Parisdə “1918-2018: Paris-Bakı: müqayisəli konstitusiya təhlili və tarixi konvergensiyalar” adlı konfrans keçirilib

Fransanın Avropa Perspektiv Proqnozlar və Təhlükəsizlik İnstitutunun (İPSE) və Tədqiqat və Strateji Proqnoz Mərkəzinin (CEPS) birgə təşkilatçılığı ilə Parisin Sen-Jermen-de-Pre meydanında yerləşən Milli Sənayenin Təşviqi Cəmiyyəti Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “1918-2018: Paris-Bakı: müqayisəli konstitusiya təhlili və tarixi konvergensiyalar” adlı konfrans keçirilib.

Avropa Perspektiv Proqnozlar və Təhlükəsizlik İnstitutunun (İPSE) prezidenti Emmanüel Düpüi tədbirə moderatorluq edib və ölkəmiz, onun coğrafiyası haqqında ilkin məlumat verib.

Azərbaycanın ­UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov Azərbaycan Xalq Cümhuriyyətinin irsindən, dövlətçiliyimizin yaranması və inkişafından danışıb. 1918-ci ildə elan edilən Azərbaycan Xalq Cümhuriyyətinin hüquq və azadlıqların təminatı, qadınlara səsvermə hüququnun verilməsi, bütün etnik qrupların parlamentdə təmsil olunması, dövlət atributlarının qəbul edilməsi kimi bir sıra  dəyərlərindən söz açıb.

Səfir yenidən öz müstəqilliyini bərpa edən ölkəmizin erməni təcavüzünə məruz qalmasından, Dağlıq Qarabağ münaqişəsindən danışıb, ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi ilə qanlı döyüşlərin sülh danışıqları ilə əvəz edildiyini, ölkəmizin iqtisadi dirçəlişə nail olduğunu diqqətə çatdırıb.

Bildirib ki, bu gün Prezident İlham Əliyev ulu öndərin siyasi kursunu layiqincə davam etdirir.

Sorbon Paris Cite - Paris Dekart Universitetinin, Siyasi Elmlər İnstitutunun hüquq üzrə professoru, Avropa Şurası yanında dövlət idarəçiliyi və müqayisəli hüquq məsələləri üzrə eksperti Tyeri Rambo iki ölkə konstitutsiyasından danışıb, onların müqayisəli təhlilini verib. Azərbaycan Milli Elmlər Akademiyasının Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi komitəsinin direktoru, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi ölkəmizin müstəqillik yolunda üzləşdiyi bəlalardan, xüsusilə də 1918-ci ilin mart ayında ermənilərin xalqımıza qarşı apardığı genosid aktından, həmin ildə Bakı, Şamaxı kimi şəhərlərdə azərbaycanlılara qarşı aparılan soyqırımından danışıb.

Paris Sosial Elmlər üzrə qabaqcıl tədqiqatlar Məktəbinin (EHESS (CERCEC)) doktoru Jorj Mamulya Azərbaycan diplomatik nümayəndə heyətinin Paris Sülh Konfransında (1919-1920) fəaliyyətinə toxunub. Yaxın Şərq Texniki Universitetinin müasir tarix üzrə doktorantı, Avrasiya Tədqiqatlar Mərkəzinin (AVİM) tədqiqatçısı Maksim Quen “Qaçılmaz qonşuluq: xarici münaqişə və Azərbaycan Demokratik Respublikasının iflası (1918-1920)” adlı məruzə ilə çıxış edib.  

Paris azad hüquq, iqtisadiyyat və idarəçilik fakültəsinin müəllimi Pyer-Emanüel Düpon Azərbaycanın Cənubi Qafqazın lider dövləti olmasından, 1918-1920-ci illərdə mürəkkəb Avropa-Qafqaz geosiyasətindən söz açıb.

Konfrans sual-cavabla davam edib.

Sorbon Paris Cite - Paris Dekart Universiteti, Siyasi elmlər İnstitutunda hüquq üzrə professoru Tyeri Rambo AZƏRTAC-a müsahibəsində konfransın əhəmiyyətinə toxunub. Qeyd edib ki, Azərbaycan–Fransa Konstitusiya tarixi haqqında tədqiqat aparıb və hər iki ölkənin müxtəlif dövrlərdə qəbul edilmiş konstitusiyalarını müqayisə edib. Onların arasında oxşar və fərqli elementləri araşdırıb.

“Dinləyicilərə ­1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma şəraitindən danışdıq. Qəbul edilmiş konstitusiyaları sadaladıq. Ancaq 1995-ci il Konstitusiyasını daha diqqətlə nəzərdən keçirdik. Tədqiqatçılar üçün maraqlı olacaq çox məqamlar var. Azərbaycan öz Konstitusiyasında dünyəviliyi təsbit edib. Buna görə də ölkədə dövlət-din münasibətləri dünyəvilik prinsipinə söykənir. Bütün bu məsələlər tədqiq edilməlidir”, - deyə T.Rambo bildirib.

Avropa Perspektiv Proqnozlar və Təhlükəsizlik İnstitutunun (İPSE) prezidenti Emmanüel Düpüi deyib: “Bu gün Tədqiqat və Strateji Proqnoz Mərkəzi (CEPS) ilə birlikdə 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin əldə etdiyi müstəqilliklə bağlı akademik müzakirələr apardıq. Eyni zamanda, 1918-ci ildə Azərbaycanda və Fransadakı real şəraitdən danışdıq. Həmin dövrdəki beynəlxalq vəziyyət və onun hadisələrin gedişinə təsirinə nəzər saldıq. 

Hadisələri, məqsədləri, eləcə də beynəlxalq və regional aktorların reallığa təsirini daha yaxşı anlamaq üçün tarixə nəzər salmaq lazımdır”.

Şəhla Ağalarova,
AZƏRTAC-ın xüsusi müxbiri

Paris


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında