Azərbaycan Tibb Universitetinin görkəmli alimlərindən, qayğıkeş və peşəkar müəllimlərindən, istedadlı və əzmkar mütəxəssislərindən biri də insan anatomiyası kafedrasının professoru, Əməkdar elm xadimi, tibb elmləri doktoru Rafiq Əşrəf oğlu Əsgərovdur.
R.Əsgərov 1933-cü il may ayının 11-də Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb, 1941-ci ildən Bakıdakı 6 nömrəli orta məktəbdə təhsil alıb, 1951-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Tibb İnstitutunun (ATİ) müalicə-profilaktika fakültəsinə daxil olub.
Rafiq Əsgərov hələ III kurs tələbəsi ikən – 1954-cü ildə ATİ-nin normal anatomiya kafedrasında laborant, institutun beşinci kursunda oxuyarkən isə baş laborant vəzifələrinə təyin edilib. 1957-ci ildə institutu fərqlənmə diplomu ilə bitirən gənc həmin kafedrada aspiranturada saxlanılıb. Aspiranturanı bitirdikdən sonra kafedranın assistenti vəzifəsinə seçilib. O, kafedrada işlədiyi bütün dövrlərdə özünü əməksevər, çalışqan, yüksək erudisiyaya malik elmi işçi, eləcə də qayğıkeş, zəhmətsevər müəllim kimi göstərib, baş laborantlıq və aspirantlıqdan professor, prorektor, kafedra müdiri vəzifələrinə yüksəlib.
R.Əsgərov hələ tələbə ikən Tələbə Elmi Cəmiyyətinin üzvü olaraq elmi-tədqiqat işləri ilə də məşğul olub, 1957-ci ildə sonuncu kurs tələbəsi olarkən institutun elmi və ictimai həyatında göstərdiyi fəal iştirakına görə ÜLKGİ MK-nın Fəxri fərmanına layiq görülüb ki, bu da o zamanlar gənc tələbə üçün ən yüksək təltiflərdən sayılırdı.
R.Əsgərov 1964-cü ildə namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsinə və dosent elmi adına layiq görülüb. K.Balakişiyev elmi məktəbinin yetirməsi və davamçılarından olan alim kafedrada elmi-pedaqoji işə başladığı müddətdən indiyə qədər tələbələrlə Azərbaycan və rus dillərində mühazirə və praktik məşğələlər apararaq, müəllim və tələbələrin hörmət və rəğbətini qazanıb.
Gənc alim 1969-cu ildə ATİ-də yeni yaradılmış fəhlə fakültəsinin dekanı vəzifəsinə təyin edilib və uzun illər bu məsuliyyətli işi uğurla yerinə yetirib. Həmin dövrdə o, Əməkdar elm xadimi, professor K.Balakişiyev və akademik V.Kupriyanovun məsləhəti ilə Bakıda və Moskvada doktorluq dissertasiyası ilə bağlı tədqiqat işləri aparıb. Dissertasiyanı tamamlamaq üçün Rafiq Əsgərov müəyyən müddətə Moskvaya elmi ezamiyyətə göndərilib və 1973-cü ildə doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsinə, 1975-ci ildə isə professor elmi adına layiq görülüb. Akademik V.Kupriyanov Azərbaycandan gəlmiş doktorantın elminə, biliyinə, daxili aləminin zənginliyinə yaxından bələd olandan sonra çoxsaylı tələbələri içərisində Rafiq Əsgərovu “Bir nömrəli tələbəm” adlandırıb və həyatının sonuna qədər onunla ailəvi dostluq edib.
1985-ci ildə professor R.Əsgərov ATİ-nin operativ cərrahlıq və topoqrafik anatomiya kafedrasının müdiri vəzifəsinə seçilib. Onun gərgin zəhməti, işgüzarlığı sayəsində kafedranın tədris və elmi işləri axarlı məcraya yönəldilib, kafedra, demək olar ki, yenidən qurulub və ATİ-nin nümunəvi kafedralarından birinə çevrilib. 1990-cı ildə rektorluq yenidən onu doğma kollektivinə – insan anatomiyası kafedrasına qaytarıb və 1990-1995-ci illərdə həmin kafedranın müdiri vəzifəsində çalışıb. Görkəmli alim 1988-1993-cü illər ərzində, eyni zamanda, ATU-nun elmi işlər üzrə prorektoru vəzifəsində fəaliyyət göstərərək Azərbaycan tibb elminin inkişafına dəyərli töhfələr verib.
Rafiq müəllim 1995-ci ildə rektorun adına ərizə yazaraq kafedra müdirliyindən azad edilməsini xahiş edib və bu vəzifəyə K.Ə.Balakişiyev elmi məktəbinin digər yetirməsi – gənc kadr V.Şadlinskinin namizədliyini məsləhət görüb və onun xahişi yerinə yetirilib.
Professor R.Əsgərov 200-dən çox çap olunmuş elmi əsərin, monoqrafiya, dərslik və dərs vəsaitlərinin, Anatomiya muzeyinə aid kitabların, onlarca elmi-kütləvi məqalənin müəllifi və həmmüəllifidir. Bilavasitə onun rəhbərliyi altında 10 nəfərdən artıq tədqiqatçı doktorluq və namizədlik dissertasiyası müdafiə edib. İstedadlı alim son illərdə böyük həvəslə tanıdıqları məşhurlar haqqında xatirə kitabları üzərində çalışır. Onun bu seriyadan olan üç kitabı artıq çapdan çıxıb. Bu kitablarda alimin həyatı boyu tanıdığı alimlər və digər şəxslər haqqında maraqlı xatirələri yer alıb. Alimin əsas elmi istiqamətini nəfəs borusu və baş bronxların, eləcə də ağciyərlərin innervasiyası ilə əlaqədar azan sinirin nəqledici aparatının morfo-funksional, yaş və fərdi xüsusiyyətlərinin, mielogenezi və mieloarxitektonikasının tədqiqi təşkil edir.
Rafiq müəllim Ümumittifaq Anatom, Histoloq və Embrioloqlar Elmi Cəmiyyətinin VIII-XI qurultay və simpoziumlarının nümayəndəsi, keçmiş SSRİ və indiki MDB ölkələrində keçirilən elmi konfransların, eləcə də Cənubi Qafqaz Ölkələri Morfoloqlarının I-V konfranslarının, digər elmi forumların iştirakçısı və təşkilatçılarından olub.
O, uzun illər ATU-nun nəzdində fəaliyyət göstərən Morfoloji Elmlər üzrə Dissertasiya Şurası sədrinin müavini vəzifəsini yerinə yetirib, 2008-2016-cı illərdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olub. Qocaman alim 2017-ci ildən indiyə qədər ATU-nun insan anatomiyası kafedrasının məsləhətçi-professoru vəzifəsində çalışır.
Professor R.Əsgərovun tibb elminin, tibb təhsilinin və Azərbaycan səhiyyəsinin inkişafı naminə göstərdiyi xidmətlər dövlət və xalq tərəfindən yüksək qiymətləndirilib. O, müxtəlif illərdə dəfələrlə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, eləcə də ATU-nun rektorluğunun fəxri fərmanları ilə təltif olunub, 2000-ci ildə “Tərəqqi” medalına, 2007-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.
ATU-nun insan anatomiyası kafedrasının professor-müəllim heyəti adından Azərbaycannın görkəmli anatom-alimi, Əməkdar elm xadimi, professor R.Əsgərovu anadan olmasının 85 və ATU-da fəaliyyətinin 65 illik yubileyləri münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, ailə xoşbəxtliyi, gələcək işlərində yeni-yeni müvəffəqiyyətlər arzulayırıq.
Vaqif ŞADLİNSKİ,
ATU-nun insan anatomiyası kafedrasının müdiri,
Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, professor
Mübariz ALLAHVERDİYEV,
kafedranın professoru, Əməkdar müəllim
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.