Xalq şairi tituluna, Sosialist Əməyi Qəhrəmanı fəxri adına, müxtəlif dövlət mükafatlarına sahiblənən, yüksək zirvələr fəth edən ədəbiyyat fədaisi. Onu necə istəsən adlandırmaq olar - ictimai xadim, xalq duyğularının qorxmaz ifadəçisi və... Onun həyatını bütün epitetlərlə ifadə etmək olar. Rəsul Rzanın həyatı, ictimai fəaliyyəti, yaradıcılığı şərəfli bir örnəkdi. Eynən öz poeziyası kimi.
Rəsul Rza 50-ci illərin əvvəlində Stalin mükafatı almışdı. Onun həyat yolu Cavid, Müşfiq kimi yarı yolda qırıla da bilərdi... Tanrı qorumasaydı.
1910-cu ildən sonra başlanan ömrün anları o qədər çox və keşməkeşlidir ki, onun ömür yolu və yaradıcılığı ilə tanışlıq zamanı heyrət etməmək olmur: O, otuzuncu illərin repressiya dəhşətlərindən keçib, otuz-əllinci illərin ədəbi-mədəni həyatında fəal iştirak edib, ölkəmizin yüksəlişinə böyük töhfələr verib.
O, milli-mədəni oyanışın, özünüdərkin, intibahın istedadlı tərənnümçüsü idi. 30-cu illərin əvvəlindən poeziyamızda sərbəst şerin yaradıcısı kimi tanınmaq haqqını qazanıb.
Paradoksal haldır ki, Rəsul Rza ən çox güvənilən və ən çox tənqid edilən bir yazar idi. Onun haqqında donoslar yazılırdı. Moskva "inkvizisiyasına" yazılan bu donoslar o dövrdə hər bir sovet vətəndaşının, xüsusilə də ictimai xadimin, qələm adamının ölüm təhlükəsi ilə üz-üzə qalması demək idi. Üstəlik həmkarlarının kəskin hücumları, tənqidləri də səngimirdi-Azərbaycan şeirinin heca vəznini pozduğuna görə. Həddindən artıq cəsarətinə və sərbəstliyinə görə poeziyamızın sərbəst şairini "canlı klassiklər" - ağır oturub batman gələn bürovuzçular təbii ki, bəyənə bilməzdilər. Qısqanclıqlar mətbuatda vaxtaşırı yer tutan kəskin tənqidlərlə büruzə verilirdi.
Rəsul Rza artıq 50-ci illərdə - yaradıcılığının çiçəklənən dövründə, yazmaq -yaratmaq eşqinin ən yüksək zirvəsində bütün bu olanlara qalib gəlməyə çalışırdı: həm yazır, həm mübarizə aparır, həm təssüflənirdi.
...Göytəpə kəndinə hay düşür ki, sarı dana xəstələnib. Baytar, briqadir, sədr, partkom bir sözlə, hamı səfərbər olur. Ayaqlarına isti su gətirirlər, qulaqlarına dərman tökürlər. Sağıcı Gülxara günlərlə sarı dananın yanından ayrılmır, gecə-gündüz ona qulluq eləyir. Ev-eşik, külfət-uşaq unudulur. Bəs necə, dana ölsə, plan kəsirdə qalar.
{nl}
...Əhvalat uzundur, nə deyim.
Bəsdir bunu desəm:
dana ölmədi azardan
Ancaq Gülxaranın
qaragöz kiçik qızı...
Beşcə qulac bez aldılar bazardan.
{nl}
Quyruğunu qoyub belinə
qaçır, tullanır sarı dana indi.
Ancaq soruşan yoxdur,
Yaşıl otlar içindəki
O balaca qəbir kimindi?!..
{nl}
Şeirdəki həqiqətə kölgə sala bilmədiklərindən müəllifi antisovetçilikdə, millətçilikdə, formalizmdə və başqa "izm"lərdə günahlandırdılar.
60-cı illərin əvvəlində Azərbaycan poeziyasına həm forma, həm də məzmunca yeni şairlər nəsli gəlsə də, sovet tənqidi Rəsul Rzanı hədəfdən yayındırmırdı. Şair bu gün də ən kəskin tənqidlərə tuş gələn müəlliflərdəndir. Demək müəllifin müdrikcəsinə söylədiyi "mübarizə bu gün də var, yarın da" kəlmələri öncəgörmə, zamanı qabaqlama, gələcək zamanla -21 əsrlə yaşamaqdan xəbər verirdi:
{nl}
Mübarizə
{nl}
bu gün də var,
yarın da.
Mən də onun
ən ön sıralarında...
{nl}
Ədəbiyyata qədəm basdığı ilk gündən ömrünün sonuna qədər Rəsul Rzanı günahlandıranlar, tənqid və ittiham edənlər həmişə olub və bu hücumlar indi də davam edir.
Əllinci-yetmişinci illərdə Rəsul Rzanın bir-birinin ardınca yazdığı şeirlər öz ictimai kəsərini, aktuallığını qətiyyən azaltmadan daha dərin fəlsəfi və ictimai məna kəsb edirdi. Onu tənqid edənlərə şairin şeirləri ən tutarlı və dolğun cavabdır:
{nl}
"Söyün, şair, söyün!
Səni bəyənmir Ağsöyün".
Bu geri yol,
xatirələr yolu
ağrılı, inciklidir
hadisələr, olmuşlar
böyüklü, kiçiklidir..."
{nl}
Onun yaradıcılığında, solmaz şerlərində əbədiləşən tarix, dövr, zaman və bu zamanın əhatə etdiyi hadisələr öz aktuallığını itirməyib. "Ana qaz" şeiri ilə fikrimi əsaslandırıram:
{nl}
"Qazın yeddi balası vardı,
Qonaq gəldi
Ev yiyəsi birini kəsdi,
Dedi: altısı qalır bəsdir!
Gecə bala qaz,
boynunda qan-qırmızı lenta
girdi ana qazın yuxusuna.
{nl}
Dəli bir külək əsdi,
Bir bala düşdü su quyusuna.
Beşi qaldı.
{nl}
Səhər ikisini
qonşu satın aldı.
Qonşusunun arvadı dedi:
-İti bıçaq götür, a kişi,
Yazığı incitmə, çığırtma.
Ocağı gur qaladı,
Günortaya hazır oldu çığırtma.
{nl}
Ev sahibi bala qazın
birini də kəsdi.
Dedi: -ikisi qalır bəsdir.
İkisindən birini tülkü apardı,
Qaldı biri,
Onu da it boğdu diri-diri.
{nl}
Balaları yox olandan bəri,
gecələr tez-tez
Qaz yuxudan ayılırdı,
Baxırdı oyan-bu yana
Bəlkə balasından biri qalıb
Bəlkə quyuya düşən
diri qalıb,
Kim bilir bəlkə
adam dili bilsəydi
Ömrü boyu ağı deyərdi..."
{nl}
Ötən əsrin şairini vəznsiz, qafiyəsiz yazmaqda günahlandıran müasirləri bu gün yaşasaydılar şahidi olardılar ki, tənqid etdikləri şeir bir əsr sonra da öz aktuallığını itirməyib: insan cəmiyyəti hələ də canlı təbiətlə münasibətlərini tənzimləməkdə əziyyət çəkir, çırpınır, yollar arayır-heyvanlara qayğı və onları müdafiə cəmiyyətləri təsis edir, ət yeməkdən imtina edir, problem isə həll olunmur ki, olunmur.
Və şairin əksər şeirləri beləcə cağdaşlığını itirmir. Rəsul Rzanın şeirləri zamanın küləyindən qorunmur, əksinə küləyə bürünməklə zaman keçdikcə yaşayır, böyüyür, insanın həyat fəlsəfəsinə çevrilir.
{nl}
"Rənglər" silsiləsi
Stalin represiyyasından sonra sovet inkviziatorunun ölümü ilə yaranmış azadlıq havasında qələmə alınmış bu şeir indi də dünyanı dolanmaqda və ədəbiyyatsevərləri heyrətləndirməkdədir.
{nl}
...rənglər xatirələr oyadır,
duyğular oyadır.
Gördüyümüzdən artıq
görmək istəməsək,
Hər rəng adicə boyadır.
Rənglərin də musiqi
kimi ahəngi var.
Ağrının, sevincin, ümidin də
rəngi var.
Düşündükcə açılır,
əlvan səhifələri rənglərin.
Canlanır gözümüzdə rəngi
Ömrün, mübarizənin,
qəlbin, nifrətin,
gecənin, səhərin
və insan taleyinin... "
{nl}
"Rənglər" silsiləsindən poetik misraların sayını artırmaq çətin deyil, onun fəlsəfi və ictimai mənasından və yükündən danışmaq da.
Bənzərsiz bir şair, Azərbaycan poeziyasının novatorlarından biri Rəsul Rza dünənin-əllinci, altmışıncı, yetmişinci illərin, eyni zamanda, bu günün- yeni əsrin şairidir.
Rəsul Rza XX əsrdə doğulub, XX əsrdə həyatını başa çatdırsa da, onun poeziyası bu günümüzün, çağdaş ədəbiyyatımızın övladıdır.
Şair sovet Azərbaycanının deyil, yeni Azərbaycanın-azad fikir və düşüncəsi uğrunda həyatını damla-damla şeirə çevirib milli poeziyamıza töhfə edən müstəqil vətənimizin şairidir.
Vərəqləyirəm Rəsul Rzanın kitablarını. Bəşərin düşüncələri, insan dərdi, təbiətin problemlərindən doğan suallar, həyatın gətirdiyi arzular və nəhayət... Rəsul Rza poeziyasının nəhayəti yoxdur. O hələ də mübarizədə, döyüşməkdədir.
Böyük millət olmağın mübarizə yolu davam etdikcə o yaşayacaq, bizimlə qalacaq və həmişə də mübarizənin ən ön sıralarında olacaq!
Bu gün onun sözü ilə rəqibimizə cavab verir, üstümüzə qalxanı susdura biliriksə demək o öz sözü və hikməti ilə yaşayır və sıralarımızdadır:
"Mübarizə bu gün də var, yarın da. Mən də onun ən ön sıralarında!!!"
{nl}
Ənvər SEYİDOV, hakim, professor
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.