“Həmişə bizimlə qalan qurucu”

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş ədəbi-musiqili tədbir keçirildi. Muzeyin direktoru, akademik Rafael Hüseynov tədbiri açaraq “Həmişə bizimlə qalan qurucu” adlı məruzə ilə çıxış etdi. O  çıxışında ulu öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyi uğrunda yorulmaz mübarizəsindən, yetişməkdə olan gənc nəslin azərbaycançılıq ruhunda inkişaf etdirilməsi üçün atdığı addımlardan danışdı. Bildirildi ki, may ayında iki böyük hadisə --mayın 10-u ümummilli liderin anım günü və mayın 28-i Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi heç də təsadüfi deyil. 1918-ci ildə Azərbaycan öz müstəqilliyini dünyaya bəyan etdi. Lakin cəmi 23 ay yaşaya bildi. 1991-ci ildə müstəqilliyini yenidən bərpa edən Azərbaycan iki il keçməmiş tarixi sınaqla-- parçalanmaq, məhv olmaq təhükəsi ilə üz-üzə qaldı. Heydər Əliyev 1993-cü ilin iyununda ölkəmizin ən çətin bir məqamında yenidən siyasi hakimiyyətə qayıtdı və Azərbaycanı XX əsrdən XXI əsrə gündən- günə qüdrətlənən bir dövlət kimi apardı. Heydər Əliyevin böyüklüyü məhz onda idi ki, öz fitri istedadı, titanik fəaliyyəti nəticəsində respublikamızı bütün dünyaya tanıdaraq müstəqilliyimizi daha da  möhkəmləndirdi.

Zaman keçdikcə insanlar tarixi şəxsiyyətləri müxtəlif baxışlarla yad edir, bəzən bir dövrdə xalqının sevimlisi olan şəxsiyyətə münasibət dəyişir və onun xidmətləri unudulur. Lakin Heydər Əliyevin müstəqillik yolundakı xidmətləri yüz illər, min illər keçsə də, həmişə ehtiramla xatırlanacaq.

Heydər Əliyev gəncliyində memar olmaq istəyirdi. Mən inanıram ki, o, bu peşəyə dərindən yiyələnsəydi, görkəmli memar olacaq, gözəl əsərlər yaradacaqdı. Lakin o taleyinin hökmü ilə müstəqil Azərbaycanın memarı oldu və onu bütün dünyada tanıtdı.

Umummilli lider Azərbaycan ədəbiyyatına həmişə böyük qayğı və diqqət göstərmişdir. Hüseyn Cavidin qəbrinin Sibirin sıx meşələrindəki Şevçenko kəndindən Naxçıvana gətirilməsi ulu öndərin misilsiz xidmətlərindən biridir. O,1996-cı ildə Naxçıvanda Hüseyn Cavidin məqbərəsinin açılışında şəxsən iştirak etdi.

Akademik bildirdi ki, ümummilli lider 90-cı illərin əvvəllərində Azərbaycana gələndə ilk ziyarət etdiyi yer Milli Azərbaycan Ədəbiyyatı Muzeyi olmuşdur. Bakıdan Naxçıvana gedəndə isə öz ata evinə getməzdən öncə Hüseyn Cavidin məzarını ziyarət etmişdir.

Tarix içərisində yol yaratmaq hər kəsə nəsib olmayan istedaddırsa, bu yolu yaşatmaq, inkişaf etdirmək daha böyük məsuliyyət tələb edir. Azərbaycan xalqı xoşbəxtdir, həm də ona görə ki, Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövlətini bu gün Prezident İlham Əliyev ləyaqətlə davam etdirir. Düşünürəm ki, nə qədər Azərbaycan var, ulu öndər həmişə xalqımızın qəlbində ehtiramla xatırlanacaq.

Tədbir iştirakçıları Heydər Əliyevin şanlı ömür yolunu əks etdirən maraqlı sərgi ilə tanış oldular. “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin rəhbəri Aygün Zamanlı muzeylə səmərəli əməkdaşlığa görə Fəxri fərmanla təltif edildi.

Sonda 54, 212 saylı orta məktəblərin şagirdləri, Xan Şuşinski adına musiqi məktəbi və Respublika Uşaq Gənclər Mərkəzinin şagirdləri, həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələrinin ifasında Rafael Hüseynovun müəllifi olduğu “Şah əsər Azərbaycan” adlı albomdan mahnılar, vətənpərvərlik haqqında müsiqilər səsləndi.

Qabil YUSİFOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında