Aviasiya muzeyləri

18 may Beynəlxalq Muzeylər Günüdür

Dünyada muzeylər o qədər çoxdur ki, hətta beynəlxalq muzey təşkilatları da onların dəqiq sayını müəyyən etməkdə çətinlik çəkirlər. Bu, muzeylərin çoxsaylı sahələri əhatə etmələri, müxtəlif kateqoriyalara bölünmələri, habelə dünyanın hər yerinə "səpələnmələri" ilə əlaqədardır. Lakin bu sıxlıq cərgəsində elə muzeylər də var ki, onlar barmaqla sayıla biləcək dərəcədə azdır. Aviasiya muzeyləri belələrindəndir.
"Dəmir quşlar qəfəsdə"
"Aviasiya" anlamı latınca quş mənası verən "avis" sözündən yaranmışdır. İndinin özündə də bəzi uçan aparatları "avis", yəni "quş" adlandırırlar...
Fransadakı Le Burje muzeyi həm yaşına, həm də eksponatlarının qədimiliyinə görə ən qocaman aviasya muzeyi hesab olunur.
Yaranma tarixi 1879-cu ilə aid olan "Massia-Biot" planeri muzeyin qədim eksponatları arasında xüsusi yer tutur. O bu gün də havaya qalxıb, quş kimi süzməyə hazırdır. Le Burje Aviasiya Muzeyi Paris şəhəri yaxınlığındakı keçmiş aerovaqzal kompleksində yerləşir.
Amerika Birləşmiş Ştatlarının Arizona ştatında Hərbi- Hava Qüvvələrinə məxsus olan "Bone Yard" dünyanın ən nəhəng aviasiya muzeyi sayılır. Burada dünyanın müxtəlif ölkələrində istehsal olunmuş, aviasiya əsrinin ayrı-ayrı mərhələlərində istifadə edilmiş uçan aparatların nümunələri nümayiş etdirilir. Açıq səma altında onlarca hektar sahəni əhatə edən muzeydə "avislərin" (metal "quşların") təyinat və kateqoriyalar üzrə son dərəcə orijinal düzülüşü heyrət doğurur. Ən maraqlısı odur ki, buradakı eksponatların yarıdan çoxu "işlək" vəziyyətdədir. Başqa sözlə, hər biri kiçicik sazlamadan sonra səmaya qalxa, öz funksiyasını yerinə yetirə bilər.
Arizona nəhəngi həm də ölkəyə çoxlu gəlir verir. Hər həftə burada ekskursiyalar təşkil olunur. Tamaşaçılar 20-ci əsrin hərbi aviasiya texnikasına böyük maraq göstərirlər. Əlbəttə, muzeyin bölmələrini səmadan seyr etmək istəyənlər də az olmur.
ABŞ-ın Sietl şəhərindəki aviasiya muzeyi "Boeinq" şirkətinin ilk məkanlarından birində, geniş anqarda yerləşir. Odur ki, bəzən ona "Anqar-Muzey" də deyirlər. 1965- ci ildə "Boeinq" şirkəti tərəfindən yaradılan bu ekspozisiya dünyada ilk fərdi, yaxud şəxsi aviasiya muzeyi kimi qeydə alınmışdır. Muzeydə bir sıra nadir eksponatlar, o cümlədən Birinci və İkinci dünya müharibələrində istifadə olunan təyyarələrin nümünələri diqqəti çəkir. Həmin təyyarələri istehsal edən dövlətlər arasında ABŞ-la yanaşı, Almaniya, Rusiya, Yaponiya və digər ölkələr vardır. Muzeyin bölmələrində "sahibkar" şirkətin, yəni "Boeinq"in inkişaf mərhələlərini əks etdirən fotolar, sənədlər və təyyarə nümunələri nümayiş etdirilir.
Kiyev Aviasiya Muzeyi gənc olmasına (2003) baxmayaraq , keçmiş sovet məkanında mövcud olan aviasiya muzeyləri sırasında birincilik qazanmışdır. O, bu şərəfə əhatə dairəsinin böyüklüyünə, eksponatlarının zənginliyinə və orijinallığına görə nail olmuşdur. Açıq səma altında 20 hektar ərazini əhatə edən muzeyin bölmələrində hərbi, mülki, yük-nəqliyyat və dəniz aviasiyasının nümunələri toplanmışdır. Ekspozisiya yeni eksponatlar hesabına daim genişlənir və zənginləşir.
Kiyev Aviasiya Muzeyinin əsas məziyyətlərindən biri odur ki, digər aviasiya muzeylərində olmayan nadir nümunələri burada görmək olar.
Kiyev Aviasiya Muzeyini addaşlarından fərqləndirən daha bir cəhət : dünyada ilk muzeydir ki, "TU-22" markalı strateji bombardmançı təyyarələrin kolleksiyasını toplayıb, tamaşaçıların ixtiyarına vermişdir.
Baltik sahilində yeganə
Riqa Aviasiya Muzeyi də açıq tipli muzeylərdəndir. Onun başa gəlməsinə 40 il vaxt sərf olunmuşdur. Muzeyin yaranma tariixi 1965-ci ildə əsası qoyulan Gənc Pilotlar Məktbinin tarixi ilə sıx bağlıdır.
Baltik sahili ölkələrində yeganə, Avropada isə məşhurlardan olan Riqa Aviasiya Muzeyi 1997-ci ildən etibarən müstəqil fəaliyyətə başlamışdır.
Əsas ekspozisiyası sovet aviasiyası texnikasından ibarət olan və özünü maliyləşdirə bilən bu muzey Riqa Beynəlxalq Hava Limanının ərazisində yerləşir. Gün ərzində yüzlərlə tamaşaçı qəbul edir.
Azərbaycanda Mülki Aviasiya Muzeyi
Dünyada örtülü şəraitdə, başqa sözlə, tavan altında fəaliyyət göstərən aviasiya muzeyləri çox deyil. Belə muzeylərin xüsusiyyəti ondan ibarətdir ki, ekspozisiyada aviasiyanın texniki potensialına deyil, tarixinə dair eksponatlara üstünlük verilir. Azərbaycanda yaradılmış Mülki Aviasiya Muzeyi də bu qəbildəndir. Onun on bölmədə yerləşdirilmiş ekspozisiyası Azərbaycanda aviasiyanın yaranmasından və inkişaf mərhələlərindən bəhs edir.
Bu muzey struktur cəhətdən Sankt-Peterburq Mülki Aviasiya Muzeyinə bənzəyir. O da örtülü məkanda (bəzi bölmələri istisna olmaqla) fəaliyyət göstərir, əsasən Rusiya aviasiyasının tarixini əks etdirir. O, Aviasiya Akademiyası ilə "Pulkovo" aviamüəssisəsinin bazasında yaradılmışdır, başlıca missiyası Akademiyanın müdavimlərinə xidmət göstərməkdir. Bizim muzey isə "AZAL"-ın və Azərbaycan Milli Aviasiya Akademiyasının törəməsidir, əsas vəzifəsi də aviasiya tariximizi gənc aviatorlara təlqin etməkdir. Əlbəttə, bu iki muzey arasında oxşar cəhətlər olduğu kimi, onları fərqləndirən amillər də çoxdur. Sankt-Peterburq Mülki Aviasiya Muzeyinin fəaliyyət dairəsi və imkanları xeyli genişdir...
MAM-ı aviasiya muzeyləri ailəsində "sonbeşik" də adlandırmaq olar. O, çox gəncdir. 2005-ci ildə təməli qoyulub, 2008-ci ildə istifadəyə verilib. Az müddət ərzində milli aviasiya tariximizin qaranlıq səhifələrinə işıq saçan nadir eksponatları toplayıb, geniş ictimaiyyətin diqqətinə çatdırdığına, habelə tamaşaçılara xidmət növlərini təkmilləşdirdiyinə görə muzeylər arasında nüfuz qazanıb. Hazırda fond ehtiyatı 7,5 mini ötən Mülki Aviasiya Muzeyinin tələbə-tədris ocağına çevrilməsi, məktəblərlə sıx əlaqə və şagirdlərə təmənnasız xidmət, habelə səyyar ekspozisiyaların təşkili, əlamətdar hadisələrin tədbirlər və sərgilərlə müşaiyət olunması, aviasiyamız və aviatorlarımızla əlaqədar çoxsaylı bukletlərin, kataloqların nəşri, aviasiyamızın tarixinə dair Azərbaycan və rus dillərində biblioqrafik göstəricilərin çapa hazırlanması - bütün bunlar "sonbeşik" muzeydə görülən işlərin tam siyahısı deyildir. Şübhəsiz, yaxın zamanlarda respublikamızda açıq tipli aviasiya muzeyi də fəaliyyət göstərəcəkdir. Aydın səma altında, mənzərəli ərazidə qərar tutacaq bu ekspozisiyanın tamaşaçıları dünya aviasiyasının seçmə nümunələri ilə yanaşı, Azərbaycan aviasiya sənayesinin məhsullarını da iftixarla seyr edəcəklər...

{nl}

Yusif KƏRİMOV, əməkdar jurnalist


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında