Mir Cəlalın xatirəsinə həsr olunan hekayə müsabiqəsinin qalibləri mükafatlandırılıb

Mayın 23-də İçərişəhərdəki “Ədibin evi”ndə Mir Cəlalın xatirəsinə həsr olunan hekayə müsabiqəsinin qalibləri mükafatlandırılıb. Müsabiqə müasir Azərbaycan ədəbi prosesinin və hekayə janrının inkişafına təkan vermək məqsədilə keçirilib.

tədbirdə Xalq yazıçısı, müsabiqənin münsiflər heyətinin sədri Elçin görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin zəngin yaradıcılığından, elmi və pedaqoji fəaliyyətindən və nəcib insani keyfiyyətlərindən söhbət açıb. Bildirib ki, böyük ədib və alim, görkəmli pedaqoq Mir Cəlal Paşayev müdrik insan, nəcib şəxsiyyət idi. Yazıçının müxtəlif janrlarda olan bədii əsərləri həm mövzu zənginliyi, həm də dil və üslub xüsusiyyətləri ilə diqqəti cəlb edir, böyük maraq doğurur.

Elçin qeyd edib ki, ictimai fikrin formalaşmasında və inkişafında böyük xidmətləri olan Mir Cəlal Paşayev XX əsr Azərbaycan ədəbiyyatının klassiklərindən biridir, böyük əsərlər, romanlar yazmasına baxmayaraq, hekayə janrı onun yaradıcılığında mühüm yer tutur. “Ədəbiyyatımızda hekayə janrının ötən əsrin ortalarında tam şəkildə formalaşmasında, aparıcı janrlarından birinə çevrilməsində görkəmli ədibin xüsusi rolu olub. Bu rol ikili səciyyə daşıyırdı. Mir Cəlal müəllim bir tərəfdən ədəbiyyatşünas alim kimi hekayə janrının mahiyyətini, xüsusiyyətlərini açıb göstərir, onun tədqiqi və təbliği ilə məşğul olurdusa, digər tərəfdən, özü hekayələr yazırdı. Bu mənada yazıçı hekayə janrının yüksək bədii-estetik səviyyəyə çatmasında mühüm rol oynayıb”, – deyə Elçin vurğulayıb.

Ədəbi mühit barədə fikirlərini bölüşən münsiflər heyətinin sədri müsabiqəyə təqdim olunan hekayələrin ölkəmizdə bu janra olan maraqdan xəbər verdiyini qeyd edib, gənclərin dünyagörüşünün genişlənməsi və yaradıcılıq qabiliyyətinin püxtələşməsində mütaliənin böyük rolundan söz açıb.

“Ədibin evi”nin əməkdaşı Elnur İmanbəyli məlumat verib ki, bu müsabiqədə yaş fərqi qoyulmasa da, iştirak edənlərin əksəriyyətini gənclər təşkil edib. Səkkiz ay davam edən müsabiqəyə altı dildə 389 hekayə, o cümlədən bölgələrdən 15 hekayə təqdim olunub. Müsabiqə iştirakçıları arasında 165 məktəbli, habelə 20 əcnəbi vətəndaş var. Qaliblər Xalq yazıçısı Elçinin sədrliyi ilə tanınmış yazıçı və tənqidçilərdən ibarət münsiflər heyəti tərəfindən müəyyənləşdirilib.

Sonra müsabiqənin qaliblərinə diplom və pul mükafatı təqdim olunub. İki nəfər ikinci, altı nəfər isə üçüncü yerə layiq görülüb. Qaliblər arasında ölkəmizin tanınmış qələm sahibləri ilə yanaşı, bu sahədə yeni addım atan gənclər, hətta məktəblilər də yer alıb.

Tədbirdə “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, “Mədəniyyət” telekanalının direktor müavini, Əməkdar incəsənət xadimi İlham Rəhimli, Xalq şairi Nəriman Həsənzadə, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid görkəmli yazıçı Mir Cəlalın alim və müəllim kimi şəxsi keyfiyyətlərindən, yaradıcılığının özünəməxsusluğundan danışıb, onunla bağlı xatirələrini bölüşüblər. Qeyd edilib ki, müsabiqəyə təqdim edilən 389 hekayənin hər biri böyük sevgi ilə yazılıb və gənclərin hekayə janrına müraciət etmələri onların ədəbiyyata, mütaliəyə olan marağından irəli gəlir.

Alimin ailəsi adından oğlu, “ADA” Universitetinin rektoru, professor Hafiz Paşayev çıxış edərək tədbirin təşkilində zəhməti olan hər kəsə təşəkkürünü bildirib. Bu cür tədbirlərin milli-mənəvi dəyərlərin qorunmasına, ədəbi mühitin formalaşmasına müsbət təsiri olduğunu vurğulayıb.

Görkəmli yazıçının oğlu, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev belə müsabiqələrin mütəmadi keçirilməsini təklif edib.

AZƏRTAC

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında