Musiqili Teatrın solisti Küveytdə alqışlarla qarşılanıb

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi şərəfinə Küveyt dövlətinin paytaxtı Əl Küveyt şəhərində Azərbaycan Respublikasının bu ölkədəki səfirliyinin, həmçinin Küveytin Mədəniyyət, İncəsənət və Ədəbiyyat Milli Şurasının birgə təşkilatçılığı ilə konsert proqramı təqdim edilib.

Küveyt dövlətinin Parlament məsələləri üzrə dövlət naziri Adil Əl Xurafi, Küveyt əmirinin nəvəsi Şeyx Talala, Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan, Qırğızıstan səfirliklərinin nümayəndələri və çoxsaylı xarici qonaqların iştirak etdiyi bu təntənəli konsert proqramında Azərbaycanın tanınmış incəsənət ustalarının və gənc vokalçılarının çıxışları maraqla qarşılanaraq gur alqışlarla müşayiət olunub. 

Azərbaycan mədəniyyətini təmsil edən professional ifaçılar arasında Musiqili Teatrın solisti, Beynəlxalq Müsabiqələr Laureatı, istedadlı aktrisa Aydan Həsənova öz çıxışı ilə tədbir iştirakçılarına xoş ovqat bəxş edib.

Xalq artisti, görkəmli pianoçu, professor Fərhad Bədəlbəylinin rəhbərlik etdiyi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” Gənclər Kamera Orkestri və Azərbaycan Respublikasının Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə baş tutan konsertdə Aydan Həsənova Niyazinin “Arzu”, Tofiq Quliyevin “Əziz dost” mahnılarını yüksək peşəkarlıqla ifa edib.

Qeyd edək ki, Musiqili Teatrda fəaliyyətə başladığı qısa zaman ərzində  məlahətli səsi və  aktyorluq məharətilə tamaşaçıların qəlbinə yol tapan istedadlı aktrisa -Aydan Həsənova Ü.Hacıbəylinin "O olmasın, bu olsun” (Gülnaz), "Arşın mal alan” (Gülçöhrə), İ.Kalmanın "Silva” (Stassi), Elçinin "Baladadaşın toy hamamı” (Bikə), V.Ulanovski, V.Orlov "Qızıl Cücə” (Dovşan), Qrim qardaşlarının ”Bremen musiqiçiləri” əsasında A.Sadıqovun "Bremen musiqiçiləri və Pen” (Vendi) tamaşalarında ifa etdiyi obrazların  öhdəsindən peşəkarlıqla gələrək teatrsevərlərin rəğbətini qazanıb.

Aydan Həsənova 2016-ci ildə Yekatrinburqda keçirilən V.Kuroçkin adına "Gənc Operetta və Musiqili Teatr artistlərinin VI Beynəlxalq Müsabiqəsi”ndə III yerə, 2017-cü ildə Azərbaycan Dövlət Musiqili Teatrının rəhbərliyi tərəfindən "Mövsümün sevilən aktrisası” nominasiyası üzrə xüsusi mükafata, 2017-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin gənc aktrisası” mükafatına layıq görülmüşdür.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında