Yeni bir rübai rüzgarı əsdi...

Nübar nümunələrinin sorağı uzaq əsrlərdən, Rudəki, Xəyyam, Nizami və Məhsəti Gəncəvilərin qələmindən süzülüb gələn rübai yığcam şeir formalarındandır. Bu ərəb sözünü mənalandırmaq istərkən özüm də bilmədən kökündə gördüyüm "rübb" sözünün üstündə dayandım. Çox ola bilsin ki, yanılıram, amma ağlım deməsə də, ürəyim deyir ki, bəlkə də "rübai" ərəbcə meyvə şirəsi anlamını verən "rübb"dən rişələnir. Axı, meyvə şirəsi, necə deyərlər, damla-damla toplandığı kimi, rübai də cəmi dörd damla - misranın dadından doyulmayan bitkin bir bəhəridir.
Əfsus, gəncliyimin dövranı getdi,
Ömrümün xoş bahar zamanı getdi.
Gənclik dedikləri o quş bilmirəm,
Nə zaman tərk edib bu canı getdi.
Əsasən şair taleyinin dərd çeşnili xırdaca həsrət xalçaları kimi toxunan rübailər zamanımızda bir elə populyar olmasa da, Vaqif Yusifli demişkən, şeirimizin xəritəsində öz yerini itirməyib. Vaxtilə Nəsiminin, Füzulunin də sevdikləri bu "nərmənazik", türfə gözələ Mikayıl Müşfiq, Mirmehdi Seyidzadə, Qabil də könül veriblər. Bu gün Qəhrəman Əli, Rəfail Laçınlı kimi yazarların qələmlərini rübaidə sınamaları göstərir ki, uzun əsrlər belə onun "hüsnü-camal"ını poza bilməyib. Bir də ki, forma əsas deyil, köhnə havalarda da təzə nəğmələr ötə bilmək əsasdır.
İki il öncə Lerikdə yaşayıb-yaradan qələm dostum Qəhrəman Əlinın "Ürəyimin dünya dərdi" adlı kitabında toplanmış 400-ə yaxın rübaisini maraqla oxudum. Dağlar qoynunda torpaqla həsbi-halda olan, bağçasında ətirli güllər bitirən, arı işlədib bal çəkən şairin könül dəftəri bal kimi şirin rübailərlə doludur.
Rəfail Laçınlı da dağlar oğludur. Didərginlik taleyi onu Sumqayıta gətirib çıxarsa da, şeirlərində "Laçın dağlarından gələn sərin bir meh əsir". O da əsrin rübai rüzgarına qoşulub.
Təsadüfə baxın ki, bu ilin əvvəlində "Araz" nəşriyyatında klassik Ömər Xəyyamın, "Nurlan" nəşriyyatında isə soydaşımız Rəfail Laçınlının eyni adda kitabları - "Rübailər" işıq üzü görüb. İnamla demək mümkündür ki, 60 yaşlı Rəfailin kitabı da 1000 yaşlı Xəyyamın kitabı kimi Azərbaycan oxucusunun qapısını ərklə aça biləcək səviyyədədir.
Həyat ilhamımı zahir eylədi,
Rübai yazmaqda mahir eylədi.
Xoşbəxt günlərimdən yazdım, nə fayda,
Yandırdı dərd məni, şair eylədi.
Rəfail şeir yazmağa çox gənc yaşlarından başlasa da, ədəbi mühitə qırx yaşını keçəndən sonra qədəm qoyub. Misal gətirdiyim rübaidə o, məhz qırx yaşından sonra tuş gəldiyi Laçın itkisindən, oğul faciəsindən və onu vaxtsız tərk etmiş ömür-gün dostu ilə bağlı ağrılardan yanıb şair olduğunu dilə gətirir. Sumqayıt ədəbi mühitində tez tanınan Rəfailin bundan öncə "Vüsal həsrəti", "Şəhriyarnamə" kitabları çap olunub. Təzə-tər rübailərində isə "O əsir dağlarda qoyub gəldiyi, göylərə çəkilən yuxu bildiyi" yurd həsrətini aləmə car çəkir:
Təbrizçün ürəyim yanıb, dağlanıb,
Çoxdan İrəvana yolum bağlanıb.
Doğma Laçınıma dönə bilmirəm,
Pələng gücü olan qolum bağlanıb.
Bütün bunlarla bərabər, şair nikbinliyini itirməyib. Düşmən tapdağında olan yurd-yuvasının nə vaxtsa geri qaytarılacağına inanır, nisgilinə ümid qatır:
Rəfail, xalqımız qalxacaq bir gün,
Müxənnətin qanı axacaq bir gün.
Azəri əsgəri öz bayrağını
Murovun başına taxacaq bir gün!
Onun Qarabağ haqqında, işğal altında inləyən doğma yurd yerləri haqqında cilalı rübailəri - bu bir bəndlik ovxarlı şeirləri indilikdə düşmənə avtomatdan "tək-tək" atılan, lakin düz hədəfə dəyən güllələrə bənzəyir. Gün gələcək ki, şair, əsirlikdən qurtaran dağların qələbə atəşfəşanlığını bayram edəcək. Bu inam olmasa, nə ilhamı könlünə yatar, nə də əli qələmə.
"Gözü çaylarının selində qalan, dağların çiskini telində qalan" Rəfail Laçınlının üzvü olduğu Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda 60 illik yubileyi və "Rübailər" kitabının təqdimatına həsr edilmiş tədbirdə filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusifli, şairlər Oqtay Rza, Abbas Abdulla, Dayandur Sevgin, Fərqanə Mehdiyeva, Balayar Sadiq, İbrahim İlyaslı, Zirəddin Qafarlı və başqaları ürək sözlərini söylədikdən, köçkünlük karvanı sürən qələm sahibinin rübailərində dünyəvi hissləri, həyat təzadlarını, halal və haramı, insan sevgisini, arzu və istəklərini poetik dillə ifadəyə can atdığını vurğuladıqdan sonra rəssam dostları Nəvai Məmmədoğlu və İlqar Əkbərov ona rəsm əsərləri bağışladılar. Birində şairin portreti, digərində isə arzu-murad rəmzi olan at şəkli çəkilmişdi. Həmin anda mənim yadıma Rəfailin bir rübaisi düşdü:
Soltan bəyin adı qaldı Laçında,
Damağımın dadı qaldı Laçında.
Rəfail əlində yəhər-yüyəni,
Tapa bilmir, atı qaldı Laçında.
Rəsmdəki cilov gəmirən ata işarə ilə dedim ki, şair, bu da at! "Bu haqsız dünyada haqq savaşıyçün, Atlanıb qalxardım Şəlvə, Daşdıya..."
Sumqayıtdakı Səid Rüstəmov adına incəsənət məktəbində də Rəfail Laçınlının oxucularla görüşü yaddaqalan oldu. İlyas Tapdıq, Musa Ələkbərli, Rafiq Oday, Xatirə Fərəcli, Rəfiqə Şəms, Nazir Rüstəm, Sabir Yusifoğlu, Nazilə Gültac, Xürrəm Qafanlı, Firdovsi Cəfərxan və başqaları ilk dəfə altmışında yubileyi qeyd edilən şairin əlvan rübai çələnginin "gül"lərinə sığal çəkdilər. Məktəbli qızlar kitabdan nümunələr təqdim etdilər. Aşıqlardan Hacı Loğman, Anar və Qalib gözəl ifaları ilə məclisin ruhuna təbii bir kövrəklik qatdılar. Sonda Rəfail Laçınlı çıxış edərək ona qıyılan dəqiqələrə, həzinlik ovqatında əriyən saatlara görə minnətdarlığını çatdırdı və yeni şeirlərini oxudu...
Bakıda, Sumqayıtda əsdirdiyin rübai rüzgarının xoş ətirləri tezliklə Laçının yaylaq havasına, dağ yellərinə qovuşsun, qardaşım!

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında