Tarixin qəhrəmanlıq salnaməsi

Böyük qanlar və itkilər hesabına faşist Almaniyası üzərində qazanılan qələbə, təbii ki, adi qələbə olmayıb. Bu, dünyanın yüzlərlə xalqının, Yer kürəsinin milyonlarla insanının eyni arzu-- məqsədini birləşdirib onu bəşəri həmrəyliyə çevirən bir amal idi. Bu qələbə irqindən, dinindən, rəngindən asılı olmayaraq, neçə-neçə millət övladının babalarının bugünkü nəvələrə, gələcək nəsillərə yadigar qoyduğu əsl səadət qələbəsi idi.
 
Bu böyük qələbənin əldə olunmasında Azərbaycan xalqının sanballı töhfəsi var. Çünki xalqımız faşizm üzərində qələbənin əldə olunması üçün özünün 680 mindən çox oğul və qızını cəbhəyə yola salmışdı. Azərbaycanda təşkil olunmuş diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, minlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşublar. Azərbaycanın qəhrəman oğulları Böyük Vətən müharibəsində şücaət göstərərək, xalqımızın əsl qəhrəmanlıq nümunələrini dünyaya nümayiş etdiriblər. Respublikamızı təmsil edən 170 mindən çox döyüşçünün orden və medallarla təltif edilməsi bunun sübutudur.
Amma bu qələbə Azərbaycan xalqına asan başa gəlmədi. 300 min nəfərdən çox həmvətənimiz, oğul və qızlarımız bunun üçün canlarından-qanlarından keçdilər. Onlar el-obalarının hüdudlarından uzaqlarda mərdliklə, fədakarcasına vuruşaraq həm də doğma Azərbaycanı faşizmdən mərdliklə qorudular. Biz Böyük Vətən müharibəsində, alman faşizminin qarşısını almaq uğrunda gedən döyüşlərdə həyatlarını qurban vermiş Azərbaycan vətəndaşlarının xatirəsini böyük minnətdarlıq hissi ilə həmişə yad edirik.
Böyük Vətən müharibəsində iştirak etmiş, igidliklə döyüşmüş həmvətənlərimizin keçdiyi qəhrəmanlıq yolu bizim hər birimiz üçün örnəkdir, kişilik və həyat məktəbidir. Alman faşizminə qarşı rəşadətlə döyüşən, mətinliyi və cəsarəti ilə qəhrəmanlıq salnaməsi yaradan belə müharibə iştirakçılarından biri də Adıgözəl Soltan oğlu Eminov olub. Adıgözəl Eminov 1918-ci ildə Ağsu rayonunun Rəhimağalı kəndində anadan olub. Təhsilini həmin kənddə alan A. Eminov İkinci dünya müharibəsinin başlanması ilə əlaqədar olaraq 1941-ci ildə Kürdəmir Rayon Hərbi Komissarlığından Vətənə xidmət borcunu ödəməyə çağırılıb. Hərbi xidmətinə Yaponiya sərhədlərindən başlayib, ilk aylardan atıcılıq kursuna cəlb edilib. Orduda snayper olub.
1943-cü ildə Yaponiya və SSRİ arasında danışıqlar baş tutduğu üçün təlim keçmiş əsgərlər döyüşlərə cəlb olunur. Elə həmin ildə də gənc əskər A.Eminov iki dəfə Sovet İttifaqı Qəhrəmanı, SSRİ tarixində ilk olaraq iki dövlətin (Polşa və SSRİ) marşalı Konstantin Konstantinoviç Rokossovskinin komandanlığı altında 1-ci Belarusiya Cəbhəsinə göndərilir və düşmənə qarşı Kiyev istiqamətində öz döyüş yoldaşları ilə ağır döyüşlər aparır. O, dəfələrlə sərrast atəşlə düşmənin yüksək rütbəli zabitlərini məhv etməyi bacarır. Bu şücaətinə görə də müxtəlif orden və medallara layiq görülür. Kiyev, Tula və digər şəhər və qəsəbələrin azad olunmasında fəal iştirak edir. 1944-cü ildə, döyüşlərin birində düşmən gülləsinə tuş gələn Eminov yaralanır. Gənc əsgər çox qan itirdiyindən zəfər yürüşünü davam etdirə bilmir. Sonradan döyüş bölgəsinə gələn komandirlər tərəfindən sağ olduğu aşkarlanır və təcili olaraq hərbi hospitala gətirilir. 1945-ci ilin mart ayında ordudan təxris edilib uzunmüddətli müalicəyə göndərilir və SSRİ Müdafiə Nazirliyi tərəfindən İkinci dərəcəli Vətən Müharibəsi ordeni ilə təltif olunur. 
Müharibədən sonra o, Gəncə Su-Meliorasiya Texnikumuna daxil olur. 1948-ci ildə texnikumu əla qiymətlərlə bitirdikdən sonra, Ağsuda Su Təsərrüfatı İdarəsinin baş mühəndisi vəzifəsində işləyir. Sonralar kolxozda müxtəlif işlərdə çalışır. Dövlətin quruculuq illərində öz bacarığı və fəaliyyəti ilə seçilərək müxtəlif medallarla təltif edilir. 1979-cu ildə onu avtomobillə mükafatlandırırlar. A.Eminov 2005-ci il, aprelin 1-də dünyasını dəyişir. 
Qeyd edək ki, onun atası Soltan Eminbəylinin (Qasımov) də həyat yolu cəbhədən keçib. 1918-ci ilin mart ayının əvvəllərində indiki Ağsu rayonunun Bico kəndinin kəndin könüllü döyüşçülər ilə rus ordusundan buraxılmış silahlı erməni quldur dəstəsi arasında qədim Pirəmsaq qəbiristanlığı ərazisində baş vermiş döyüşdə qəhrəmanlıq göstərib. Bu döyüş tarixçilər tərəfindən erməni soyqırımına qarşı 1918-ci ildə təşkil edilmiş və qələbə ilə başa çatmış ilk ən böyük müdafiə döyüşü sayılır. 
 Ləyaqətli, hər kəsə örnək olan bir həyat sürən, anadan olmasının 100 illiyi qeyd edilən A.Eminov bu dünyadan köç etsə də, onu tanıyanların qəlbində daim yaşayacaq, xatırlanacaq. Biz belə qəhrəmanlırımızın həyat məktəbindən çox şey öyrənməliyik. Xüsusən, torpaqlarımızın işğal altında olduğu bir zamanda xalqımızın İkinci dünya müharibəsindəki qəhrəmanlığı, oğul və qızlarımızın rəşadəti bizi Böyük Qələbəyə – torpaqlarımızı işğaldan azad etməyə səsləyir. 
Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında