Arşın mal alan (1945) filmi hansı çətinliklərlə üzləşmişdi?

Azərbaycan kinosu – 120
Sovet hakimiyyəti illərində milli kinomuzun üzləşdiyi çətinliklər barədə çox yazılıb. O dövrdə istehsal olunan filmlərimiz Moskvanın nəzarətindən keçdiyindən milli dəyərlərimizin əks olunduğu filmlərdən həmin epizodlar çox vaxt qayçılanırdı. Elə 1945-ci ildə ekranlara çıxan Arşın mal alan filmi də belə bir ağrılı tale yaşamışdı. Film Moskvada təhvil verilərkən kino mütəxəssisləri tərəfindən ona münasibət heç də birmənalı olmamışdır. SSRİ Kinematoqrafiya Komitəsinə təhvil verilərkən Moskvadakı Bədii Şura üzvləri filmi nəinki möhkəm tənqid etmiş, hətta yaradıcı qrupun üzvlərini Sibirə sürgün etməklə hədələmişdilər.
 
Filmin quruluşçu rejissoru R.Təhmasib yazırdı: Arşın mal alan ı Moskvaya təhvil verməyə aparmışdıq. Moskvada vəziyyət çox ağır idi. Bəzi küçələrdə hələ də gediş-gəliş bərpa edilməmişdi. Filmi qəbul edən komissiyanın bəzi üzvləri bizi soyuq qarşıladılar. Baxışdan sonra bizi hətta məzəmmət edənlər də oldu. Açıqca deyirdilər ki, bu vurhavurda heç Arşın mal alan yeridir?!
O vaxt Azərbaycanın kino naziri, Xalq şairi Rəsul Rza idi. Şuranın iclasında o da iştirak edirdi. Sonralar o, həmin anları xatırlayaraq yazırdı: Filmə baxandan sonra xüsusi müzakirə otağına yığışdıq. Orada filmin müəlliflərindən başqa, nazir, nazir müavini, məsul işçilərdən bir qrup, bədii şura üzvləri, Moskvanın məşhur rejissorları vardı. Film haqqında müxtəlif fikirlər oldu. Xan, bəy məişətinin idealizəsi , reklam şəkillərinə bənzər çəkiliş və bu kimi fikirlər söylənildi. Amma müsbət fikir söyləyənlər də az olmadı. Azərbaycan kino işçiləri əsassız tənqidləri, bəzi yekəxana ağızbüzmələri cavabsız qoymadılar... 
Məsələ burasındadır ki, elə ağızbüzmələri cavabsız qoymayan R.Təhmasib və Rəsul Rzanın özü idi. Həmin iclasda sovet kinosunun məşhur rejissorları M.Romm, N.Oxlopkov və digərləri çıxış edib deyirdilər: Bu filmi çəkməkdə nə məqsəd güdmüsünüz? , Yəni demək istəyirsiniz ki, inqilabdan əvvəlki həyat ekrandakı kimi gözəl olub? , Aktyorların başına brialin çəkib par-par parıldatmaqla alverçiləri sovet adamlarına qarşı qoymaq istəmisiniz? və sair.
Atılan daşların əksəriyyəti bir rejissor kimi R.Təhmasibə tuşlanmışdı. Buna baxmayaraq, rejissor da, nazir də onların replikalarınıı cavabsız qoymurdular. Bədii şuranın üzvü olan bir general hətta öz nifrətini gizlədə bilməyib demişdi: Bu filmdən Sibir iyi gəlir . Rəsul Rza üzünü hərbçiyə tutaraq özünü güclə ələ alıb belə cavab vermişdi: Bilmirəm sizə necə müraciət edim, vətəndaş deyim, cənab deyim, ya nə, bunu bilmirəm. Amma bir şeyi çox dəqiq bilirəm: yaxşı ki, siz kinematoqrafiyaya rəhbərlik etmirsiniz . Rejissor R.Təhmasib də həmin an generala öz kəskin cavabını belə bildirmişdi: Yoldaş general, xahiş edirəm, bizim filmi iyləməyəsiniz! .
Kinoşünas Ayaz Salayev SSRİ Xalq artisti,dünya şöhrətli sovet kinorejissoru Sergey Eyzenşteynin şurada Azərbaycan filmini necə müdafiə etməsi barədə mətbuatda yazı vermişdir.
R.Təhmasib də S.Eyzenşteynin onları necə müdafiə etmələri barədə yazmışdı: Müzakirələrin qızğın vaxtında Sergey Eyzenşteyn bizə yanaşdı və üzünü Rəsul Rzaya tutaraq dedi: Narahat olmayın, film uğur qazanacaq . R.Rza: Sergey Mixayloviç, niyə siz çıxış etmədiniz? Eyzenşteyn başının işarəsi ilə adamları göstərərək çox yumşaq bir tərzdə dedi: Əzizim, mən nə deməliydim ki? Sonra üzünü mənə tutub dedi: Təhmasib, narahat olmayın. Siz yaxşı film çəkmisiniz .
Bədii Şuradan sonra Rəsul Rza S.Eyzenşteynlə şəxsən tanış olmuşdu. O, Rəsul Rzaya demişdi: Mən sizi tanıyırdım. Şeirlərinizdən bəzilərini oxumuşam. Bu gün sizin cavablarınız xoşuma gəldi-- sakit, ironik . Bir qədər sükutdan sonra Eyzenşteyn əlavə etmişdi: Nigaran olmayın, film yaxşıdır. Sadəlik onun nöqsanı yox, dəyərli cəhətidir. Sonra bir daha təkrar etmişdi: Xalq bu filmi bəyənəcək, sevəcəkdir .
S.Eyzenşteynin həmin iclasda çıxış edib fikir söyləməməsinin səbəbi vardı. Birincisi, ona görə ki, o vaxtlar kino işçilərindən bir qrupu onun əleyhinə kampaniyaya başlamışdılar, onun özünü də, sənətini də gözdən salmağa çalışırdılar. Ona görə Sergey Mixayloviç bu adamlara baş qoşmaq istəmirdi. İkincisi, o, mübahisə etməyi sevmirdi. Bilirdi ki, sözü keçməyəcək.
Bundan sonra Arşın mal alan ÜİK(b)P MK katibi A.Jdanovun iştirakı ilə daha bir yığıncaqda müzakirə olundu. Bu dəfə yığıncağa filmin yaradıcılarından heç kim dəvət olunmamışdı. Həmin yığıncaqda iştirak edən Moskva kinematoqrafçılarından birinin rejissor M.Əliliyə dediyinə görə, Jdanov da Arşın mal alan ın nüfuzlu tənqidçilərinə qoşularaq, deyilən iradlarla razı olduğunu bildirmişdi. Lakin Stalin Arşın mal alan a baxarkən Jdanov və daha bir neçə nəfər zalda imiş.
Ekranda hadisələr bir-birini əvəz etdikcə Stalin gülməkdən özünü saxlaya bilmirdi, uğunub gedirdi. Bunu görən Jdanov Stalinə deyibmiş: Mən yoldaşlara deyirdim ki, bu, çox gözəl filmdir, əla kinokomediyadır. Amma onlar elə öz sözlərinin üstündə dururdular .
Məsələ burasındadır ki, Arşın mal alan Stalinin ən sevdiyi operettalarından biri idi. Stalin bu tamaşaya hələ 1938-ci ildə Moskvada keçirilmiş Azərbaycan incəsənəti ongünlüyündə baxmışdı. O vaxt Əsgərin partiyalarını Bülbül oxuyurdu. Üzeyir bəy danışırdı ki, baxışdan sonra incəsənət xadimlərinin şərəfinə təmtəraqlı ziyafət verildi. Üzeyir bəy Stalinlə Molotovun arasında oturmuşdu. İosif Vissarionoviç gözlənilmədən bəstəkara tərəf əyilib arşın malçıdan mahnı oxudu və dedi: Mən hələ Tiflisdə yaşadığım illərdən bu əsərlə tanışam. Həmin komediyanın ürəyəyatan mahnılarını bütün Gürcüstanın necə oxuduğunu xatırlayıram .
Rejissor R.Təhmasibin dediyinə görə, bundan sonra film əvvəlcə Moskvanın iki kinoteatrında ekrana buraxıldı. Camaatın böyük axınını görən kino rəhbərliyi filmin nüsxələrini çoxaldıb digər kinoteatrlara da verdi. Beləliklə, daha 18 kinoteatrdan arşınmalçının səsi eşidildi. İllər ötdükcə film Arşın mal alan , Çadra altında məhəbbət adı ilə dünyanın 130-dan artıq ölkəsində nümayiş etdirildi, filmin yaradıcılarına böyük şöhrət qazandırdı.
Bir il sonra filmə Stalin mükafatı verildi.
 Arşın mal alan ötən əsrin ortalarında ərsəyə gəlmiş ən yaxşı film kimi bu gün də dünyanı dolaşmaqdadır.
Hazırladı:
M.MÜKƏRRƏMOĞLU, 
 Xalq qəzeti 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında