Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov: İnanırıq ki, bura oxucuların ən sevimli kitab mərkəzlərinin birinə çevriləcək

“Bura kitab mağazası olmaqla bərabər, həm də kitabxana kimi fəaliyyət göstərəcək. Bu layihə ilə Azərbaycanda kitab ticarətinin inkişafını da qarşımıza məqsəd qoymuşuq.”  Bu sözləri  “Libraff Park Akademiya” kitab mağazasının açılışı və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş kitablarının sərgisində TEAS sədri Tale Heydərov bildirib.

Mədəniyyət nazirinin müavini Vaqif Əliyev, xalq yazıçısı Çingiz Abdullayev, millət vəkilləri və ədəbi ictimaiyyətin nümayəndələrinin də iştirak etdiyi tədbirdə Tale Heydərov çıxışında qeyd edib  ki, açılışı keçirilən  mağaza “Libraff"ın Azərbaycandakı ən böyük kitab mağazasıdır. Onun sözlərinə görə, indiyə kimi “Libraff” mağazaları Bakının müxtəlif yerlərində, ticarət mərkəzlərində, hava limanında və Gəncədə  açılaraq kitabsevərlərin  ixtiyarına verilib.  “Biz bu layihəni yaradarkən qarşımıza müxtəlif məqsədlər qoymuşuq. Kitab satışı ilə bərabər, Azərbaycanda ədəbiyyatın və mütaliənin inkişaf etdirilməsi bizim layihənin əsas funksiyalarından biridir. Bu mağazanın yerindən tutmuş, xidmət tərtibinədək hər şey məqsədəuyğun seçilib. Oxucular yalnız kitab almaq deyil, eyni zamanda burda mütaliə etmək şansı əldə edəcəklər. İnanırıq ki, bura oxucuların ən sevimli kitab mərkəzlərinin birinə çevriləcək”.—deyə o əlavə edib.  “Libraff” kitab mağazalarının təşkilində “TEAS Press”in yaradılmasının böyük roluna toxunan natiq   artıq “  müxtəlif brendlərin  - “Teas Press”, “Üç alma” və “Yay” brendlərinin  oxucular tərəfindən maraqla qarşılandığını bildirib və  “Teas Press” həmçinin Türkiyədə ilk onluğa daxil olub.

TEAS sədri   Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar müxtəlif kitabların təqdimatını təşkil etmələrindən də danışıb. Prezident İlham Əliyevin sərəncamı ilə bu ilin “Cümhuriyyət ili” elan edildiyini xatırladan TEAS sədri bununla bağlı təşkilatın gördüyü işlərdən söhbət açıb. “Bu tədbirlərə Avropa Azərbaycan Cəmiyyəti olaraq biz də qoşulmuşuq, müxtəlif kitabların çapına start vermişik. Bunlardan ən böyüyü ilk dəfə Türkiyə arxivinə və mətbuatına əsaslanıb hazırlanmış, Azərbaycan Xalq Cümhuriyyətiilə bağlı dörd cildlik kitabdır. Bundan əlavə, 1923-1927-ci illəri əhatə edən və Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə nəşr olunmuş dörd cildlik “Yeni Kafkasiya” dərgisini də çap etmişik”.

 Mədəniyyət nazirinin müavini Vaqif Əliyev “Libraff” kitab mağazasının açılışını yüksək qiymətləndirib, bunun Azərbaycan ədəbiyyatı və oxucular üçün böyük töhfə olduğunu qeyd edib.  O ümidvar olduğunu bildirib ki,  burda təkcə kitab satışı həyata keçirilməyəcək, eyni zamanda gözəl tədbirlər, imza günləri təşkil olunacaq.

 Xalq yazıçısı Çingiz Abdullayev isə “Libraff” kitab mağazasının açılmasını ədəbiyyat adamları, yazıçılar və oxucular üçün əlamətdar hadisə adlandırıb. Yazıçı qeyd edib ki, Azərbaycanın gələcək inkişafı insanların mütaliə mədəniyyətinin daha da inkişaf etdirilməsi, kitab mağazalarının çox olmasından asılıdır.

Daha sonra “Teas Press” Nəşriyyatının Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı çap etdiyi kitablara baxış olub.

 “TEAS Press” Nəşriyyatının Azərbaycanşünaslıq bölməsinin rəhbəri, professor Kərim Şükürov  “TEAS Press” nəşriyyatının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə çap etdiyi kitablar haqqında ətraflı məlumat verib.

Milli Məclisin deputatı Musa Qasımlı kitab mağazasının  həm məkanına, həm də tərtibatına görə gözəl olduğunu vurğulayıb.  O qeyd edib ki, bu kitabların Azərbaycanda nəşr edilməsi ilə ölkəmizdə yeni poliqrafiya mədəniyyətini formalaşdırır.

Qeyd edək ki, 2017-ci ildə yaradılmış “LİBRAFF” Azərbaycanda ən böyük müasir kitab mağazaları şəbəkəsidir. “LİBRAFF” kitab mağazaları Bakının əsas görkəmli yerlərində, Heydər Əliyev Beynəlxalq Hava Limanında və  ticarət mərkəzlərində, həmçinin Gəncədə oxucuların xidmətinə verilib.

 “LİBRAFF”  oxuculara  Azərbaycan, rus, ingilis, türk və digər dillərdə olan müxtəlif məzmunda  və janrda kitablar təqdim edir.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında