. 
Çəkilişləri avqustda başlanacaq film "Qorxma, mən səninləyəm - 1919" adlanır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə cərəyan edən hadisələri ekranlarda canlandıracaq filmin süjet xətti o dövrün sevgi macərası üzərində qurulmuşdur.
Yeni filmin çəkilişləri ilə bağlı Y.Qusman Bakıya gəlmişdir. Səfər çərçivəsində görkəmli rejissor Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) "Bakının qonaqları" müəllif verilişinin qonağı olmuş və yeni ekran əsəri ilə bağlı ətraflı məlumat vermişdir. Filmin ikinci hissəsini səbirsizliklə gözləyən çoxsaylı tamaşaçı marağını nəzərə alaraq AzərTAc Y.Qusmanın verilişdə söylədiyi fikirlərin bir sıra məqamlarını təqdim edir.
Həmişəki kimi, doğma Azərbaycana olan sonsuz sevgisini dilə gətirən Y.Qusman bildirmişdir ki, 30 ildən çoxdur Moskvada yaşamasına və tez-tez xarici ölkələrdə səfərlərdə olmasına baxmayaraq, doğulub boya-başa çatdığı Bakını heç vaxt unutmur, Azərbaycan həqiqətlərinin təbliğinə xüsusi önəm verir.
"Qorxma, mən səninləyəm" filminin ikinci hissəsinin çəkilməsini çoxdan arzulayan və bu istəyini 30 ildən sonra reallığa çevirməyə hazırlaşan rejissor demişdir ki, birinci film də xalqımızın necə qəhrəman, şən, musiqisevər, xoşbəxt bir xalq olduğunu göstərmək istəyi ilə lentə alınmışdır. İndi isə Azərbaycan haqqında yenidən nə isə demək imkanı yaranmışdır. Filmin ikinci hissəsindəki intriqalar daha dramatik və təhlükəlidir. Söhbət yalnız qız qaçırılmasından yox, qara qüvvələrin Azərbaycanda demokratiyaya qarşı üsyanından gedir. Yeni ekran əsərində məşhur bəstəkar-müğənni, xalq artisti Polad Bülbüloğlunun canlandırdığı Teymur obrazı bu dəfə tamaşaçılara həm deputat, həm də böyük bəstəkar kimi təqdim olunacaqdır. İki qızı olan Teymurun həyat yoldaşının obrazını isə yenə də Həmidə Ömərova ifa edəcəkdir.
Y.Qusman bildirmişdir ki, filmdə təhlükəli sərgüzəştlərlə yanaşı, iki gənc qəhrəmanın məhəbbəti də öz əksini tapacaqdır. "Romeo və Cülyetta"da olduğu kimi, onlar da iki düşmən tərəfin övladlarıdır. Bir-birini sevən qızla oğlanın hər ikisinin ataları deputatdır. Amma biri bəstəkar-deputat, o biri isə quldur-deputatdır. Qızın adı Şirin, oğlanın adı isə Fərhaddır.
Bir qərinədən sonra filmdə yenə də məşhur rusiyalı aktyor Lev Durov, görkəmli azərbaycanlı bəstəkar-müğənni Polad Bülbüloğlu və sirk artisti Muxtarbek Kentemirov görüşəcəklər. "Qorxma, mən səninləyəm - 1919" filminin ilk çəkilişlərinin avqustun 23-də aparılacağı nəzərdə tutulmuşdur.
Filmin birinci hissəsində rol almış böyük korifeylərimiz Həsənağa Turabov və Mirzə Babayev kimi sənətkarların əvəz edilməsinin mümkün olmadığını vurğulayan Y.Qusman yeni ekran əsərinə gənclərin də cəlb edildiyini demişdir.
Ekran əsərinin çəkilişləri ilə bağlı maliyyə problemlərinin də olduğunu söyləyən rejissor bildirmişdir ki, lazımi qədər vəsait toplanmasa da, o, Napoleon kimi döyüşə getməyə qərar vermişdir. Maliyyə problemləri ilə tanınmış prodüserlər məşğuldurlar. Bu qrupa məşhur film istehsalçılarından olan Nadir Əliyev, Timur Vaynşteyn, Aleksandr Nasimov və başqaları daxildir. Filmin quruluşçu operatoru Rusiyanın xalq artisti, Dövlət Mükafatı laureatı Vadim Alisov, rəssamı isə Tahir Tahirovdur. Artıq film üçün kostyumlar tikilir, dekorasiyalar hazırlanır.
Y.Qusman bir məqamı da xüsusi qeyd etmişdir ki, bu ekran əsəri hər bir tamaşaçıda müstəqil Azərbaycanın bugünkü sürətli inkişafı ilə bağlı dolğun təsəvvür yaradacaqdır.
Filmdə Azərbaycan aktyorları ilə yanaşı, Rusiyanın tanınmış sənət adamları da rol almışlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında