O, sənətə müqəddəs varlıq kimi baxırdı

Kamal Xudaverdiyev – 80
Bu yazıda teatr sənətimizin inkişafında məxsusi xidmətləri olan, Xalq artisti Kamal Xudaverdiyevin həyat və yaradıcılığına qısa nəzər salmaq istədik. Səbəb də budur ki, bu il onun 80 illik yubileyidir.
Kamal Xudaverdiyev ömrünün ən gözəl çağlarını teatrda, kinoda keçirib. Qazandığı isə tamaşaçı alqışları, fəxri adlar, bir də sənət dostları olub. Onu sevirdilər, oynadığı tamaşalara dönə-dönə baxırdılar, bu isə ona zövq, yaradıcı güc verirdi. 
Bu görkəmli aktyor şərəfli bir ömür yolu keçmişdi. 1938-ci Bakıda doğulmuşdu. Babası Hacı Məmmədhəsən bəy vaxtilə Bakıda neft mədənlərinin sahibi idi. Kamal müəllimin doğulub boya-başa çatdığı, hazırda isə 10 ailənin yaşadığı bina onun ata-baba mülkü olub. Bakıda sovet hakimiyyəti qurulandan sonra onların da var-dövlətlərini əllərindən almış, atasına isə 13 kvadratmetrlik mənzil vermişdilər. Kamal da burada dünyaya göz açmışdı. Atası Ağahüseyn kişi bir il sonra dünyasını dəyişmiş, Kamalın üç yaşı olanda isə müharibə başlamışdı. 
Məktəbdə oxuya-oxuya işləyir, ailəni dolandırmaqda anasına kömək edirdi. Bir müddət qazanc əldə etmək üçün Qazaxıstana işləməyə gedir. Zavodda çilingər kimi çalışır. Ancaq 1961-ci ildən teatr və kino onun həyatını ovsunlayır. Teatr İnstitutunun aktyorluq fakültəsinə daxil olur. Özü də görkəmli rejissor və aktyor Adil İsgəndərovun kursuna. İnstitutda görkəmli sənət ustalarından – Mehdi Məmmədovdan, Rza Təhmasibdən sənətin incəliklərini öyrənir. 
İnstitutu bitirdikdən sonra rejissor Tofiq Kazımovun dəvəti ilə Milli Dram Teatrının truppasına qəbul edilir. Teatrın səhnəsində ilk dəfə Sabit Rəhmanın “Yalan” əsərində Fərman obrazını yaradır. Bununla da onun sənət karyerası başlayır. “Kəndçi qızı” tamaşasında Aslan, “Almaz”da İbad, “Yollara iz düşür”də Loğman, “Söz yarası”nda Lətif və başqa maraqlı rolları ilə geniş tamaşaçı rəğbəti qazanır.
Sənət aləmində düşdüyü mühit onu yaradıcılıq axtarışlarına ruhlandırır. İsmayıl Osmanlı, Möhsün Sənani, Hökumə Qurbanova, İsmayıl Dağıstanlı, Ağasadıq Gəraybəyli və başqa müqtədir sənətkarlarla tərəf-müqabil olur, onlarla çiyin-çiyinə çalışır. Tapşırılan rollar üzərində günlərlə məşq edir, onların ifası üçün xarakterik cizgilər tapırdı.
Demək olar ki, bütün yaradıcı həyatını Akademik Dram Teatrına həsr etmişdi. Bəzən ona kiçik rollar həvalə olunurdu. Məsələn, “Kral Lir” tamaşasında bir kəlmə danışmadan səhnənin bir küncündə oturan süpürgəçi kimi. Böyük rolları isə kifayət qədər idi. 
 Dram Teatrının səhnəsində “Şah Edip”də Şah Edip, “Sokratı anma gecəsi”ndə Çingiz xan, “Kral Lir”də Kral Lir, “Mesenat”da Murtuza Muxtarov və başqa qəliz xarakterli, zəngin mənəviyyatlı, dünyagörüşlü personajları oynayıb. Bundan əlavə, 10-dan artıq televiziya tamaşasında koloritli obrazlar yaradıb. “Atayevlər ailəsi” televiziya tamaşasında yaratdığı İldırım, “Şərqin səhəri”ndə Cavanşir bəy, “Alov”da Qaşqay, “Yurd yeri”ndə Mahal kişi və başqa rollarının təfsirində azərbaycançılıq mövqeyini dəqiq çatdırıb, ictimai eybəcərlikləri ifşa edən insan xarakterlərini, amalını yüksək səviyyədə təbliğ edib. 
 Kinoda ilk dəfə görkəmli kinorejissor Əlisəttar Atakişiyevin çəkdiyi “İstintaq davam edir” macəra filmində (1966) polkovnik Çingizov rolunu oynayıb. Yazıçı Cəmşid Əmirovun “Sahil əməliyyatı” povestinin motivləri əsasında çəkilən bu filmdə Azərbaycan çekistlərinin və milisinin fəaliyyətindən danışılır. Filmin çəkilişlərinə başlayanda rejissor Ə.Atakişiyev həmin illərdə kinostudiyada direktor vəzifəsində çalışan A.İsgəndərova xaricdən aktyor dəvət etmək istədiyini bildirib. Milli kadrların yetişməsinə və istehsal edilən filmlərdə əsasən baş və ikinci planlı rollarda azərbaycanlı aktyorların çəkilməsinə daim şərait yaradan A.İsgəndərov teatrda böyük nailiyyətlər qazanan Kamalı həmin rola təklif edir. 
Kinoda ilk böyük rolu olmasına baxmayaraq, Kamal polkovnik Çingizovun həyat mövqeyini, iş prinsipini dəqiq çatdırır, filmin ideya-məzmununu tamamlayan ifası ilə ekran əsərinə uğur qazandırır. İstedadlı aktyor 16 filmdə irili-xırdalı rol yaradıb, 10 filmi amiranə və koloritli səsi ilə səsləndirib, “Mozalan” satirik kinojurnalında çəkilib. 
Onun “Nəsimi” filmində yaratdığı Yusif, “Dağlarda döyüş”də baş leytenant, “Dədə Qorqud”da Bəybecan, “Ən vacib müsahibə”də Həsənov, “Otel otağı”nda Erol bəy, “Vulkana doğru” filmində Usta Əli və başqa rolları milli kinomuzun sevilən, unudulmayan personajlarıdır. 
Azərbaycan dublyaj sənətinə uğur gətirən səs sahiblərindən biri idi Kamal Xudaverdiyev. Onun səs artikulyasiyası dublyaj sənətinin vacibliyini, monumentallığını təsdiqləyir. Maraqlıdır ki, digər aktyorlardan fərqli olaraq Kamal müəllimin dublyaj fəaliyyəti çəkildiyi filmlərdən azdır. “Birisigün gecəyarısı” filmində Pçelintsev, “De ki, sevirsən məni” filmində sürücü, “Gözlə məni”də Kanuryov, “Qanlı zəmi”də Tunc Vəli, “Od içində vahə”də İlyaşeviç və başqa personajlar ifaçılarla yanaşı, Kamal Xudaverdiyevin səsinin xüsusi rəng çalarları ilə sevilən, unudulmayan obrazlardır. 
Kamal Xudaverdiyevin sənət dünyası hər birimiz üçün dəyərlidir. Onun səhnəyə yaraşıq verən xarici görünüşü, şax qaməti, əzəməti, daxili məğrurluğunu ifadə edən bariton səsi teatr və kino sənəti üçün bir tapıntı, örnək timsallı şəxsiyyəti isə ətrafındakılara nümunə idi. Onun səhnəni lərzəyə salan, tamaşaçını diqqətlə dinləməyə vadar edən, böyük şövq və coşqu dolu möhtəşəm yaradıcılığı orijinallığına görə seçilir, personajları həmsöhbətimizə çevrilirdi. Kamal müəllim tamaşaçısı ilə gülməyi, dərdləşməyi, həmfikir olmağı, səhnədə onlarla canlı ünsiyyət qurmağı bacarırdı.
Kamil aktyorluq fəaliyyətinə və sənətdə göstərdiyi xidmətlərə görə Kamal Xudaverdiyev 1982-ci ildə Əməkdar artist, 1991-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. 
Onun nurlu xatirəsini xalqımız heç zaman unutmayacaq.
M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında