Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli yazıçı və böyük ədəbiyyatşünas Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib.
əvvəlcə tədbir iştirakçıları foyedə Mir Cəlal Paşayevin elmi və ədəbi irsinə həsr edilən sərgi ilə tanış olublar.
Konfransda AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin zəngin bədii yaradıcılığından, elmi-pedaqoji fəaliyyətindən danışıb. Bildirilib ki, Mir Cəlal XX əsr Azərbaycan ədəbiyyatında dəstxəti ilə seçilən yazıçı, tələbələri üçün xeyirxah müəllim və əsl elm fədaisi olub.
Mir Cəlal Paşayevin Ədəbiyyat İnstitutunda elmi fəaliyyətinin əsas istiqamətləri barədə məlumat verən AMEA-nın
vitse-prezidenti XX əsrin ədəbi-elmi fikrinin korifeylərindən sayılan Mir Cəlal Paşayevin çağdaş Azərbaycan tarixində ədəbiyyatşünas-nəzəriyyəçi alim kimi müstəsna və özünəməxsus yer tutduğunu deyib. O, Mir Cəlal Paşayevin yaradıcılığının xarakteristikasının cəmiyyət məsələlərindən daha çox insana həsr olunduğunu bildirib: “Alim əsərlərində sadə insanların obrazını yaradaraq, onların dərin mənəviyyatdakı işığını, insanlığını böyük ədəbiyyatın mövzusuna çevirib. Onun əsərlərində həyatın reallıqları, insanın mənəvi dünyası öz inikasını tapıb”.
Mir Cəlal Paşayevin görkəmli ədib, pedaqoq, həm də insanpərvər bir şəxsiyyət olduğunu söyləyən İ.Həbibbəyli ədibin “Bir gəncin manifesti” romanını ədəbiyyatda insana münasibətin həmin dövrdəki manifesti kimi dəyərləndirib. Bildirib ki, Mir Cəlal milli mənəvi dəyərlərin klassik ənənələrə uyğun inkişafını və bu istiqamətdə yaranan problemləri, xalq həyatının real görüntüsünü nəsr dilində aydın, qabarıq şəkildə verib.
Görkəmli yazıçının ilk irihəcmli əsəri – “Dirilən adam” romanı haqqında danışan İ.Həbibbəyli onun heç zaman aktuallığını itirməyən hekayələrinin, romanlarının əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, Mir Cəlal Paşayevin böyük zəhmətinin bəhrəsi olan “Füzuli sənətkarlığı”, “XX əsr Azərbaycan ədəbiyyatı”, “Azərbaycanda ədəbi məktəblər (1905-1917)”, “Ədəbiyyatşünaslığın əsasları” adlı fundamental əsərləri ədəbiyyatşünaslıq elminin qiymətli mənbələrindəndir.
Diqqətə çatdırılıb ki, “Azərbaycanda ədəbi məktəblər (1905-1917)” əsərində isə Mir Cəlal Paşayev XX əsrin əvvəllərində inqilabi-demokratik meyillərlə əlaqədar baş verən ictimai-siyasi hadisələr kontekstində Azərbaycanda realizm, romantizm ədəbi məktəbləri, maarifçi-didaktik yazıçılar və xırda məişət dramları haqqında tədqiqatlar aparıb, əhatəli elmi nəticələr əldə edib. Bu əsər Azərbaycanda ədəbi məktəblər haqqında ən ciddi sistemləşdirilmiş və ümumiləşdirilmiş nəzəri bir tədqiqatdır.
Akademik bildirib ki, ədibin 1967-ci ildə yazdığı “Cəlil Məmmədquluzadənin realizmi” əsəri Azərbaycan molla nəsrəddinşünaslığında xüsusi yer tutur.
Mir Cəlal Paşayevin həm namizədlik, həm də doktorluq dissertasiyasının ədəbiyyat nəzəriyyəsi məsələlərinə həsr olunduğunu deyən AMEA-nın vitse-prezidenti onun “Ədəbiyyatşünaslığın əsasları” kitabının ədibin ədəbiyyat nəzəriyyəsi haqqındakı baxışlarının ümumiləşmiş yekunu olduğunu qeyd edib. Bildirilib ki, Mir Cəlal ədəbiyyat nəzəriyyəçisi ilə yanaşı, həm də ədəbiyyat tarixçisidir. Onun ədəbi tənqid sahəsindəki xidmətləri də böyükdür.
İ.Həbibbəyli müstəqillik dövründə Mir Cəlal Paşayevin ədəbi irsinin yenidən təhlil edilərək gələcək nəsillərə çatdırılmasının önəmini vurğulayıb.
Konfransda filologiya elmləri doktoru, professor Şirindil Alışanlı “XX əsr ədəbiyyatının Mir Cəlal fenomeni”, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov “Mir Cəlal nəsrində bədii yumor” və filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı “Mir Cəlal Paşayevin elmi irsi” mövzularında məruzə ilə çıxış ediblər.
Sonda alimin oğlu, “ADA” Universitetinin rektoru, professor Hafiz Paşayev atası ilə bağlı xatirələrini bölüşüb. Bildirilib ki, Mir Cəlal azərbaycançılığı sovet dövrünün çətin vaxtlarında əsərlərində yaşadıb. Hafiz Paşayev tədbirin təşkilinə görə Ədəbiyyat İnstitutuna təşəkkürünü bildirib.
AZƏRTAC
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.