Gəncə tələbələləri "Arşın mal alan"ı fransız dilində təqdim etdilər

Fransanın Azərbaycandakı səfirliyinin dəstəyi və Gəncə Dövlət Universitetinin xarici dillər fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş “Biz gənc beynəlmiləlçilərik” adlı Frankofoniya bayramı keçirilib.

Universitetin mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, Gəncə Dövlət Dram Teatrında keçirilən bayram tədbirində universitetin rektoru, professor Yusif Yusibov, ali təhsil müəssisəsinin professor-müəllim heyəti, tələbə kollektivi,valideynlər və ictimaiyyət nümayəndələri, eləcə də Fransa səfirliyinin təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Fransanın dövlət himnləri səsləndirilib.

Sonra Frankafoniya bayramının tarixi və əhəmiyyəti haqqında iştirakçılara məlumat verilib.

Bildirilib ki, Frankofoniya sözü ilk dəfə 1880-ci illərdə fransız coğrafiyaşünası Onezim Reklü tərəfindən fransız dilində danışan bütün insanları və ölkələri təyin etmək üçün işlədilib. Məhz həmin vaxtdan başlayaraq frankofoniya sözü bütün dünyada fransız dilini ana dili və yaxud ikinci dil olaraq istifadə edən insanların birliyini nümayiş etdirən bayram kimi qeyd edilib.

Dünya ölkələrində 900 milyondan çox insan Frankofoniya dəyərlərini bölüşür. Fransız dili Observatoriyası 2014-cü ildə nəşr etdiyi hesabatında 5 qitə üzrə fransız dilində danışan insanların sayının 274 milyon nəfər olduğunu qeydə alıb.

Bayram tədbirində çıxış edən və xoş gün münasibətilə bütün kollektivi təbrik edən Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov Azərbaycan ilə Fransa arasındakı tarixi əlaqələrdən və hazırda hər iki dövlət arasındakı çoxtərəfli münasibətlərin mövcud vəziyyətindən danışıb.

Yusif Yusibov bildirib ki, Fransa Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlətdir (31 dekabr 1991-ci il). Həmçinin 1992-ci ildə Fransa öz səfirliyini ölkəmizdə açan ilk dövlətlərdəndir. Fransa Ermənistan ilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini axtarmaq olan ATƏT-in Minsk qrupuna həmsədrlik edir. Bu dövlət eyni zamanda Avropa qonşuluğu siyasəti çərçivəsində, Avropa Birliyi və Azərbaycan arasında əməkdaşlıqda fəal rol oynayır.

Hazırda Azərbaycanla-Fransa arasında siyasi,iqtisadi və mədəni əlaqələrin yüksək səviyyədə olduğunu deyən rektor Yusif Yusibov hər iki dövlət arasındakı elm-təhsil əlaqələrinin, xüsusilə Gəncə Dövlət Universiteti ilə Fransa universitetləri arasında qurulan münasibətlərin ildən –ilə inkişaf etdiyini vurğulayıb.

Universitetin Xarici dillər fakültəsinin Fransız dili ixtisasında 100-dən artıq tələbənin təhsil aldığını deyən rektor bildirib ki, hazırda Gəncə Dövlət Universiteti ilə Fransanın 3 ali təshil müsəssiəsi – Strasburq – 2 Universiteti, Şampan Alven Universiteti və Yuxarı Alzas Universitetləri daha sıx əməkdaşlıq edir. Məhz bu cür qarşılıqlı əlaqələrin nəticəsində GDU ilə həmin universitetlər arasında akademik heyət üzvləri və tələbə mübadiləsi  həyata keçirilir. Bir çox beynəlxalq proqramlar icra olunur, konfranslarda iştirak və səfərlər təmin edilir.

Bu cür əməkdaşlığın daha bir nümaunəsi isə hər il Gəncə Dövlət Universitetində təşkil olunan Frankofoniya bayramıdır. Məhz bu bayram şənliyi çərçivəsində çoxlu sayda fransız milli musiqiləri və rəqslər ifa olunur, səhnəciklər nümayiş etdirilir.

Rektor qeyd edib ki, bu cür münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə yaxın günlərdə universitetdə Aleksandr Düma Mərkəzi fəaliyyətə başlayacaq. Mərkəzin fəaliyyətə başlaması ilə fransız xalqının tarixi, ədəbiyyatı və mədəniyyəti daha da yaxından öyrəniləcək. Həmçinin mərkəzdə təşkil edilən kurslarda nəinki universitetin tələbələri, eləcə də ətraf rayonlardakı gənclər həmin mərkəzin fəaliyyətindən bəhrələnə biləcəklər

Sonra Gəncə Dövlət Universiteti tələbələrinin ifasında fransız milli musiqləri, rəqslər ifa olunub.

Sonda isə dahi bəstəkar Üzeyir Hacıbəliyinin “Arşın mal alan” operettası tələbələr tərəfindən fransız dilində təqdim edilib və alqışlarla qarşılanıb.

Hamlet Qasımov,
"Xalq qəzeti"nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında