Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri – Xudadat bəy Rəfibəyli

Azərbaycan Xalq Cümhuriyyəti – 100

Onun heç bir partiya mənsubiyyəti yox idi və heç vaxt da siyasi fəaliyyətlə məşğul olmamışdı. Gəncədə hamının yaxşı tanıdığı, çox böyük hörmət-izzət sahibi, 22 il Gəncə bələdiyyə Şurasının üzvü olmuş Ələkbər bəy Rəfibəylinin oğlu Xudadat bəy həmişə və hər yerdə həkim olaraq qalırdı- ona müraciət edənlərin dərdinə tez məlhəm qoymağa çalışırdı. Həkim çantası və lazımi dərmanlar da həmişə yanında olardı.

AZƏRTAC Azərbaycanın ilk səhiyyə naziri olmuş Xudadat bəy Rəfibəylinin 43 illik ömrünün bəzi məqamlarını xatırladır.

 

Şanlı nəslin nümayəndəsi

 

Xudadat bəy Rəfibəyli 1878-ci il yanvarın 12-də Gəncənin Bala Bağman məhəlləsində doğulub. 1904-cü il iyunun 22-də Xarkov İmperator Universitetinin tibb fakültəsini bitirib. 1905-ci il fevralın 3-də Xarkov təhsil popeçitelinin əmri ilə universitetin hospital klinikasının cərrahiyyə şöbəsinə ştatdankənar ordinator təyin edilir. 1907-ci il sentyabrın 20-də üçillik ordinatorluq vəzifəsini yerinə yetirdikdən sonra oktyabrın 3-də doğma Gəncəyə qayıdır.

O, Gəncəyə gələn zaman şəhərdə ali təhsilli həkim cərrahı əliçıraqlı axtarırdılar. 1907-ci il noyabrın 15-dən qubernatorun əmri ilə Gəncədəki Afanasyev adına Yelizavetpol şəhər xəstəxanasına direktor təyin edilir. Lakin o, direktorluqla yanaşı, cərrahlıq fəaliyyətini də davam etdirir. Xudadat bəy cərrahlığı bir növ xeyriyyəçilik işinə çevirir. Ona üz tutan heç bir xəstəni naümid geri qaytarmır. Həm də iş təkcə cərrahlıqla bitmirdi ki…

Şəhərdə xəstəxana, tibb məntəqəsi, demək olar ki yox dərəcəsində idi. Həkimlər və orta tibb işçiləri çatışmırdı, cərrahlıq isə tamamilə unudulmuşdu. Sanitariya qaydalarına əməl olunmadığından şəhərdə yoluxucu, mədə-bağırsaq, xəstəlikləri geniş yayılmış, vəba, taun, qarın yatalağı, qanlı ishal camaatı əldən salmışdı. Təkcə cərrahlıqla ötüşmək mümkün deyildi, ixtisaslı həkim olmadığından digər xəstəlikləri də müalicə etmək zərurəti yaranırdı. Ona görə də Xudadat bəy yenidən təhsil ardınca gedir.

1912–1913-cü tədris illərində Sankt-Peterburqda yarım il ­Knyaginya Yelena Petrovna adına İmperator Klinik İnstitutunda məşhur professorların apardığı 22 ixtisas kursunun dinləyicisi olur.

1909-cu ildə titulyar müşaviri, 1910-cu ildə kollec assesoru, 1912-ci ildə isə saray müşaviri çinlərinə layiq görülür. 1915-ci il noyabrın 15-də kollec müşaviri vəzifəsinə irəli çəkilir.

1909-cu il dekabrın 18-də üç illik müddətə Yelizavetpol Mahal Məhkəməsinin fəxri barışıq hakimi – mirovoy sudya təyin edilib, 1912-ci ildə həmin müddət daha üç il uzadılır.

1916-cı il mayın 10-da Qafqaz Ordusu baş komandanının əmri ilə Xudadat bəy Rəfibəyli Qırmızı Xaçın Yelizavetpoldakı idarə heyətinin üzvü kimi Üçüncü dərəcəli Müqəddəs ­Stanislav ordeninə layiq görülüb.

1914-cü ildə həmyerlisi, Moskva Universitetinin tibb fakültəsini bitirmiş, sonralar Azərbaycan parlamentinin sədri seçilmiş Həsən bəy Ağayevlə birlikdə Yelizavetpol Tibb Cəmiyyəti yaradırlar. Cəmiyyətin sədri Xudadat bəy, katibi isə Həsən bəy olur. Yeni tibb cəmiyyətinin ilk və əsas vəzifəsi səhiyyəni xalqa yaxınlaşdırmaq, yoluxucu xəstəliklərin qarşısını almağa nail olmaq, daha çox kasıb və imkansızlara yardım etmək və tibbi xeyriyyəçilik idi.

 

İlk səhiyyə naziri

 

1918-ci il mayın 28-də milli tariximizin ən əlamətdar hadisəsi baş verdi. – Azərbaycan dövlət müstəqilliyini elan etdi. Milli hökumət iyunun 16-da Tiflisdən Gəncəyə köçdü. Səhəri gün hökumətin kabinəsində ilk səhiyyə naziri vəzifəsi Xudadat Ələkbər oğlu Rəfibəyliyə tapşırılır. İlk kabinədə o, səhiyyə və sosial təminat naziri olur.

Çox çətin şəraitdə fəaliyyətə başlayan nazirlik beş şöbədən ibarət idi: şəhər və məhkəmə tibbi, tibbi statistika, əczaçılıq, kənd səhiyyəsi, baytarlıq və sanitariya. İlk günlərdə bütün şöbələrə bilavasitə Xudadat bəy özü baxırdı. Elə olurdu ki, tibb işçilərindən həkim əvəzi istifadə olunurdu. Sonra hər şöbəyə ixtisaslı həkimlər başçılıq etməyə başladılar. Lakin problem və çətinliklər həddindən çox, səhiyyənin vəziyyəti olduqca bərbad idi. Xəstəlik və epidemiyalar tüğyan edir, həkim kadrları, müalicə müəssisələri çatışmırdı. Xəstələr o qədər çox idi ki, artıq onların qəbulu dayandırılmışdı. Bütün ölkə miqyasında vur-tut 33 kənd xəstəxanası, o qədər də feldşer məntəqəsi vardı və onların ştatları 1 həkim, 2 feldşer, 1 mamaça və çiçəyə qarşı peyvənd edən 1 işçidən ibarət idi. Əhalinin hər 75 min nəfərinə cəmi 1 ixtisaslı həkim düşürdü. Birinci Dünya müharibəsindən sonra ölkədə yaranan qarışıqlıq bir çox kənd xəstəxanalarının dağılmasına səbəb olmuş, əhali arasında xəstəlik faizi isə hədsiz dərəcədə artmışdı. Mövcud müalicə ocaqlarının əksəriyyətində avadanlıqlar çatışmırdı, su və kanalizasiya sistemləri sıradan çıxmış, binalarda təcili təmir işlərinə kəskin ehtiyac duyulurdu.

Xudadat bəy əhalinin əksər hissəsinin yoxsulluğunu nəzərə alaraq pulsuz xəstəxanalar açılması məsələsini qaldırmışdı. Kənd səhiyyəsini yaxşılaşdırmaq üçün görülən tədbirlər əsasən əvvəllər mövcud olmuş xəstəxanaların bərpasından ibarət idi. İlk növbədə başlıca vəzifə yoluxucu xəstələrin hospitallaşdırılması, xəstəlik ­ocaqlarının zərərsizləşdirilməsi olmuşdu.

Azərbaycan parlamentinə rəhbərlik edən Həsən bəy Ağayevin ixtisasca həkim olması, şəxsi münasibət və dostluğu Xudadat bəyə imkan verirdi ki, səhiyyənin vəziyyəti ilə əlaqədar tez-tez ona üz tutsun. Xalq Cümhuriyyəti yarandığı ilk gündən əhaliyə göstərilən tibbi xidməti yaxşılaşdırmaq, epidemiyalara qarşı mübarizəni gücləndirmək üçün planlar hazırlanıb qərarlar qəbul edilirdi. 1918-ci ildə hökumətin qəbul etdiyi qərarlardan biri “Ana və uşaqların sağlamlığının mühafizəsi” haqqında olub. Bununla yanaşı, həmin illərdə Azərbaycanda epidemiyalarla mübarizənin gücləndirilməsi, qəzalarda tibbi xidmət müəssisələrinin açılması, onların ixtisaslı kadrlarla və dərmanlarla təmin olunması məsələsi də diqqət mərkəzində saxlanılırdı. Ölkədə əhaliyə dövlət hesabına pulsuz tibbi xidmət göstərilir, yeni xəstəxanalar, tibb məntəqələri açılır, dərman anbarları, laboratoriya binaları tikilir və lazımi avadanlıqlar alınırdı.

1918-ci ilin sentyabrında Səhiyyə və Sosial Təminat Nazirliyi Bakıda “Metropol” mehmanxanasına (indiki Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi) köçəndən sonra fəaliyyəti daha da genişləndi. Xudadat bəyin şəxsi təşəbbüsü və rəhbərliyi ilə Bakıda ilk ekspertiza laboratoriyası yaradılır, dava-dərman və tibb avadanlığının saxlanılması üçün xüsusi anbar təşkil edilir, Gəncə yaxınlığında-Zurnabad kəndində taun əleyhinə məntəqə də açılır. Belə vaxtlarda, təzəcə addım atan nazirlik üçün bunları etmək heç də asan deyildi. Lakin Xudadat bəy digər səhiyyə müəssisələrinin yaradılması və xəstəxanalar şəbəkəsinin artırılması üçün də vəsait ayrılmasına nail olmuşdu.

Doğrudur, özünün başladığı bu işlərin bir çoxunu axıra qədər davam etdirmək Azərbaycanın ilk səhiyyə nazirinə qismət olmadı, çünki həmin ilin dekabrında təşkil edilən növbəti kabinetdə Xudadat bəy yer almadı. Amma sonrakı dövrdə onun arzusunda olduğu və bünövrəsini qoyduğu işlər həyata keçirildi.

 

Yenidən həkimliyə

 

1918-ci ilin dekabrında Xudadat bəy öz doğma işinə qayıtdı. Lakin o, nazir vəzifəsindən çıxıb xəstəxanada baş həkim işləməyə heç də öz şərəfinə aşağılıq gətirən bir hadisə, eniş kimi baxmırdı, əksinə Gəncəyə qayıdıb camaatın sağlamlığı keşiyində dayanmağı özünə şərəf hesab edirdi. Çünki o, öz peşəsini, camaatını, xalqını sevirdi və onların xidmətində durmağı da özünün bir nömrəli vəzifəsi sayırdı. Nə fərqi var – harada olur-olsun, təki ona dikilən ümidləri, ondan imdad diləyən xəstələri ağrı-acıdan, bəladan qurtarsın və ölümün pəncəsindən xilas etsin, doğmalarını sevindirsin.

“Yazıya pozu yoxdur,” – deyirlər. Bir neçə ay sevimli peşəsi ilə məşğul olandan sonra yenə də Xudadat bəyə Gəncənin valisi olmaq üçün çoxlu müraciətlər edilir. Lakin o istəmirdi, sevimli peşəsindən ayrılmaq da çətin idi, ona görə də hər dəfə imtina edirdi. Atası Ələkbər bəyin vəfatından sonra dost-tanış, qohumlar da bu yükün altına girməyi ondan xahiş edirlər. Nəhayət, 1919-cu il mayın 17-də Xudadat Rəfibəyli Gəncənin general-qubernatoru olmağa razılıq verir. Amma şərt kəsir: günün bir yarısını qubernator idarəsində, ikinci yarısını xəstəxanada işləyəcək. Razılaşırlar. Çətin zaman idi. Bir tərəfdə qaçaq-quldur dəstələri, heç bir hakimiyyətə tabe olmayan anarxist qruplaşmaları ilə mübarizə aparmaq, onları qayda-qanuna dəvət etmək lazım idi. O, Gəncənin dərəbəylik və səksəkəli günlərinə son qoymaq üçün öz hörmət və nüfuzundan istifadə edir, əmin-amanlıq və sabitlik yaratmaq üçün öz həyatını təhlükə altına qoymaqdan belə çəkinmir və elə öz nüfuzu hesabına da dəfələrlə qan tökülməsinin qarşısını alır. Qubernator işlədiyi müddətdə Qərbi Azərbaycanın müxtəlif yerlərindən, Göyçədən. Zəngəzurdan gələn 20 min qaçqını yerləşdirib, onlara arxa-dayaq durur. Amma bu işləri görə-görə həkim çantasını da özündən uzaq qoymur. Gəncədə ərki çatan, imkanı olan hər kəsi onlara kömək olmağa cəlb edir. Amma bütün bu işləri görməklə yanaşı, həkimliyini də davam etdirirdi. İki çantasından biri həmişə evdə, o biri general-qubernator kabinetində olardı.

Gecənin nə vaxtı, gündüzün hansı vədəsi olsa ona üz tutan xəstələrin çağırışından boyun qaçırmazdı. Özü də təmənnasız. Həmişə xəstələrə “Mən pul üçün yox, sizə kömək etmək üçün gəlmişəm”, – deyilərdi. “Pulunuzu yemək-içməyə verin ki, yaxşı qidalanıb tez sağalasınız.” Çox vaxt onlara lazım olan dərmanları da özü verərdi...

 

Son gediş

 

Milli səhiyyəmizin ilk səhiyyə naziri olan Xudadat bəy hər yerdə, hər məsələdə sülh və barış yolu axtarırdı, çünki onun təbiəti, nəslindən gələn ənənə belə idi. Ancaq görünür ki, belə əməlisaleh, hamıya, hər kəsə kömək etməyə hazır olan adamları da gözü götürməyənlər olur. 1920-ci ilin aprelində sovet hakimiyyəti qurulandan sonra təpədən dırnağa xeyirxahlıq, işıqla dolu belə bir adama qarşı olan təzyiq, basqı və qarayaxmalara başqa nə ad qoyasan?

İnsanın böyüklüyünə baxın ki, ondan vəzifəsini təhvil almağa, özünü tutub aparmağa gələn adamlar həyət darvazasını döyəndə də adətinə xilaf çıxmayaraq onları xəstə bilib həkim çantası ilə qarşılarına çıxıbmış.

Bir dəstə erməninin şahid ifadələri ilə Xudadat bəy mayın 12-də Gəncə üsyanının təşkilatçılarından biri kimi həbs edilir. Bala Bağman, Böyük Bağman və şəhərin mərkəzi hissəsinin sakinləri bu xəbəri eşidəndən ayağa qalxırlar. Əli silahlı üç döyüşçü başı silindr papaqlı, çiynində qara plaş, əlində əsa olan Xudadat bəyi qabaqlarına qatıb aparırlar. Şahidlər deyirdilər ki, o, yenə də başını dik tutmuşdu, ətrafa baxmırdı. Xudadat bəy günahsız olduğunu gözəl bilirmiş və güman edirmiş ki, lap haqlı-haqsız ona iş versələr də, həbsxanada da həkimlik edəcək.

...Amma belə olmur.

...Sonra onu Bakıya aparırlar. Bakıya aparıldığı gün onu xilas etmək üçün vağzala 500 nəfərdən çox silahlı atlı dəstəsi çıxıbmış.

... Bu, onun çox sevdiyi, bütün varlığı ilə bağlı olduğu Gəncədən son gedişi olur...

Milli səhiyyə tariximizdə onun çox izləri yadigar qalıb. Onlardan biri də hər il iyunun 17-də tibb işçilərinin peşə bayramıdır. 1918-ci il məhz həmin gün Xudadat bəy Rəfibəyli Azərbaycan Demokratik Respublikasının ilk səhiyyə naziri təyin edilmişdi...


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında