Yeni kitab

Nəğməli könüllərin ölməz dünyası

{nl}

Jurnalist-musiqiçi, UNİSEF  və “Qızıl qələm” mükafatları laureatı Rafiq Salmanovun yeni işıq üzü görmüş  “Mənim könlüm deyir ki...” kitabı  müəllifin musiqisevərlə üçüncü  görüşüdür. Kitabda toplanmış oçerk, portret, müsahibə və müxbir qeydlərinin əksəriyyəti dövrü mətbuatdan oxuculara məlum olsa da, toplu halında professional musiqi ifaçılığımızın dünəni, bugünü və sabahı barədə əhatəli sənədli əsər təsiri bağışlayır. Ayrılıqda hər bir yazının hədəfi konkret bir sənətkardırsa, toplunun ünvanı milli musiqimiz, onun özəlliyi, bəşər musiqi xəzinəsindəki yeri və dəyəridir.

{nl}

Xalqımız tarix boyu öz düşüncələrini sözə, duyğularını musiqiyə kifayət qədər incəliklə, kamilliklə çevirə bilib. Dastanlarımızda deyildiyi kimi, ustadlarımız qəlbindəkiləri başqalarına sözlə də, sazla da eyni məharətlə çatdırmağı bacarıblar. Min illərdən süzülə-süzülə, cilalana-cilalana gələn milli musiqi yaradıcılığı XX əsrdə professional musiqimizin banisi  Üzeyir Hacıbəyovun tədqiqi, təfsiri və verdiyi yönlə yeni bir keyfiyyət halına gəlib. Xalq musiqisi əsasında yaranan bəstəkar yaradıcılığı, peşəkar ifaçılıq  musiqimizi zənginləşdirib, kütləviləşdirib, dünyaya çatdırıb.

{nl}

Rafiq Salmanov milli musiqimiz barədə bir neçə dəyərli kitabı ərsəyə gətirən yetkin bir müəllifdir. O,  uşaqlığından ədəbiyyata, musiqiyə, incəsənətin digər sahələrinə bələdlik və məhəbbət ruhunda tərbiyələnib. Söz və foto sənətinə bağlılığı isə  günlərin birində onun həyat yolunu mətbuata yönəldib. “Azərbaycan pioneri” və “Vışka” qəzetlərində, “Azərbaycan qadını” jurnalında fotomüxbir işləyib. 1991-ci ildə respublikanın öncül nəşri olan “Xalq qəzeti”nə dəvət alıb. Bu qəzetdə Rafiqin təkcə fotomüxbir məharəti deyil, həm də milli musiqimizə  dərin bələdliyindən doğan publisistik qabiliyyəti axarına düşüb. Ünlü musiqi ifaçılarımız barədə  bu qəzetdə  dərc olunan silsilə yazılar “Sizi məndən soruşsalar” və “El sevsə sənətkarı”  kitablarına çevrilib.

{nl}

“Mənim könlüm deyir ki...” kitabı  Rafiq Salmanovun milli musiqi ifaçılığımızın yaşlı nəslini təmsil edən  Habil Əliyev, Əlibaba Məmmədov, Arif Babayev, Fatma Mehrəliyeva, Ramiz Hacıyev,  Məmmədağa Muradov, Teyyub Dəmirov, Sərvər İbrahimov, İslam Rzayev, Elmira Rəhimova, Əliağa Quliyev, Qulu Əsgərov, Əhəd Əliyev (Kor Əhəd) barədə yazıları aparıcı yer tutur. Topluda orta nəsil musiqiçilərimiz Ağadadaş Ağayev, Nisə Qasımova,  Zaur Rzayev, Zamiq Əliyev,  Razi Şükürov, Səfa Qəhrəmanov və bir çox digər sənətçilər təmsil olunub. Müəllif milli musiqimizin parlaq sabahına ümid yaradan gənc ifaçılara da geniş yer verib. Toplunun diqqətçəkən bir  cəhəti də ondadır ki, burada bir çox sevimli xanəndə və ifaçıların xatirə və yubiley tədbirləri də öz əksini tapıb. Yeni kitab da maraqla  oxunacaq, ondan bir dərs vəsaiti  kimi musiqi təhsili ocaqlarında istifadə olunacaq.

{nl}

Milli Konservatoriyanın rektoru, professor, xalq artisti Səyavuş Kərimi topluya yazdığı “Ön söz”də onun başlıca məziyyətini belə açıqlayır: “Kitabdakı hər bir yazı sevimli sənətkarlarımız barədə faktik materialın zənginliyi, təqdimat formalarının rəngarəngliyi, müəllif təhkiyəsinin rəvanlığı, dil-üslub şirinliyi ilə diqqəti cəlb edir. Dialoqlar, epizodlar canlılığı ilə seçilir. Yazılarda musiqi incəsənətimizin ağrılı məsələləri, onu inkişaf etdirmək, zənginləşdirmək yolları, mədəniyyətimizə göstərilən dövlət qayğısı, çağdaş oxucu və dinləyiciləri düşündürən suallar ardıcıl yer alıb, mövzulara aktuallıq gətirib. Heydər Əliyev Fondunun, şəxsən onun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən muğam müsabiqələri, eləcə də ölkəmizdə ilk dəfə keçirilən Beynəlxalq Muğam Festivalı haqqında maraqlı yazı və fotogörüntülər də yeni kitabda geniş yer tutmuş, onun daha oxunaqlı və baxımlı olmasını təmin etmişdir”.

{nl}

Kitabın redaktoru ədəbiyyatşünas İlham Abbasovdur. Yüksək poliqrafik icrada işıq üzü görən kitaba Azərbaycanın musiqi həyatını əks etdirən bir sıra nadir şəkillər daxil edilmişdir. Bu dəyərli nəşrin çapına milli-mənəvi dəyərlərimizə sıx bağlı olan, xeyirxah işləri ilə tanınan Bakı Metropolitenin rəisi Tağı Əhmədov kömək etmişdir.

{nl}

Rafiq Salmanovun 60 illik ömrünün son 20 ilinin məhsulu olan əvvəlki kitablar  ifaçılıq tariximizlə maraqlananlar, musiqi təhsili alan gənclərimiz, bütövlükdə, musiqisevərlər üçün gərəkli mənbədir. Yeni kitab  isə bu baxımdan daha əhatəli, bitkin təsir bağışlayan samballı bir nəşrdir.

{nl}

Elə güman edirik ki, Rafiq Salmanovun “Mənim könlüm deyir ki...” kitabı da “Sizi məndən soruşsalar” və “El sevsə sənətkarı” kitabları kimi milli musiqimizin təbliği işinə xidmət edəcək.

{nl}

{nl}

Tahir AYDINOĞLU, “Xalq qəzeti”

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında