Xalq şairi Qabilin anım günü
{nl}
Ulu Nəsimiyə doğru can atdı,
Bir ustadsayağı heykəl yaratdı...
Çağdaş Azərbaycan şerinin ən görkəmli nümayəndəsi olan xalq şairi Qabilə ünvanlanan bu misralar böyük sənətkarımıza məhəbbətdən yoğrulan, istəkdən qaynaqlanan əvəzsiz bir ədəbi qənaət, reallığı dəqiqliklə əks etdirən bədii kəlamdır.
Qürur hissi ilə deyə bilərik ki, Qabil haqqında fikirləşəndə öncül yer tutan onun təmizlik, obyektivlik, doğruluq, ədalətlilik, əqidəlik... və özünün dediyi kimi qibləgahı həqiqət məramlı bir şəxsiyyət bütövlüyü ilə gözümüzün qabağında canlanır.
Oxucular tərəfindən həmişə oxunan, əzbərlənən Qabil bütün yaradıcılığı ilə dillər əzbəri olan "Səhv düşəndə yerimiz", "Qarışdırma", "Təmizlik", "Gülləbaran eylədilər", "Nəsimi bazarında", "Məhəbbət deyil", "Küləkli havalarda, yağışlı havalarda", "Çalma, qaboy", "Türkün qəbri", "Ümid sənədir ancaq", "Gedən yerim olaydı" kimi qeyri - adi şeirləri və "Nəsimi" kimi fəlsəfi - psixoloji, epik-dramatik, fundamental poeması ilə əbədiyyət qazanmışdır.
Onun 1969-cu ildə yazdığı və xalq tərəfindən rəğbətlə qarşılanmış "Səhv düşəndə yerimiz" şeiri isə ictimai siqləti ilə o qədər, məşhurlaşdı ki, mükalimə mövzusu kimi hər evə, müəssisə və təhsil ocaqlarına ayaq açdı. 6 bənddən ibarət bu kiçik şeir sənət şedevri kimi poetik kəşf sayıldı və Qabilin yaradıcılığında yeni üfüqlər açıldı.
Qabili yaxşı tanıyan oxucular gözəl bilirlər ki, o daim klassikləri, xüsusilə Allaha, Gözəlliyə, Həqiqətə qovuşmaq yolunda hər cür fədakarlığa can atan NƏSIMINI necə məhəbbətlə sevmiş, oxumuş, onu öyrənməkdən mənəvi bir zövq almışdır. Onun "Nəsimi"si məhz bu baxımdan daxili sevgiyə canlı bir misaldır. Söz sənəti və ya Nəsimi Qabil üçün ən müqəddəs səcdəgah, qibləgah olmuşdur.
On il ərzində işlədiyi poemasında Qabil, sözün həqiqi mənasında, böyük mütəfəkkir və dahi şairimiz İmadəddin Nəsiminin daxili, fiziki - mənəvi aləminin açarını tapmışdır. Nəticədə Qabilin "Nəsimi"sində mərdlik, bahadırlıq pafosu, ölməzlik əzmi olduqca güclü şəkildə verilmişdir. Onun tarixi və lirik qəhrəmanı Nəsimi özünə inamda və fəlsəfi idrakında qətiyyətlidir, mənəvi kefiyyətləri ilə əbədiyaşardır.
Bunu humanist, mütəfəkkir, dahi Nəsimi bilirdi ki,özlüyündə gizli tilsimləri ilə əbədidir və bunun təsdiqi kimi bir şeirində də demişdir.
Mən ol tilsimi pünhan ki, bu gün cahana gəldim,
Əzəli nişansız idim, əbəbi nişanə gəldim.
Onsuz da əbədiyyəti qətiyyəti ilə qazanan Nəsimi qüdrəti qarşısında hər şey aciz qaldı. Sanki Nəsimini başa düşməyənlərə istinadən, həm də Nəsimi idrakı, Nəsimi işığı, Nəsimi idealı qarşısında baş əyən Qabil bədii fəlsəfi dəyəri ilə Nəsimini "Nəsimi"si ilə əbədiləşdirdi və professor Əmirxan Xəlilovun dediyi kimi:
Ulu Nəsimiyə doğru can atdı,
Bir ustad sayağı heykəl yaratdı...
Xalq şairi Qabilin 70 illik təntənəli yubiley gecəsində dünya şöhrətli dahi insan, Azərbaycan xalqının əbədi iftixarı, böyük rəhbər və ümummilli lideri Heydər Əliyev sevimli şairimizin mənəvi kefiyyətlərini və onun "Nəsimi" poemasının əbədi dəyərini necə qiymətləndirmişdir:
"Qabilin Nəsimi haqqında yazdığı mənzum roman mənim yaxşı xatirimdədir. Doğrudan da, o çox böyük iş idi və Qabil bu işi gördü. Bu həqiqətən, dövlət mükafatına layiq bir əsərdir. Çünki Nəsimi haqqında belə böyük, sanballı, dərin fəlsəfi fikirlərlə dolu olan mənzum roman yazmaq hər adamın, şairin, yazıçının işi deyil. Qabil bunun öhdəsindən gəldi".
Daha sonra Qabil şəxsiyyətinə də münasibət bildirən ölkə Prezidenti ona müraciətlə: - Mən bu gün bu yubiley gecəsinə böyük məmnuniyyət hissi ilə gəlmişəm. Qabilin xidmətləri çox böyükdür. Qabil öz çıxışında Mədinə Gülgünün vəfatı ilə əlaqədar aktyor evində yas mərasimindəki görüşümüzü xatırlatdı. Doğrudan da, o vaxt mən Qabilə demişdim ki, sən əsl kişisən. Bu elə-belə söz deyil. Bu mənim əvvəlki dövrdə, qurultaylarda, müxtəlif tədbirlərdə müşahidələrimin nəticəsi idi-demişdir.
Həmin yubleydə Prezident Heydər Əliyev xalq şairi Qabilin xarakterindəki özünəməxsus incə yumor hisslərindən də söhbət açmışdır.
Bəli Qabil bu zirvəyə elə-belə gəlib çatmamışdır. O, parlaq istedadı və qüdrətli sənətkar təxəyyülü ilə dövrümüzün ən çox sevilən, oxunan və sayılan şairlərindəndir. Cəmiyyətmizin elə bir üzvü yoxdur ki, onu tanımasın, sevib qiymətləndirməsin, haqqında qürurla söhbət açmasın.
Qabilin yaradıcılıq yolu həmişə şəxsiyyəti ilə daim həmahəng olmuşdur. Eyni zamanda, həyatda mehriban, səmimi və duzlu zarafatları ilə yanaşı, onun haqqında yaradılan maraqlı lətifələr də xalqa çoxdan bəllidir. Bu, əlbəttə, şair üçün ən böyük səadətdir.
Heç bir vəzifə sahibi olmayan Qabil azad söz sahibi olmuş, xalqın istək və arzularını həmişə yuxarı dairələrə çatdırmışdır. Bu da ondan irəli gəlirdi ki, Qabil yuxarıda dediyimiz kimi həqiqəti, düzlüyü, təmizliyi, obyektivliyi əqidə, amal kimi qəbul edən yüksək kefiyyətli nadir vətəndaşlıq mövqeyli, təəssübkeş böyük şair idi.
Daim poetik duyğularla qəlbində Vətəninə, millətinə tükənməz məhəbbəti olan Qabil böyük ictimai hisslər, duyğularla, gərgin zəhməti və yaradıcılıq axtarışları, canlı həyat müşahidələri ilə vicdanla xalqına xidmət etmişdir.
Böyük çağdaş şairimizi xalqa sevdirən bu cəhətlər içərisində ən başlıcası Qabil poeziyasına uğur gətirən cəhət- yüksək vətəndaşlıq mövqeyinin bu poeziyada güclü şəkildə poetik doğruluqla ifadə edilməsidir.
Qabilin dillər əzbəri olan atalar sözü, zərb məsəllər kimi əks-səda verən misraları, rübailəri, beytləri, ayrı-ayrı şeirləri bunu deməyə əsas verir.
Xalqının, millətinin problemlərini bir an da olsun nəzərindən qaçırmayan, zamanın nigaran suallarına cavab verməyə çalışan Qabil şeirləri 60 illik bir dövrdə Azərbaycan xalqının ictimai- siyasi həyatının bədii salnaməsidir.
Bu müddətdə xalqımızın tarixində elə bir mühüm ictimai- siyasi hadisə olmamışdır ki, Qabil bu hadisəyə öz vətəndaş mövqeyini bildirməsin.
60-ci illərdə yazdığı "Tramvay parka gedir"dən tutmuş 1990-ci ilin 20 Yanvar gecəsinin məhsulu olan "Mərsiyə" şeirinə kimi heç də az iş görməmişdir.
Lakin sən demə, işin ağırlığı bundan sonra imiş. Onun müstəqilliyimizin ilk illərində, ağır sınaq günlərində ürək yanğısı ilə yazdığı "Əslində", "Şəhid anası", "Qeyrət, a vətəndaşlar", "Oldu", "Çalma qaboy", "Nisbi sakitlik nədir", "Lazim gəlsə... - lazımsan də!", "Özgədən çək gözünü", "Bu meydanı tərk elə", "İnsaf", "Aclıq", "Çıxma qabağıma", "Xəcalət", "Hava necə olacaq", "Bu gün idman vaxtı deyil", "Zarafat eyləmə", "Satqın", "Birini elə, birini belə", "Çadırlara alışmayın" və bir çox şeirləri əsl vətəndaş qayəli, Vətən təəssübkeşliyini əks etdirən misilsiz poetik nümunələr idi. Bu siyasi lirika nümunələri ilə Qabil xalqın gözündə daha da yüksəldi. Bu eşq, bu ehtirasla da "Ümud sənədir ancaq..." şeirini yazdı. 1996-cı ildə qələmə alınmış 90 misralıq bu şeir başdan-başa sonuncu ümid və güman yeri olan qəhrəman Vətən övladına- AZƏRBAYCAN ƏSGƏRİNƏ hədsiz inam və məhəbbətdən yoğrulmuşdur.
Təsadüfü deyildir ki, Azərbaycan Respublikasının müstəqil İctimai Televiziya Şirkəti həssas qəlbli xalq şairi Qabilin "Ümid sənədir ancaq..." şeirinə qısametrajlı film çəkərək, tez-tez mümayiş etdirməklə işğal altında qalan torpaqlarımızın azad olunmasına güc və qüdrətimizi göstərməklə hərbi vətənpərvərlik tərbiyəsini daha da geniş təbliğ edir. Qabilin bu vətəndaşlıq mövqeyi, vətəndaşlıq qeyrəti Sabirdən gəlirdi. Ona görə də Qabil M.Ə.Sabiri hədsiz dərəcədə sevir, onun yaradıcılığından qaynaqlanır və onun haqqında dahiyanə fikirlər söyləmişdi:
Sabir köhnəliyin vəlvələsiydi,
Milli idrakımın zəlzələsiydi
Vətən fəxr etsə də şairlərilə,
Sabir təkbaşına xalqın bəsiydi.
Məhz yüksək vətəndaşlıq mövqeynin nəticəsi idi ki, Qabil xalq şairi Rəsul Rza və böyük Sabirşünas Abbas Zamanovdan sonra Şamaxıda, Balaxanıda və Bakıda keçirilən Sabir poeziya günlərinin komissiya sədri kimi uzun illər əvəzsiz xidmət göstərmiş, həmişə arzu etdiyi Sabir məqbərəsinin ucaldılması üçün səy göstərmiş, təşəbbüslə çoxlarına müraciət etmişdir. Nəhayət, bu müraciətlərin biri nəticə vermiş, böyük ürək sahibi, xeyriyyəçi, şair Gülağa Tənhanın vəsaiti hesabına möhtəşəm və əzəmətli məqbərə ərsəyə gəlmişdir.
Bax, burda da Qabil vətəndaş heysiyyətilə arzusuna çatır, 2006-cı ilin may ayının 30-da məqbərənin açılışında sonuncu çıxışını edir, Sabirə olan dərin məhəbbətinin sanki yekununu qoyur.
Bu gün xalq şairi Qabil aramızda yoxdur və onun vəfat tarixi ilə 4 ilin ayrıcındayıq.
Ürək ağrısı ilə deyək ki, dünənə qədər yaşayıb yaradan şair dünyadan köç edəndə də hamının qəlbində canlı klassik kimi, deyib-gülən, sevən-sevdirən bir sənətkar kimi qaldı. Ömür karvanının yır-yığış günündə, ölkə Prezidenti cənab İlham Əliyevin iştirak etdiyi dəfn mərasimində sənət dostları Elçinin, Anarın, Bəkir Nəbiyevin, Sabir Rüstəmxanlının, Zəlimxan Yaqubun, habelə oğlu Mahirin həzin sözlərində, coşqun fikir və mülahizələrində bu həqiqətə bir daha inandıq ki, sənətkar getdi, lakin sözü, sənəti, duzlu zarafatları, maraqlı lətifələri, müdrik kəlamları əbədi olaraq xalqına yadigar qaldı.
Bunlar bizim üçün bir təsəllidir. Böyük şəxsiyyət, akademik Vasim Məmmədəliyev də bu fikirdədir: "Qabilin vəfatı ədəbiyyatımız üçün böyük itkidir. Onun cismən yoxluğu günü-gündən daha çox bilinir. Lakin biz bir şeylə təsəlli tapırıq ki, Qabilin həmişə oxucusu olub, var və olacaq. Sənətkar üçün əbədiyyət budur".
Qabilin ən qiymətli şeirlərindən birində "Şeirim" əsərindəki dialoqunda
- Çoxdan ayrılmışıq bir-birimizdən,
Yaxın ola-ola uzaq düşmüşük.
Yoxsa xatirəyə çevrilmisən sən?
Xatirə eşqinə nahaq düşmüşük.
Hələ xatirəlik bir şeyimiz yox...
- deyən şair bu gün özü bizi qəhərləndirəcək dərəcədə xatirəyə çevrilmişdir.
Hələ sağlığında Qabil haqqında İsmayıl Şıxlının, Bəkir Nəbiyevin, Bəxtiyar Vahabzadənin, Nəbi Xəzrinin, Hüseyn Abbaszadənin, Elçinin, Anarın, Sabir Rüstəxanlının, Fikrət Qocanın, Fikrət Sadığın, Cabir Novruzun, Yusif Səmədoğlunun Ramiq Muxtarın, Abbas Abdullanın, Oktay Rzanın, Musa Ələkbərlinin, Aybəniz Məmmədəliyevanın, Tofiq Hacıyevin, Teyyub Qurbanın, Qəşəm İsabəylinin, Əli Saləddinin, Əzizə Türkanın və yüzlərlə Qabilsevərlərin söylədikləri maraqlı xatirələr və böyük şairimiz haqqında duzlu- məzəli söhbətləri daim yaşayacaq. Böyük şairə sənət dostları çoxsaylı şeirlər həsr etmişdir ki, onlardan biri də şair Musa Ələkbərlinin Qabil şəxsiyyətinə çox yüksək qiymət verməsi- onun çağdaş poeziyamızın "qan təzyiqi" adlandırması maraqlı cəhət kimi necə də gözəl ifadə olunmuşdur:
Qabil şeirimizin qan təzyiqidi.
Qabil şeirimizin məhəng daşıdı.
Gah enən, gah qalxan bu təzyiqlə o,
Qəlbində dağ boyda ağrı daşıdı.
Sözdən körpü çəkdi gələcək əsrə,
Sabirin, Vurğunun çağdaş yaşıdı.
Qabil haqqında nə qədər yazsaq azdır. Onun böyük yaradıcılıq yolu barədə bir anım günündə danışıb yekunlaşdırmaq o qədər də asan deyil.
Lakin ümidliyik ki, bir neçə aydan sonra 12 avqust 2011-ci ildə böyük şairimizin anadan olmasının 85 illik yubilieyi qarsısındayıq və söz deməyə meydan qabaqdadır.
Bir Qabilşünas kimi şairin həyat və yaradıcılığına həsr etdiyim ("Qabilin sənət dünyası "Şur" nəşriyyatı "Bakı" 2007-ci il) kitabımdan sonra yubiley günləri ərəfəsində işıq üzü görəcək "Qabil rübailəri müasirlik kontekstində" adlı monoqrafiyam yubiley töhfəsi olmaqla, gələcəkdə Qabilin bütöv yaradıcılığını əks etdirən silsilə məqalələr, foto- albomlar və kitablar da nəşr etdirməyi nəzərdə tutmuşuq.
Sonda Ulu Tanrımızdan böyük və əvəzsiz Qabilimizə rəhmət diləyir və deyirik:
- ALLAHA, GÖZƏLLİYƏ, HƏQİQƏTƏ qovuşmaq yolunda öz NƏSİMİN kimi ölməzlik qazandın! Şah beyitlərində, şah misralarında, qədirbilən xalqının qəlbində həmişəyaşarsan! Öz gəmində, öz bayrağınla böyük bir axında daim üzüb gedəcəksən! Özü də simvolik yox, əlində yaşıl qələminlə, özünün sevdiyin al-əlvan bayrağınla!
{nl}
Ədalət MƏMMƏDOV, Azərbaycan Universitetinin dissertantı, tədqiqatçı- filoloq
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.