Qəbələdə “Tarixin canlı səhifələri” festivalı

Azərbaycan Respublikasi Qəbələ Rayon İcra Hakimiyyətindən aldığımız xəbərə görə, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyləri münasibətilə burada “Tarixin canlı səhifələri” adlı VI Gənclər Festivalı keçirilib. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Dövlət Sərhəd Xidmətinin və Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Vəndam qəsəbəsində keçirilən festivalda müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması peşəkar artistlər və tələbələr tərəfindən tarixi faktlar əsasında hazırlanan tamaşa nümayiş etdirilib. Hər tərəfi dağlarla əhatə olunan yaşıl sahədə qurulan səhnədə keçirilən festivalda Akademik Milli Dram, Gənc Tamaşaçılar, Rus Dram, Şəki Dövlət Dram və Mingəçevir Dövlət Dram teatrlarının aktyorları çıxış ediblər. Festival çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına və ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş xüsusi dekorasiyalı sərgi təqdim olunub. Gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, xalqımızın hərb tarixini, 1918-ci ilin mart soyqırımını, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını və 23 aydan sonra süqut etməsini gənclərə əyani olaraq çatdırmaq məqsədilə keçirilən festival maraqlı səhnəciklərlə yadda qalıb. Tamaşa 1918-ci ilin martında azərbaycanlıların Novruz bayramını qeyd edərkən qəflətən quldur ermənilərin hücumuna məruz qalması və amansızlıqla qətlə yetirilməsi səhnəsi ilə başlayıb. Sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti, insanların o dövrdəki yaşayışı milli geyimli aktyorlar tərəfindən peşəkarlıqla canlandırılıb. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, rayon icra hakimiyyətinin, idarə və təşkilatların rəhbər şəxsləri, eləcə də 1500-dən çox aktyor, xalq sənətkarı, gənclər və məktəblilər iştirak ediblər. Festival atəşfəşanlıqla başa çatıb.

İsaq Əmənullayev,
 “Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında