Meyarların və əyarların dəyişdirmədiyi sənətkar

Təqvim yada salır

İlyas Məhəmməd oğlu Əfəndiyev! Bu ad Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinə silinməz izlərlə həkk olunub.  Bu təkcə bir adamın şəxsiyyət vəsiqəsində yazılmış vətəndaşlıq ismi deyil. Bu ad totalitar sovet rejiminin təzyiqi altında ömür sürdüyümüz 70 illik bir epoxanın 82 illik (1914--1996) milli kimlik bioqrafiyasıdır.

Həmişə bizimlə olan yaddaşımızla, milli-mənəvi varlığımızla dolaşan bu əzəmətli ad dilə gələndə bəşəriyyətin mənəvi aləminə, estetik dünyasına daxil olmuş bənzərsiz lirik-romantik hekayələr, həyat ətirli xatirələr, “Söyüdlü arx”, “Geriyə baxma, qoca”, “Üçatılan”, “Dağlar arxasında üç dost”, “Sarıköynək və Valehin nağılı” romanları, 50 il milli səhnəmizin keşiyində dayanmış “İlyas Əfəndiyev teatrı”nın bir-birindən gözəl inciləri-- ”Mahnı dağlarda qaldı”, “Məhv olmuş gündəliklər”, “Unuda bilmirəm”, “Sən həmişə mənimləsən”, “Qəribə oğlan”, “Xurşidbanu Natəvan”, “Tənha iydə ağacı”, “Hökümdar və qızı” kimi dram əsərləri yada düşür. Bu əsərlərlə İlyas Əfəndiyev qalmaqallı XX əsrin ortalarından başlayaraq novator ədəbiyyatın yeni mərhələsini– 60-cı illər ədəbiyyatının əsasını qoyan az sayda yeni təfəkkürlü və istedadlı sənətkarlardan biri oldu.

Milli gerçəkliyə dərindən bağlı olan yazıçı-dramaturq kimi İlyas Əfəndiyev əprimiş sosialist realizminin sosioloji  çamurluğa yuvarlatdığı ədəbiyyatımıza lirik-psixoloji üslub, mənəvi-əxlaqi mövzular, robot kimi danışan müsbət qəhrəmanın əvəzinə, canlı insan– bütövlükdə, bədii-fəlsəfi dinamika gətirdi. İlyas Əfəndiyev bədii söz üçün məsuliyyət duyan, ədəbiyyata xalqının milli-mənəvi tarixi kimi baxan, sənətin estetik-fəlsəfi və ictimai-tarixi mövqeyini yüksəldən, bədii yaradıcılığı müqəddəs iş hesab edən bütöv şəxsiyyət, sərt və prinsipial adam idi. İlyas Əfəndiyev əsl yazıçı şəxsiyyətinin parlaq simvolu idi. O, bu gün də milli ədəbiyyatımızın rükünlərindən biri olaraq qalır.

Başıbəlalı XX əsrdə neçə dəfə meyarlar və əyarlar dəyişsə də, Xalq yazıçısı İlyas Əfəndiyev həyata baxışında və yaradıcı prinsipində heç nəyi dəyişmədi. O, milli ədəbiyyatımızın dönməz reformatoru olaraq yaşadı.

Bizə yaxın epoxolarda əsərlərini fəhmlə yazan, “sözə ehya verən” (M.Füzuli) şəxsiyyətini iblisə təslim etməyən, əbədini ötəridən ayırmağı bacaran klassiklər Mirzə Cəlil, Sabir, Ə.Haqverdiyev, Ü.Hacıbəyli, H.Cavid, C.Cabbarlı, S.Vurğun kimi bizə yaxın ədəbi xadimlərin cərgəsində İlyas Əfəndiyevin yeri və mövqeyi mötəbər olaraq qalır.

Azərbaycan ədəbiyyatına misilsiz bədii-fəlsəfi töhfə olan 22 pyes, 7 roman, 10 povest və bu janrın bənzərsiz nümunələri olan onlarla hekayə, xatirə və məqalə... ilə İlyas Əfəndiyev söz xəzinəmizə əzəmətli mövqe qazandırıb. Onun bu zəngin yaradıcılığı min illik yazı ənənələri olan ədəbiyyatımızın ən kamil bədii-fəlsəfi örnəkləri üzərində bərqərar olub.

Unudulmaz ədibin ədəbi-tarixi mövqeyinə ən doğru, samballı qiyməti dünya şöhrətli siyasətçi, dövlət xadimi və söz xiridarı Heydər Əliyev verib: “ İlyas Əfəndiyev klassik ədəbi fikirin böyük ənənələri zəminində öz üslubunu yaradan sənətkar kimi xalqımızın söz sənəti xəzinəsinə dəyərli töhfələr vermişdir. Yazıçının bədii nailiyyətlərlə zəngin irsi ədəbiyyatımızda yeni mərhələnin təşəkkülünə səmərəli təsir göstərmişdir. Azərbaycan teatr sənətinin müasir simasının formalaşmasında İlyas Əfəndiyev dramaturgiyası özünəməxsus əhəmiyyətli yer tutur”.

 İlyas Əfəndiyev ədəbi-bədii ənənələri dirildən, onlara öz parlaq isdedından can verən və yaşadan sənətkar idi. Onun yaradıcılığında, xüsusən hekayə və romanlarında orta əsrlərdən, dahi Fizulidən gəlmə bir romantika var. Azərbaycan tənqidi və ədəbi-nəzəri fikri İlyas Əfəndiyevi yeni ədəbi mərhələnin və onun əsas poetik göstəricisi olan lirik-psixoloji üslubun banisi kimi qəbul edib. Ötən əsrin 60-cı illərinin nəsrinə yol açmış bu lirik-psixoloji üslubun genetik mənşəyində Füzuli romantikası dayanır.

Digər tərəfdən, İlyas Əfəndiyevin mənəvi-əxlaqi axtarışlar nəsrinin və dramaturgiyasının qəhrəmanları gücünü dahi Nizaminin  “kamil insan”  konsepsiyasından, hürufilərin “kamil insan–ahil insan” fəlsəfəsindən alıb. Nəhayət, İlyas Əfəndiyev çoxəsrlik Azərbaycan mədəniyyətinin bədii-mənəvi enerjisini XX əsrdə sərt tarixi şəraitin–sovet dövrünün siyasi-ideoloji konyunkturalarına məhəl qoymadan milli, tarixi zəmində yaşadan qüdrətli söz ustasıdır.

İlyas Əfəndiyev yazıçı və dramaturq kimi yazıb-yaratdığı 60 il ərzində heç vaxt zəmanəyə boyun əyməyib, həmişə şəxsiyyətinə, ilahi vergisi olan istedadına, hədsiz zəhmətinə və həqiqətə güvənib. İlyas müəllim öz ilhamının təbiətinə heç vaxt xəyanət etməyib. Keçən əsrin 20--30-cu illərində sovet dövlətinin dəvəti ilə Bakıya gəlib ali məktəbdə dərs deyən böyük türk alimi və şairi İsmayıl Hikmət Ərtaylan yazırdı: “İlham pərisinin büllur gərdəninə istibdat zənciri salınmaz, ipək saçlarına istiqlal çələngi vurular”. 60 illik möhtəşəm yaradıcılıq dövründə totalitar sovet rejiminin qanlı repressiyalar törətdiyi dövrdə cəsarətli yazıçı kimi tanınan  İlyas Əfəndiyev də ilham pərisini ilahi əmanət kimi qoruyub saxladı, bolşevizmin istibdad zəncirinin onun büllur gərdəninə salınmasına imkan vermədi.

Müasirləri yalançı kommunizmi mədh edəndə İlyas Əfəndiyev şəxsiyyətinə və millətinə sadiq qaldı. Ona görə də onun adı və irsi əbədi- yaşarlıq qazandı. İlyas Əfəndiyevin baş mövzusu–vətəni Azərbaycanın azadlığı, estetik idealı isə istiqlalçılıq idi. Bunun üçün ədibin “Mahnı dağlarda qaldı”, “ Xurşidbanu Natəvan”, “Şeyx Xiyabani”, “Hökmdar və qızı”, “Məhv olmuş gündəliklər”ini oxumaq və yaxud teatrda tamaşa etmək kifayətdir. İlyas Əfəndiyev infarkt keçirmiş ürək kimi parça-parça olmuş Azərbaycanı bütöv görmək istəyirdi. Bunun üçünsə mühacirət mövzusunda yazılmış “Tənha iydə ağacı” pyesinə baxmaq, “Qaçaq Süleymanın ölümü” povestini, “Üçatılan” romanını, bioqrafik hekayələrini də oxumaq yetər.

İlyas Əfəndiyev tarixdən yazır, tarixə güvənir və tarix yaradırdı. O, bilirdi ki, ədəbiyyat xalqın tarixinin mühüm bir tərəfidir. Hər bir xalq öz tarixini yaradır, onunla yaşayır. Klassik yazıçı üçün tarix təkcə mövzu deyil, həqiqətin meyarı, milli varlığın hüdudlarıdır. İlyas Əfəndiyevin əsərlərində-- “Mahnı dağlarda qaldı”, “Şeyx Xiyabani”, “Xurşidbanu Natəvan” və. digər pyeslərində, “Geriyə baxma qoca”, “Üçatılan” romanlarında, “Xan qızı Gülbəsərlə tarzən sadıqcanın nağılı”, “Qaçaq Süleymanın ölümü” əsərlərində tarixi fakt və arxiv sənədi öz xarakteri olan bədii obraz kimi iştirak edir.

 İlyas Əfəndiyev tarixin söylədiklərini də, öz yaradıcılıq təcrübəsini də bir müstəvidə birləşdirə bilirdi. O, nəzəri-tənqidi yazılarında ciddi yaradıcılıq problemləri qaldırır, yazıçı tənqidinin canlı və təsirli nümunələrini yaradırdı. Yazıçı hələ 1955-ci ildə qələmə aldığı “Nəsrimizdə sənətkarlıq məsələləri” adlı məqaləsində yazırdı: “Sənətkarlıq məsələlərindən danışarkən nəsrimizdə kök salmış çox mühüm bir məqamı da qeyd etməliyik. Bu da uzunçuluqdan ibarətdir. Mətləbi yersiz olaraq çəkib uzatmaq bizdə demək olar ki, xəstə bir hal almışdır”. Bədii dəqiqlik üslubun məziyyəti, yığcam üslub yazıçının sənətkarlığının göstəricisidir. Nəsrdə uzunçuluq söz israfçılığı, oxucuya hörmətsizlik, ədəbiyyatı urvatdan salmaqdır. Sənətkar “Söz gözəlinin nazını çəkməyi” bacarmalıdır (M. Füzuli). 

İlyas Əfəndiyev bədnam konfliktsizlik dövründə, bu nəzəriyyənin tüğyan etdiyi 50-ci illərin ortalarında ən çox əziyyət çəkən daramaturgiyadan bəhs edən “Müasir dramaturgiyamız” (1954) məqaləsində cəsarətlə yazırdı: “Bizim yaradıcılıq qüsurlarımızın çox hissəsi cəsarətsizliyimizdən, vasvasılığımızdan doğmuşdur. Dramaturgiyamızın həyatımızda olan saysız-hesabsız çox zəif əks etdirilməsinin  mühüm  səbəbləri vardır. Dramaturqlarımız həyatın çox dayaz yerlərində üzürlər, dərinliklərə, burulğanlı yerlərə baş vurmurlar. Konfliktlər, ziddiyyətlər isə adətən üzdə deyil, dərində olur. Onları bütün ağırlığı ilə üzə çıxarmaq dramaturqdan cəsarətlə bərabər güc və qüdrət də tələb edir”.

 Bu fikirləri o dövr üçün müəyyən mənada proqram xarakterli hesab etmək olar. Sovet dövründə sosializm realizminin ideoloji ruporu olan müsbət qəhrəmanın uğursuzluğunu İlyas müəllim “Yüksək sənət uğrunda” (1945) məqaləsində çox dəqiq ifadə edirdi: “O yerdə ki oxucular qeyd etməyə başlayırlar ki, sən filan sözü qəhrəmana qəsdən dedirirsən, çünki sənə belə lazımdır, orada artıq sənət öz təsir gücünü itirməyə başlayır. Bizdə çox zaman müəlliflər  adamları yaxşı-pis, mənfi-müsbət yerə ayırır. Onların təqsirləri qabaqcadan yazılıb boyunlarından asılır. Bizdə çox zaman mənfi qəhrəman bütün nöqsanlarına bxmayaraq, müsbət qəhrəmandan üstün çıxır”. Çünki, mənfi təbii, müsbət süni yolla yaradılır. Bir də ki, bu mülahizələr 60-cı illərdə müsbət qəhrəmanı tənəzzülə uğradan səbəblər deyilmi?! 

İlyas Əfəndiyevin sənəti həmişə müasirdir, bütün zamanların və nəsillərin suallarına cavab verə bilir, çünki bu irs klassik bir yazıçının təbii istedadından süzülüb, arxasında isə cəsarətli bir şəxsiyyət dayanır.

Nizaməddin ŞƏMSİZADƏ,
professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında