Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 100 il keçir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi haqqında" sərəncamına uyğun olaraq həm ölkədaxili, həm də ondan kənarda müxtəlif tədbirlər təşkil olunur. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin xarici ölkələrdə keçirilməsi ictimai, mənəvi, tarixi və siyasi hadisədir.
Avropanın bir sıra şəhərlərində yubiley münasibətilə təşkil olunan tədbirlər xüsusilə diqqətəlayiqdir. Şanlı cümhuriyyət tariximiz barədə xarici ölkə vətəndaşlarına məlumat vermək məqsədi ilə gənc fəallar -- Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təmsilçisi Kamal Dadaşovun və BF şirkətlər qrupunun təsisçisi Aydın Əhmədovun Avropanın Strasburq (Fransa) və Cenevrə (İsveçrə) kimi şəhərlərində keçirdikləri tədbirləri qeyd etmək lazımdır.
Strasburqda baş tutan tədbirdə çıxış edən Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri, səfir Emin Yaqubov AXC-nin, qurucuları ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti, onun layiqli davamçısı Prezident İlham Əliyevin apardığı siyasət barədə danışıb. O, son illər Azərbaycanın iqtisadi inkişafından, aparılan daxili və xarici siyasət nəticəsində beynəlxalq arenada nüfuzunun artmasından bəhs edib. Daha sonra SOCAR-ın hazırladığı promo
videoçarx nümayiş etdirilib.
Cenevrədəki tədbirdə isə Azərbaycanın bu şəhərdəki BMT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqovun adından onun təmsilçisi Yusif Hüseynov çıxış edib. O, vurğulayıb ki, indiki Azərbaycan o vaxtkı AXC-nin varisidir və onun bütün demokratik ənənələrinə sadiqdir.
Daha bir tədbir Birləşmiş Ərəb Əmirliklərində keçirilib. Abu Dabi şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi ilə əlaqədar təntənəli mərasim təşkil olunub. Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən təşkil olunmuş tədbirdə ali qonaq qismində BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Yaqub Yusif Al Husayni, ölkənin hökumət təşkilatlarının yüksək vəzifəli rəsmiləri, səfirlər və diplomatik korpusun digər təmsilçiləri, həmçinin Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
Azərbaycanın və BƏƏ-nin dövlət himnləri ilə başlayan tədbirdə səfir Daşqın Şikarov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, müsəlman Şərqində ilk demokratik respublikanın qarşısında duran çətinliklər və onların həlli o zamanın tarixi şəxsiyyətlərinin keçdiyi keşməkeşli yol, AXC müstəqilliyini itirənədək baş verən hadisələr barədə ətraflı məlumat verib. Səfir xoş təsadüf nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünün Azərbaycan xalqının dahi lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi və BƏƏ-nin qurucusu Şeyx Zayed əl Nəhyanın 100 illiyi ilə üst- üstə düşdüyünü qeyd edib.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Ukraynanın paytaxtı Kiyev şəhərində rəsmi qəbul keçirilib.Azərbaycanın Ukraynadakı səfirliyində keçirilən qəbulda Ukrayna Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubiv, Xarici İşlər Nazirliyinin təmsilçiləri, Ukrayna Ali Radasının deputatları, Ukraynadakı diplomatik korpusların, media holdinqlərin rəhbərləri, tanınmış iş adamları iştirak ediblər.
Tədbirdə 1918-ci ildə Şərqdə ilk dəfə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin tarixi nailiyyətlərindən danışan Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev vurğulayıb ki, müstəqilliyimizin dünya miqyasında tanınması sahəsindəki nailiyyətlər Cümhuriyyət hökumətinin əldə etdiyi tarixi uğurlardandır.
Ötən əsrin sonlarında ikinci dəfə dövlət müstəqilliyini əldə edən ölkəmizin ulu öndər Heydər Əliyevin iradəsi və müdrik uzaqgörənliyi ilə böyük inkişaf yolu keçdiyini qeyd edən səfir diqqətə çatdırıb ki, ulu öndərimiz Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrinin və prinsiplərinin həyata keçməsi üçün mühüm siyasi qərarlar qəbul edib. Bu məqsədyönlü siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Finlandiyanın Tampere Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi ilə bağlı təqdimat və Azərbaycan həqiqətlərini əks etdirən kitab sərgisi keçirilib.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucovun rəhbərliyi altında nümayəndə heyəti Finlandiyanın Tampere şəhərində Avropa Gənc Alimlər Şurasının (EURODOC) illik baş toplantısında və elmi konfransda ölkəmizi təmsil edib.
Bu cəmiyyətin təşəbbüsü ilə AXC-nin 100 illiyinə həsr olunmuş geniş təqdimat mərasimi təşkil edilib.
Müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi, fəaliyyət göstərdiyi qısa dövr ərzində həyata keçirilən islahatlar barədə tədbir iştirakçılarına geniş məlumat verilib. Qeyd olunub ki, xalqımızın mədəni-intellektual, siyasi səviyyəsinin məhsulu və dövlətçilik ənənələrinin təcəssümü olan demokratik dövlət maarifin, elmin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirib.
Hindistanda da AXC-nin yüz illiyinə həsr edilən tədbir keçirilib. Bildirilib ki, müsəlman Şərqində ilk demokratik respublika olan AXC sırf demokratik bir siyasi quruluş sisteminə malik olub. Bu dövlət siyasi, mədəni, dini, irqi, etnik və cinsi mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarına eyni hüquqlar verib.
Tbilisidə “Bilik” Fondu, Gürcüstan Milli Elmlər Akademiyası və Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə böyük bir konfrans keçirilib. Konfrans həm Cümhuriyyətin 100 illiyinə, həm də azərbaycanlıların soyqırımına həsr edilmişdi. Bu tədbirdə Cümhuriyyət haqqında geniş danışılıb. Çünki Azərbaycan Xalq Cümhuriyyəti Tbilisidə elan edilib. Tədbirdə bildirilib ki, Azərbaycanın görkəmli şəxsiyyətlərinin qurduğu dövlətin yaranmasından 100 il ötməsinə baxmayaraq, onun ənənələri bu gün də yaşayır. Cümhuriyyətdən miras qalan gerb, üçrəngli bayraq, himn Azərbaycan dövlətinin atributlarıdır. Cümhuriyyətin gömrük, ordu, sərhəd qoşunları siyasəti də bu gün davam etdirilir. Dünya ictimaiyyəti bilir ki, Azərbaycan dövləti demokratik bir dövlətin varisidir, onun yolu ilə gedir.
Almatı şəhərindəki Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş konfrans keçirilib. Vurğulanıb ki, Azərbaycan Xalq Cümhuriyyəti türk-müsəlman dünyasında ilk demokratik respublika idi. Onun yaratdığı dəyərlər təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov konfransda geniş məruzə ilə çıxış edib. Səfir deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, tariximizdə şanlı və şərəfli yer tutur. Bu gün Azərbaycan dövləti həmin tarixlə qürur duyur.
Belə tədbirlər davam etməkdədir.
Hazırladı:
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.