“Mixaylo”nu yaşadan film

Mehdi Hüseynzadə – 100
Bu yaxınlarda Prezident İlham Əliyev Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyininn keçirilməsi ilə bağlı sərəncam imzalamışdır. Sərəncamda qeyd olunub ki, 2018-ci ilin dekabr ayında Azərbaycan xalqının qəhrəman oğlu, İkinci Dünya müharibəsi dövründə antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hənifə oğlu Hüseynzadənin anadan olmasının 100 illiyi tamam olur.
 
Mehdi Hüseynzadə Böyük Vətən müharibəsində faşizmə qarşı mübarizədə misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanıb və Azərbaycan xalqının zəngin tarixi hünər salnaməsinə şanlı səhifələr yazıb. Bu mübarizə yolu haqqında əsərlər yazılıb, filmlər çəkilib. “Uzaq sahillərdə” filmi bu sənət əsərləri arasında xüsusi fərqlənir.
Ulu öndər dəfələrlə Mehdi Hüseynzadənin qəhrəmanlıq dolu həyatından danışıb, onunla bağlı olan bəzi problemlərin həllində necə səylə çalışdığını xatırlayıb. Ulu öndər bu barədə demişdir: “ Mehdi Hüseynzadənin kəşf olunmasında mənim şəxsi xidmətim var. O vaxt mən DTK-da işləyirdim, 50-ci illərin əvvəlləri idi. Müharibə vaxtı kimin faşistlərə xidmət etməsi, kimin onlara satılması, kimin qəhrəman olması məsələləri ilə çox məşğul idik. Düzünü deyim, ümumiyyətlə o zaman bizim sistemin istiqaməti də bundan ibarət idi ki, düşmənlərimizə kimin kömək etdiyini axtarıb tapaq. Bu işlər gedirdi. Bunlarla məşğul olarkən təsadüfən Mehdi Hüseynzadə haqqında materiallara rast gəldim. Öncə onu belə təqdim etmişdilər ki, başqaları kimi əsir düşübdür, faşistlərə xidmət edibdir. İlkin məlumatlardan Mehdi Hüseynzadə haqqında belə bir təsəvvür yarandı və bu cür materiallar da hazırlandı. Ancaq xoşbəxtlik orasındadır ki, biz bunun dərinliyinə getdik. Ola bilər, bunu ilk dəfədir deyirəm, şəxsən mən özüm məsələnin dərinliyinə getdim. Baxdıq gördük ki, doğrudan da o, əsir düşübdür, faşistlərin yanında xidmət edibdir. Ancaq bunun xidməti nədən ibarətdir? Bu materialları qaldırdıq. Xatirimdədir, təxminən 1956-57-ci illər idi, bunları qəbul etmək istəmirdilər. Yenə deyirəm, istiqamət ondan ibarət idi ki, düşmənləri tapaq kim gedib legionda qulluq edib, kim faşistlərə xidmət edib. Orada kim qəhrəmanlıq göstərib onları axtaran yox idi. Özü də düşmən arxasındakı qəhrəmanlar sonradan meydana çıxdı. Həmin o "Baharın on yeddi anı" və başqa filmlər nə vaxt çəkildi? Amma "Uzaq sahillərdə"ni biz nə vaxt çəkdik? Görürsünüz, o vaxt biz bu materialları qaldırdıq, verdik. Olan olub, keçən keçib, bu materiallar meydana çıxanda bizim özümüzdə fikir doğdu ki, bu barədə bir oçerk yaradaq. Materialları iki-üç işçimizə verdik ki, onlar yazsınlar. Onlar bunu yazmağa başladılar, ancaq peşəkar deyildilər və bir şey alınmadı. Ona görə müraciət elədik Kommunist Partiyasının Mərkəzi Komitəsinə, materialları oraya verdik. Müraciət etdik ki, bizə kömək etsinlər, bunu bir əsər kimi yaradaq.
Sonra bu material komsomola təqdim olundu. Rəhmətlik İmran Qasımov və Həsən Seyidbəyli bu sahədə işləyən gənc adamlar idilər və materialı tez götürdülər. Biz də onlara kömək etdik, nə vardı hamısını verdik. Onlar bunu yazdılar, sonra da film çəkildi.” 
1957-ci ildə Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı verildi. Bu ad veriləndən sonra Bakıda Mehdi Hüseynzadənin xatirəsinə böyük abidə qoyulması da ulu öndərə nəsib oldu.
 “Uzaq sahillərdə “ filminin çəkilişi tanınmış kinorejissor Tofiq Tağızadəyə həvalə olundu. 1958-ci ildə ekranlara çıxan bu ekran əsərinə elə həmin il ölkədə 27,8 milyon tamaşaçı baxmışdı. Bu, Sovet İttifaqı üçün çox yüksək göstərici idi. 1959-cu ildə Kiyevdə Ümumittifaq kinofestivalında nümayiş etdirilən filmin musiqisinə görə dahi bəstəkarımız Qara Qarayev xüsusi mükafata layiq görüldü.
Mehdi Hüseynzadəni obrazını filmdə gənc aktyor Nodar Şaşıqoğlu yaradıb Bu, sonralar Xalq artisti kimi şöhrətlənən sənətkarın kinoda ilk işi idi. Doğrudur, dövrün kinoşünas və kino mütəxəssisləri Nodar Şaşıqoğlunun yaratdığı Mixaylonu çox tənqid etdilər. Əvvəlinci tənqid obyekti o idi ki, aktyor zahiri görünüşcə II Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş bakılı partizan Mehdi Hüseynzadəyə, ümumiyyətlə, oxşamır. Çünki Mehdi ortaboy, enlikürək, qarayanız, dolusifət bir gənc olmuşdu. Amma hamımızın dəfələrlə baxdığı filmdə Nodar Şaşıqoğlunun yaratdığı Mixaylo görünüşcə qəhrəman Mehdidən çox fərqlənir. Mehdi Hüseynzadəni canlı görən tanışları, döyüş yoldaşları Nodarın Mehdidən çox fərqləndiyini qeyd edirdilər. Hətta Mehdi Hüseynzadənin bacısı Bikəxanım da filmi izlədikdən sonra bu barədə danışmışdı. 
İkinci tənqid isə Nodarın Mehdinin daxili aləmini, ruhunu tam əks etdirə bilməməsi ilə bağlı idi. Şaşıqoğlunun Mixaylosu daha çox avropalıya bənzəyən ucaboy, ağbəniz, ciddi və soyuqqanlı bir adamdır. Mehdi Hüseynzadə isə xasiyyətcə çox istiqanlı və mehriban olub. Vaqifdən, Ələsgərdən, Molla Cuma və Səməd Vurğundan xeyli şeirlər deyər, özü də ara-sıra yazarmış. Nodar Şaşıqoğlunun yaratdığı Mixaylonun Ələsgərdən, Molla Cumadan şeir deməyini təsəvvür etmək belə, çətindir.
Mehdi Hüseynzadə ilə eyni partizan dəstəsində vuruşmuş Cavad Həkimlinin münasibəti də maraqlıdır. O, yazırdı: “Uzaq sahillərdə” filmi çəkiləndə gecələr Bakıda camaat yatmırdı. Hamı bu filmin necə alınacağını səbirsizliklə gözləyirdi. Fimin çəkildiyi vaxta kimi bu povesti, demək olar ki, hamı oxumuşdu. Ona görə də kino həvəskarları Mehdi Hüseynzadəni ekranda görməyi səbirsizliklə gözləyirdilər.”
Filmdəki bəzi kadrlar Bakının mərkəzində, Filarmoniya tərəfdə, Tağıyevin mülkündə lentə alınıb. Ümumilikdə çəkilişlər Pribaltikada, Soçidə (dəniz səhnələri) və ölkəmizin Ağsu bölgəsində lentə alınıb”.
“Uzaq sahillərdə” filmi dünyanı dolaşdı. Mehdinin qəhrəmanlığını bütün dünyaya yaydı. Bu gün də xalqımızın bu qəhrəman oğlu unudulmur, yaddaşlarda yaşayır. Onun haqqında çəkilmiş filmi də tamaşaçılar 60 ildir ki, sevə-sevə izləyirlər.
Hazırladı:
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında