Bu gün Azərbaycan dövlətinin beynəlxalq münasibətlərdə səmimi dostluq, siyası, iqtisadi, mədəni əməkdaşlığa böyük önəm verməsi hamı tərəfindən yüksək qiymətləndirilir. Bu qiymətləndirmənin əsas qarantlarından biri də məhz multikulturalizmdir. Multikultural dəyərlər insanlar və xalqlar arasında qarşılıqlı anlaşma, xeyirxah münasibət və dostluğun əsas amili kimi qəbul edilir.
İndi artıq planetimizin hansı məkanında olursa olsun, ən yeni texnologiya, rabitə və nəqliyyatın inkişaf etməsi xalqlara, dövlətlərə imkan verir ki, münasibətlərdə səmimi, qarşılıqlı iqtisadi, mənəvi, elmi və xüsusən insani anlayışlar lazımı səviyyədə nəzərə alınsın.
Azərbaycan Prezidenti İlham Əliyevin siyası, iqtisadi və mədəni sahələrdə həyata keçirdiyi tədbirlər, səmimi münasibətləri təmin edən beynəlxalq forumlar, simpoziumlar ölkəmizə yeni nüfuz qazandırır. Xalqımız böyük dünyəvi şəxsiyyət və beynəlxalq aləmdə xüsusi nüfuz qazanmış Prezidentə gələcəyimiz naminə həyata keçirdiyi tədbirlərdə daim dəstək olur.
Belə bir mühitdə hər bir vətəndaş ölkəmizdəki multikultural dəyərlərin qorunmasına öz töhfəsini verməlidir və verir. Dahi Üzeyir bəy Hacıbəylinin mənəvi ocağı olan Bakı Musiqi Akademiyasının kollektivi də dövlətimizin multikultural siyasətini daim dəstəkləyir. Akademiyanın praktiki fəaliyyətində mütəmadı olaraq, ulu öndər Heydər Əliyev dühasının təbliği təşkil edilir, Heydər Əliyev Fondunun layihələri dəstəklənir.
Hindistanın Azərbaycandaki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rananın iştirakı ilə təşkil olunmuş tədbir də həmin məqsədə xidmət edirdi. Bakı Musiqi Akademiyası rəhbərliyinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru əvəzi Rəvan Həsənovun iştirakı ilə keçirilən tədbir akademiyanın prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyevanın təşkilatçılığı ilə ərsəyə gəlmişdi. Qonaqlar və ev sahibləri olduğca səmimi və səmərəli görüş keçirərək, tələbə-gənclərə multikultural dəyərlərin önəmini növbəti dəfə xatırlatdılar. Bunun qarşılığı olaraq tələbələr də istedadlarını nümayış etdirdilər.
Tədbirdə multikulturalizm dəyərlərinin mahiyyəti və bu qəbildən olan görüşlərdə hamının hərtərəfli bəhrələnmə imkanları açıqlandı, dövlətin, şəxsən Prezident İlham Əliyevin multikulturalizmin inkişafına verdiyi töhfələr xatırladıldı. Görüşdə Hindistanın Azərbaycandaki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana məharətli nitqi ilə dinləyiciləri valeh edərək, alqışlarla qarşılandı. Diplomatın hind xalq çalğı alətləri, milli rəqsləri haqqında dərin məlumatı iştirakçılarda bu ölkəyə qarşı böyük maraq yaratdı. Hind xalq rəqsləri ifaçısı xanım Nişa Govindanın möhtəşəm ifası iştirakçılara böyük zövq verdi.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru əvəzi Rəvan Həsənovun gündəlikdəki məsələ ilə bağlı çıxışı iştirakçılar tərəfindən maraqla dinlənildi. Musiqi Akademiyasının magistr -- musiqişünas tələbəsi Könül Əlizadənin hind musiqisi və mədəniyyəti, qədim hind musiqi alətləri haqqında təqdimatı tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.
Görüşün sonunda səfir Sanjay Rana Bakı Musiqi Akademiyasına üç cilddə hazırlanmış “İndian music Oxford ensiklopediyası”nı, qədim hind musiqi alətləri olan saringi, sarod, santuru hədiyyə etdi. Layihənin rəhbəri, professor Mina Hacıyevanın Azərbaycan, rus və ingilis dillərində çap olunmuş “Üzeyir Hacıbəyli: musiqi təfəkkürü -- fəlsəfi mədəniyyəti”, “Qara Qarayev təfəkkürünün fəlsəfəsi”, “ Firəngiz Əlizadə musiqisinin fəlsəfi dünyası” və yenicə çapdan çıxmış “Azərbaycan muğam fəlsəfəsi” adlı 4 kitabı, eləcə də dəyərli musiqilər yazılmış disklər səfirə təqdim olundu.
Görüşün səmimi, işqüzar və səmərəli olduğuna görə tərəflər yaxın qələcəkdə yenə görüşmək əzmində olmalarını bildirdilər.
İ.MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.