100 il sonra bədii obrazlarla qayıdan cümhuriyyətçilər

Bu gün müasir, müstəqil Azərbaycanın hər bir vətəndaşı başa düşür ki, mürəkkəb bir dövrdə yaranan, xalqımızın və milli dövlətçiliyimizin tarixində özünəməxsus yeri olan Azərbaycan Xalq Cümhuriyyəti son dərəcə çətin şəraitdə fəaliyyət göstərib. Tariximizin şanlı səhifəsi olan AXC, cəmi 23 ay yaşamasına baxmayaraq, xalqımızın həyatında iftixar dolu tarixi hadisəyə çevrilib. Əlbəttə, xalqımızın ziyalı övladları Cümhuriyyəti qurmaqla böyük və azad bir xalqın övladları olduqlarını bir daha dünyaya nümayiş etdiriblər. 100 il əvvəl burada demokratik və hüquqi bir dövlətin elan edilməsi imperiya əsarətində ağır məşəqqətlərə məruz qalmış Azərbaycanın milli azadlıq mübarizəsinin qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrimizin davamı idi. Prezident İlham Əliyevin hələ ötən il imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamına əsasən, Cümhuriyyətin yaradılmasının 100 illiyi respublikamızda dövlət səviyyəsində qeyd edildi. Hər bir vətəndaş bu sərəncamı milli dövlətçilik tariximiz üçün yüksək ehtiramın nəticəsi kimi dəyərləndirdi.
“Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq”, – deyən Prezident İlham Əliyev bu ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etdi. Bu, onu göstərir ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev dövlətçiliyimizin tarixi keçmişinin öyrənilməsi və dövlət müstəqilliyimizin təbliği kimi məsələləri daim diqqətdə saxlayır. Ölkə rəhbərinin bilavasitə rəhbərliyi və tapşırığı ilə həyata keçirilən mədəni və tarixi əhəmiyyətli layihələr, dövlət proqramları mədəniyyətimiz, milli dəyərlərimiz və tariximizlə bağlı ictimaiyyətə dolğun məlumatların çatdırılması, eləcə də maarifləndirmə işlərinin aparılmasına rəvac verir. Bu baxımdan, bir sıra təşkilat və təsisatlar da qeyd edilən istiqamətdə sözügedən proqram, layihə və sərəncamlardan irəli gələn məsələlərin reallaşmasında yaxından iştirak edərək töhfələrini verirlər. Dövlətimizin başçısının Cümhuriyyətlə bağlı sərəncamları həm hökumət orqanlarında, təşkilatlarda, həm də vətəndaşlarda müstəqilliyimizin 100 illik salnaməsinə dəyərli töhfələr verə bilmək məsuliyyəti yaradır. Belə qurumlardan olan Bakı Media Mərkəzi Azərbaycan mədəniyyətinə və tarixinə ən dəyərli töhfələrindən olan “Son iclas” bədii-sənədli filmi ilə Xalq Cümhuriyyətinin qurucularını 100 il sonra bədii obrazlarla bu günə qaytardı. Bu ekran əsəri Bakı Media Mərkəzinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə ən böyük töhfəsidir.
 
İstiqlal tariximizin “Son iclas”ı
 
Heydər Əliyev Fondunun dəstəyi, “BP Azerbaijan” şirkətinin sponsor dəstəyi ilə ərsəyə gələn “Son iclas” filmində Cümhuriyyət qurucularının xalqımıza düşmənçilik edən qüvvələrə qarşı mübarizliyi əks olunub. Ekran əsərinin baş prodüseri, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevadır. 
“Son iclas” bədii-sənədli filminin məqsədi 23 aylıq şərəfli yol keçmiş Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salmaq və hökumətin yekun qərarını hansı çətin şəraitdə verdiyini cəmiyyətə çatdırmaqdır. Filmin texniki, eləcə də yaradıcı heyəti yerli mütəxəssislər və peşəkar aktyorlardır. “Son iclas”ın ssenarisi bu günədək araşdırılmamış və ya gizli saxlanılmış arxiv sənədləri əsasında qələmə alınıb. 
Ümumilikdə, bu film layihəsi üzərində altı aya yaxın iş aparılıb, çəkiliş günləri isə 32 gün davam edib, 25 məkanda çəkilişlər aparılıb. Filmin çəkiliş qrupu 100 nəfərə yaxın heyətdən ibarətdir. Ekran əsərində 50-dən çox peşəkar aktyor iştirak edib. Kütləvi səhnələrə isə 500-dək insan cəlb edilib. Ümumilikdə, film layihəsi üzərində 700 nəfərlik heyət çalışıb. Bakı Media Mərkəzi Azərbaycanın istiqlal tarixinin şanlı bir səhifəsini ekranlaşdırmaqla cəmiyyətimiz və tariximiz üçün faydalı bir işə imza atıb. “Son iclas” Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salır və hökumətin son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirir. Ekran əsərində Cümhuriyyət qurucularının müstəqilliyimizi istəməyən qüvvələrə və onların havadarlarına qarşı son anadək apardıqları qeyri-bərabər və qətiyyətli mübarizə əks olunur. Bu mübarizə faciə ilə başa çatsa da, onun Azərbaycanın istiqlal tarixinin şərəfli bir səhifəsi olduğu qeyd edilir. Filmdə, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin bu şərəfli tarixinin və faciəli taleyinin Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına örnək olduğu ön plana çəkilir. Ssenari müəllifi Müsəllim Həsənov, quruluşçu rejissoru Fuad Əlişov, quruluşçu operatoru Rəşad Nuriyev, quruluşçu rəssamı Şahin Həsənli olan bu filmin çəkilişləri paytaxtla yanaşı, bölgələrdə, tarixi hadisələrin yaşandığı ərazilərdə də lentə alınıb.
 
Ssenarist danışır...
 
Xronometrajı 1 saat olan filmin ssenari müəllifi Müsəllim Həsənov ekran əsərinin çəkilişləri zamanı müraciət olunan arxivlərlə bağlı bəzi məlumatları bizimlə bölüşdü. Sovet tarixşünaslığının Cümhuriyyətlə bağlı uzun illər çoxlu təhriflərə yol verdiyini söyləyən M.Həsənov bildirdi ki, əsl reallıq müxtəlif arxivlərdə araşdırma aparılarkən məlum olub. 
“O dövrdə sovet hökuməti insanlara təlqin edirdi ki, cümhuriyyət qurucuları hakimiyyəti guya müqavimətsiz təhvil veriblər. Ancaq biz bu ekran əsərində cümhuriyyət qurucularının hansı çətin şəraitdə və hansı əhval-ruhiyyə ilə hakimiyyəti təhvil vermələrinin real mənzərəsini göstərməyə çalışmışıq. Cümhuriyyət döyüşçüləri Yalama yaxınlığında çox çətin bir döyüş yolu keçiblər. Biz filmdə bu səhnəni canladırmışıq. Bu döyüşdə Azərbaycan Ordusunun 350-dək döyüşçüsü şəhid olub. Təbii ki, döyüşdə Qırmızı ordu da itkilər verib. Təəssüf ki, bu faktla bağlı indiyədək vətəndaşlarımızda ətraflı məlumat yox idi. Biz filmdə bu mənzərəni yaratmaqla insanları məlumatlandırmağa çalışmışıq. Ümumiyyətlə, film çəkilərkən Azərbaycan, Rusiya, Türkiyə, İngiltərə və Fransa arxivlərində saxlanılan tarixi sənədlərdən istifadə olunub”, – deyə filmin ssenari müəllifi söyləyib.
 
“Son iclas”la gələcək nəsillərə çatdırılır ki...
 
Heydər Əliyev Mərkəzində təqdimatı keçirilən ekran əsərinə baxdığımız zaman məlum oldu ki, burada ən çox 1920-ci ilin mart və aprel aylarında yaşanılan hadisələr öz əksini tapıb. Yəni bu dövrdə hansı proseslər gedib, hansı qərarlar qəbul edilibsə, filmdə onu canlı olaraq görmək mümkündür. İstər Cümhuriyyət tərəfdarları, istərsə də anticümhuriyyətçilər filmdə əyani şəkildə tamaşaçıya göstərilir. Tamaşaçı filmdə baş verənlərin son dərəcə fərqindədir. Filmin əsas epizodları son tarixi iclasın keçirildiyi indiki Əlyazmalar İnstitutunun yerləşdiyi binada ekranlaşdırılıb. Filmdə Məhəmməd Əmin Rəsulzadənin Cümhuriyyət dövründəki obrazını aktyor Elnur Hüseynov, yaşlı dövrünü isə nəvəsi, Əməkdar rəssam Rəis Rəsulzadə canlandırıb. Ekran əsərinin müəyyən epizodları, M.Ə.Rəsulzadənin xüsusən mühacirətdə olduğu yaşlı dövrü Türkiyədə çəkilib. 
Filmin tarixi əhəmiyyəti ilə yanaşı, maarifləndirici əhəmiyyəti də var. Ekran əsəri vasitəsilə gələcək nəsillərə çatdırılır ki, tarixən bizimlə heç vaxt düz gəlməyən bədnam qonşularımız olan ermənilər məkrli və çirkin məqsədlərini həyata keçirmək üçün fürsət düşdükcə bizə qarşı əks fəaliyyətdə olublar. Filmdə belə bir nəticəyə də gəlirik ki, Dağlıq Qarabağ problemi ermənilərin uzunmüddətli planıdır və onlar o dövrdən etibarən regionda olan kataklizmlərdən istifadə edib məqsədlərinə çatmaq istəyirlər. Ekran əsərində Cümhuriyyət qurucularının müstəqilliyimizin düşmənlərinə qarşı mübarizəsi faciə ilə başa çatsa da, onun Azərbaycanın istiqlal tarixinin şərəfli bir səhifəsi olduğunu tamamilə görmək olur. Müsəlman Şərqində ilk parlamentli respublikanın sonunu gətirən faciəvi hadisələrin işıqlandırıldığı “Son iclas”la Azərbaycan Xalq Cümhuriyyətinin tariximizin unudulmaz mərhələsi olduğu bir daha sübut edilir. İstiqlalımız və tariximizin ən şanlı səhifələrindən sayılan “Cümhuriyyət” adlı səhifədə xalqımızın arzuları, azadlıq, müstəqillik və milli birlik uğrunda mübarizə uğurları və qətiyyəti əks olunub. Cümhuriyyət hökuməti insanlara çox şey verə bilməsə də, amma milli azadlığın nə olduğunu başa saldı, milli istiqlal hissini dadızdırdı. Yəni deyildiyi kimi: “İkiillik hürriyyət qovğası bizi özümüzə tanıtdı”.
 
Tarixin salnaməsini yaradan ekran əsərləri
 
Sənədli filmlərin əhəmiyyəti təkcə tarixi hadisələri birbaşa və müstəqil təhlil etməkdən ibarət deyil. Bu janrda olan ekran əsərləri həm də konkret faktları və hadisələri bir-biri ilə tutuşdurmaq və təhlil etmək imkanları yaradır. Bakı Media Mərkəzi “Son iclas”la yenə də ənənəsinə sadiq qalaraq, Azərbaycan tarixinin əsrlərdən-əsrlərə daşınacaq salnaməsini yaratdı. Qafqazın ən böyük media mərkəzi olan Bakı Media Mərkəzi bu günədək çoxsaylı tamaşaçı auditoriyası tərəfindən sevilən “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu”, “Əbədi ezamiyyət”, “Bir Günəş altında” adlı ekran əsərlərini ərsəyə gətirib. Mərkəz “Son iclas”la yenə də ənənəsinə sadiq qalaraq, Azərbaycan tarixinin salnaməsini yaratdı. Fransanın “C&C” şirkəti ilə birlikdə hazırlanan “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” adlı sənədli filmi “National Geographic” kimi dünyaca məşhur kanalda 26 dildə yayımlanaraq, Azərbaycan neftinin İkinci dünya müharibəsi illərində rolu barədə 26 ölkədə kifayət qədər aydın təsəvvür yarada bilib. 
Azərbaycan Xalq Cümhuriyyətinin Əlimərdan bəy Topçubaşovun başçılığı ilə Paris Sülh Konfransına göndərdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edən “Əbədi ezamiyyət” sənədli-bədii filmi də böyük tamaşaçı rəğbəti qazanıb. Film ingilis və fransız dillərinə də tərcümə olunub. Azərbaycanda multikulturalizm ilinə həsr olunmuş “Bir Günəş altında” filmi isə 6 xarici dilə tərcümə olunub ki, multikulturalizmin Azərbaycan modeli barədə Avropa ölkələrində geniş təsəvvür yaradıb. Bakı Media Mərkəzinin beşillik fəaliyyəti dövründə ərsəyə gələn ekran əsərləri bilavasitə mərkəzin prezidenti Arzu Əliyevanın baş prodüserliyi ilə həyata vəsiqə qazanıb. Şübhəsiz ki, bu qəbildən olan ekran əsərlərinin sayı çoxalacaq, Mərkəz tərəfindən ərsəyə gələcək neçə-neçə tarixi mövzulu filmlərin möhtəşəm təqdimatının şahidi olacağıq. Çünki tariximizə sahib çıxmağı bacarırıq.
 
 
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü və 22 İyul - Azərbaycan Milli Mətbuatının yaranmasının 143-cü ildönümü ilə əlaqədar keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinə təqdim etmək edilir.
Ceyhun Alışlı
AZƏRTAC-ın müxbiri

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında