Türk xalqlarının ortaq Yeni Gün bayramı

Günəş öz isti şüaları ilə torpağı oyadır,  çayların suyu artır, kol dibindən bənövşə baş qaldırır, quşların səsi ətrafı bürüyür. Təbiətdəki bu əhval-ruhiyyə—bahar nəfəsinin duyulması  yaddaşlardan süzülüb bu günümüzə çatmış  Novruzun gəlişindən xəbər verir. Bu il bayramın özəlliyi odur ki,  BMT-nin Baş Məclisinin 64-cü sessiyasının fevralın 24-də qəbul etdiyi qərara uyğun olaraq, martın 21-i “Novruz beynəlxalq günü” kimi təsdiq edildi.  Azərbaycanın təşəbbüsü ilə hazırlanmış qətnamə layihəsinə Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Türkiyə, Albaniya, Hindistan və Makedoniya da qoşulub.  Bu  qərar Novruza təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri kimi verilən qiymət hesab edilə bilər.

{nl}

Çin mənbələrinə görə,  baharın qədəm qoyması ilə əlaqədar  mərasimlər  “Yengi  Kun” adı ilə    Hunlar və Göytürklər  dövründən bayram edilirdi. Miladdan öncə ikinci əsrdə yaşamış Çin tarixçisi  Simaçen “Tarixi xatirələr” adlı əsərində Hun hökmdarlarının yeni ildə—Novruzda bayram keçirdiklərini  qeyd edib.

{nl}

Türk xalqları əsrlərdən bəri yaddaşlarda yaşayan Novruzu müxtəlif, rəngarəng adətlərlə qarşılayıblar. Onların digər qonşu xalqlarla əlaqələrinin olmasının nəticəsidir ki, Novruz bayramı fars, əfqan, hind, tacik kimi xalqlar, eləcə də Azərbaycanda yaşayan digər azsaylı xalqların nümayəndələri  arasında da geniş yayılıb və qeyd edilir. 

{nl}

Bəs bu gün necə, həmin qədim adətlər necə yaşadılır? Azərbaycan xalqı hər il bu bayramı martın 21-i ilə 23-ü  arası müxtəlif mərasimlərlə qeyd edir. Bayram gününə qədər isə su, od, torpaq və yel çərşənbələri keçirilir. Süfrənin bəzəyi olan səməni yazın simvolu kimi göyərdilir. Hər evdə şəkərbura, paxlava, qoğal, fəsəli, qatlama  kimi şirniyyatlardan ibarət xonça bəzədilir. Şam yandırılır, tonqal qalanır, ölənlərin xatirəsi yad edilir. Bayramda  küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedirlər. Bu gün məxsusi olaraq, qulaq falına çıxan hər kəs sevindirici xəbər eşitmək arzusunda olur. “Kosa-kosa” oyunu, keçəlin məzəli əhvalatları bayrama xüsusi şənlik qatır.

{nl}

Türkiyənin Cənub Şərqi Anadolu bölgəsində Qaziantep və onun ətrafında 22 mart gününə “Sultan Novruz” adı verilib. Bu bölgədə, eləcə də Qarsda Azərbaycanda olduğu kimi, qapı pusma, baca-baca adətləri yaşadılır.

{nl}

 Qırğızıstanda Novruzda tonqal qalamırlar, amma  evin,  həyətin odla pak edilməsi adəti var. Qırğızlar  bunu qədim türk  şamanlarından qalma adət hesab edirlər. Onlar “Alas-alas, hər bəladan xilas” – deməklə, öz   həyətlərini atəşlə pis ruhlardan təmizləyirlər.  Darı  yarmasından  “Nouruz   köcö ” adlı bayram yeməyi hazırlanır.  Qırğız süfrəsində  məxsusi olaraq  Novruzda  quzu ətindən və  əriştəyə  oxşar un  məmulatından  hazırlanmış  beşbarmaq da olur. Bu şirniyyat  əllə yeyildiyi üçün belə adlanır.

{nl}

Türkmənistanda bayramdan beş-altı gün öncə,  evlərin təmizlənməsi başlanır. Türkmən çörəyi, plovu və müxtəlif şirniyyatlar hazırlanır. Səməni Novruzun xüsusi yeməyi sayılır. Bir neçə ailə bir araya gəlib, böyük bir qazanda buğda, un və şəkərdən  səməni bişirirlər. Bayrama bir gün qalmış bişirilən bu yemək 21 martda  süfrələri bəzəyir. Qazaxıstanda,   adətə görə,  evlərin divarlarına, müxtəlif  əşyalar üzərinə gil qablar atıb sındırırlar. Bu adət köhnə ilin pisliklərindən, xəstəliklərindən  yeni ildə uzaq olmaq məqsədi daşıyır. Qazaxlar da tonqal üzərindən atlanırlar. “Novruz köcü”, Novruz şorbası və ya “lapa” adlı yeməklər bişirilib qonşulara paylanır.

{nl}

Özbəkistanın Səmərqənd, Buxara, Əndican şəhərlərində Novruza həsr edilmiş şənliklər bir həftəyə qədər davam edir. Özbəklərin bişirdikləri xüsusi yeməklərdən ən əsası məşhur özbək plovu, samsa və sümələkdir. S hərfi ilə başlayan sünbül, səbzi, sirkə, iydə (sancid) kimi 7 nemət süfrəyə düzülür. Güləş və at yarışları bayrama xüsusi bir gözəllik qatır. Novruz günü bir-birlərini qucaqlamaq və danışmağa başlamazdan əvvəl  üç qaşıq bal yemək ən əski  adətlərdəndir.  Bölgələrdə təsərrüfatda çalışan yaşlı insanlar əlini yağa batırıb öküzlərin buynuzunu yağlayır ki, yeni il bərəkətli olsun.

{nl}

Tacikistanda Novruz martın əvvəlindən, 21 mart gününəcən,  baharın gəlişini və təbiətin canlanmasını qarşılamaq məqsədilə qeyd edilir. Adətə görə, süfrəyə qoyulan süd təmizliyi, şirniyyat yaşama sevincini, şəkər sərinlik və istirahəti, şam  atəşə sitayişi, daraq qadının gözəlliyini təmsil edir. İslam dövründən sonra isə bunların yerini əsasən “Ş” ilə başlayan 7 nemət əvəz edir. Uşaqlar qapı döyüb bayram payı istəyir, ancaq gizlənmirlər. Onlar yaz çiçəklərindən dərib yığır, qapıları döyüb, ev sahibinə çiçəklərdən hədiyyə edirlər.  Ev sahibi isə onlara  konfet,  yumurta, ya da pul verir.

{nl}

Əfqanıstanda Novruz şənliklərinin mərkəzi Məzari-Şərif şəhəridir. İnsanlar müqəddəs  ziyarətgah sayılan bu şəhərə toplaşır,  xüsusi mərasimlər, şənliklər təşkil olunur. Novruzda Məzari-Şərifdə müxtəlif oyunlar, yarışmalar da olur – xoruz döyüşdürürlər, it boğuşdururlar və s. Süfrəyə gətirilən yeddi meyvə qurusundan-ərik, fıstıq, iydə, badam, qoz və  quru üzümdən hazırlanmış “Həft meyvə”, Novruz külçəsi adlı xüsusi qurabiyə, qızardılmış balıq  Novruz yeməklərinə aiddir. Smanak adlı buğdadan hazırlanan şirniyyatı isə qadınlar gecə xüsusi nəğmələr oxuyaraq bişirirlər. Bayram günü hamı yeni paltarlarını geyir, yaxınlarına qonaq gedir, dünyadan köçmüş əzizlərinin məzarlarını ziyarət edirlər. Güləş, oğlaq və çərpələng uçurtma oyunları  bayramın yaddaqalan mərasimlərindəndir. Bu yarışmaların mövsümü Novruzda başlayır. Sonra 3-4 ay  davam edir.

{nl}

Altayda   martın 21-də “Cılgayak” bayramı qeyd edilir. Bu bayram da Novruz kimi baharın gəlişi, təbiətin canlanması, yeni bir ilə qədəm qoyulması üçün keçirilir. Süfrəyə bal qatılmış qatıq, dondurulmuş və qurudulmuş ət, qoyun və mal dırnağından yeməklər təqdim edilir.  Göy Tanrı dini ənənələrinin hakim olduğu Saxa-Yakutiyada Saxa türkləri Isıah Bayramını  yazın gəlişi və ilin bərəkətli olması  üçün Tanrıya şükranlıq bayramı kimi keçirirlər. Hollandiyalı səyyah İdesanın qeydlərində bu bayram haqqında ilk bilgilərə rast gəlinir. Şənliyin keçiriləcəyi əraziyə yarım ay qabaqdan ağaclar əkilir. Şaman yerə qımız səpir, dualar edir. Bu, keçmiş ildə olan pisliklərin qovulması, yeni ildə isə ancaq gözəl günlərin olacağına inam məqsədi daşıyır.  Gənc qız və oğlanlar ürəyində arzu tutur, əkilmiş ağaca bir parça lent bağlayırlar. Bu inanc digər türk xalqlarında   hələ də yaşamaqdadır.

{nl}

Azərbaycanda Sovet dövründə digər milli-mənəvi dəyərlərimizlə yanaşı, Novruz bayramı da sərt qadağa və təqiblərlə üzləşirdi. Bütün bunlara baxmayaraq,  xalq öz milli bayramını  qeyri-rəsmi şəkildə olsa da, ailəsi ilə birgə  qeyd edirdi. Azərbaycanın müstəqillik əldə etməsindən sonra isə xalqımız uzun illər ayrı düşdüyü milli-mənəvi dəyərlərinə, bayramlarına  qovuşdu. Novruz bayramı ən yüksək səviyyədə  öz layiqli qiymətini aldı və dövlət səviyyəsində daha böyük təntənə ilə qeyd olunmağa başlanıldı.

{nl}

Hər il İçərişəhərdə bayram şənlikləri təşkil olunur, ölkə Prezidenti başda olmaqla mühüm rəsmi şəxslər də bayrama qatılır. Bugünlər xalqımız bahar bayramı Novruzu qarşılamağa hazırlaşır. Qoy bu Novruz özü ilə torpağımıza sülh, əmin-amanlıq,  bərəkət və  xoşbəxtlik  gətirsin.

{nl}

{nl}

Əfsanə BAYRAMQIZI,

{nl}

“Xalq qəzeti”

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında