Tellərə bağlı talelər

Canımız qədər sevdiyimiz yavrumuzun telləri, hər dinəndə bizə Dədə Qorqud öyüdü verən sazın telləri, hər səslənəndə ruhumuza təsir edən, könlümüzə gah sərinlik, gah da yanğı gətirən kamanın telləri, könüldən-könülə uzanan məcazi tellər... Bu tellərin hamısını bütün insanlar sevirlər. Ancaq bütün həyatı tellərə bağlı olan insanlar da vardır. Əgər həmin insanların üçü bir ailədə cəmləşibsə, demək, bu da Allahın bir fərqləndirməsi, sevgisidir. Belə ailələrdən biri də Əməkdar incəsənət xadimi, mahir kaman ifaçısı Arif Əsədullayevin ailəsidir. Ailənin hər üç üzvü – həyat yoldaşı Şəfiqə Eyvazova və böyük qızı Mehri Əsədullayeva respublikada kifayət qədər tanınan və sevilən kamança ifaçılarıdırlar.

Azərbaycan milli musiqi alətləri sırasında tar, balaban, saz, zurna və bir sıra digər alətlər kimi kamançanın da öz yeri, öz şirinliyi vardır. Zaman axarında bu alətdə Habil Əliyev, Tələt Bakıxanov, Elman Bədəlov, Ədalət Vəzirov, Fəxrəddin Dadaşov, Mir Nazim Əsədullayev və xalqın ruhunu oxşar neçə-neçə sənətkar ərsəyə gəlmiş, öz bənzərsiz ifaları ilə milli musiqi xəzinəmizi zənginləşdirərək adlarını musiqi tariximizə əbədilik yazdırmışlar. Heç də təsadüfi deyil ki, dahi bəstəkarımız Üzeyir Hacıbəyov kamançaya yüksək qiymət verərək, ona melodik alətlərin ən gözəli, insan səsinə ən yaxını olduğunu demişdir.

Haqqında söhbət açmaq istədiyimiz sənətkarlardan biri də Xalq artisti, professor Şəfiqə xanım Eyvazovadır. Adı təkcə respublikamızda deyil, onun hüdudlarından çox-çox uzaqlarda da tanınan və sevilən sənətçi həyatının 50 ildən çoxunu milli musiqi mədəniyyətimizin, kamança sənətinin inkişafına və tədrisinə həsr etmişdir. Təkcə özünün ifaçılıq məharəti ilə deyil, eyni zamanda, pedaqoji fəaliyyəti, ağır təbiəti və ziyalılığı ilə də geniş tamaşaçı auditoriyasının dərin rəğbətini qazanmış Şəfiqə xanım Azərbaycanda ilk qadın solist kaman ifaçısıdır. Repertuarında xalq mahnıları, Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərinə geniş yer ayıran Şəfiqə xanım dünyanın 30-dan çox ölkəsində –ABŞ, Türkiyə, Əlcəzair, Almaniya, Polşa, Yaponiya və digərlərində qastrol səfərlərində olmuş, Azərbaycan incəsənətini layiqincə təmsil edərək Vətənə şöhrət və başucalığı gətirmişdir.

Təsadüfi deyil ki, respublikanın bir çox bəstəkarları – Tofiq Quliyev, Fikrət Əmirov, Hacı Xanməmmədov, Süleyman Ələsgərov, Xəyyam Mirzəzadə, Musa Mirzəyev, Aqşin Əlizadə və onlarca digər sənətkarımız Şəfiqə Eyvazovanın ifasına yüksək qiymət verərək, kamança ilə simfonik orkestr üçün yazılmış konsertin məhz Şəfiqə xanımın ifasında səslənməsini arzu etmişlər. Bu gün radio və televiziyanın qızıl fondunda Şəfiqə xanımın müxtəlif illərdə lentə alınmış ifalarının sayı çox olmasa da onların hər biri xalqın yaddaşında əbədi iz qoymuşdur. Tofiq Quliyevin “Axşam düşdü”, Cahangir Cahangirovun “Zəriflik”, Süleyman Ələsgərovun “Xəyala dalarkən”, Hacı Xanməmmədovun kamança ilə orkestr üçün konsert, Əhsən Dadaşovun “Şur rəngi”, Tofiq Bakıxanovun konsert, dünya klassiklərindən Montinin “Çardaş”, P.Çaykovskinin “Payız nəğməsi” və bir sıra digər əsərləri ilə yanaşı, “Rast”, “Şur”, “Şüştər”, “Rahab” kimi möhtəşəm muğam ifaları da onun repertuarında yer tutur. Əsərlərinin sayının az olması da təsadüfi deyil. Daim yaradıcılıq axtarışlarında olan sənətkar fond yazılarından daha çox canlı ifaya üstünlük verib.

Hər dəfə bu barədə söz düşəndə sevimli və unudulmaz müəllimi Əhsən Dadaşovu misal gətirərək deyir ki, o, lentə alınan hər musiqisinə qulaq asarkən kiçik bir nöqsan görən kimi həmin lent yazısını pozdururdu. Görünür, öz ifalarına belə münasibəti sənət aləmində ona himayədarlıq, mənəvi atalıq etmiş Əhsən Dadaşovdan əxz olunub. Bəlkə elə bu səbəbdəndir ki, sevimli sənətkarımız Əhsən Dadaşovun da bu gün fondda o qədər də çox lent yazısı yoxdur. Lakin nə ifa edibsə, bu ifalarda bir möhtəşəmlik, sanbal, şirinlik var.

Şəfiqə Eyvazovanı digər qadın kamança ifaçılarından fərqləndirən əsas amil onun notu gözəl bilməsi, repertuar zənginliyi, özü üzərində yorulmadan çalışması və təbii ki, ifaçılıq məharətidir. Sevimli bəstəkarımız Tofiq Quliyevin Şəfiqə xanımın sənəti barədə vaxtilə söylədiyi ürək sözləri bu gün də bir çox bəstəkarlar tərəfindən təsdiqini tapır.

Mart yazın nübar ayıdır. Adətən, ilin bu fəslində doğulanlar şeirə, incəsənətə bağlı olurlar. Şəfiqə xanım da istisna deyil. 1947-ci ilin bir yaz günü Bakıda anadan olan Şəfiqə erkən yaşlarında musiqiyə həvəs göstərmişdir. Atası Alxas kişi ağır təbiəti və sözünün ötkəmliyi ilə doğulub boya-başa çatdığı Xızı rayonunda sayılıb-seçilən kişilərdən olub. Muğam sənətinə rəğbəti və özünün az da olsa səsi olduğundan övladlarının da savadlı musiqiçi kimi görməyi arzu edirdi. Bu məqsədlə də 1957-ci ildə Şəfiqəni 2 nömrəli uşaq musiqi məktəbinin kamança sinfinə yazdırır. Yaşça özündən 10-15 yaş böyük olan qardaşı Niyaz Şəfiqənin kamança çalmasına qəti etiraz edir, “qız kamança çalmaz” deyir. Nə yaxşı ki, digər qohumlar onu razı sala bildilər. Altı ay dərsə gec getməsinə baxmayaraq, fitri istedadı və zəhmətsevərliyi sayəsində az bir vaxtda sevimli müəllimi, sonralar isə ailəvi dostu, qızı Mehrinin də müəllimi olmuş Almaz Kərimovanın sayəsində Şəfiqə xanım keçilən proqramı mənimsəyə bildi. Almaz xanımın təşəbbüsü və təkidi ilə dördüncü sinifdən sənədlərini Bülbül adına orta ixtisas musiqi məktəbinə verir. Musiqi fənlərindən əla qiymətlər alsa da ümumtəhsil fənlərindən, xüsusən də riyaziyyat, kimya, fizika, tarix fənlərindən aldığı qiymətlər ürəkaçan deyildi. Bu səbəbdən müəllimlərin qəti etirazına baxmayaraq, 1962-ci ildə məktəbi tərk edib sənədlərini Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinə verir. Qəbul imtahanında “Rahab” muğamını çalır, gənc qızın belə çətin muğama müraciət etməsi münsiflərdən Əhməd Bakıxanov, Midhəd Əhmədov, Adil Babayev tərəfindən çox bəyənilir. Adətən, çətin ifa olunan muğam nümunələri II-III kurslarda keçilir. 14 yaşlı bir qızcığazın belə muğama müraciət etməsi Əhməd Bakıxanovun nəzərindən yayınmır. Böyük sənətkar “Bu qızın böyük gələcəyi var” –deyə, Şəfiqə xanımı təbrik edir. Adətən, hamını adı ilə çağıran Əhməd Bakıxanov, nədənsə o gün Şəfiqə sözünə xanım kəlməsini də əlavə edir. “Bu gündən sənətinin də xanımı olmağa çalışmalısan” – deyir.

Quş qanadlı illər ötüb keçdikcə Şəfiqə xanım sənətdə gündən-günə püxtələşir. Məktəb tədbirlərində, gənc ifaçıların filarmoniyada keçirilən konsertlərində ilk dəfə olaraq solo musiqi nömrələri ilə çıxış edir. Nəticədə Şəfiqə xanımın sənət uğurlarının xoş sədası Səid Rüstəmova da çatır.

“Hər şey təsadüfən başladı. Bir gün Əhsən Dadaşov mən oxuyan sinfə girərək sabah Səid müəllimin yanına gəlməyimi xahiş etdi. O zaman mənim cəmi 16 yaşım var idi. Eşitdiyimə görə, Səid müəllim adətən orkestrə yeni üzv qəbul edərkən onu yoxlamazdı. Çünki əvvəlcədən tanıyıb, ifaçılıq məharətinə, not savadına bələd olduğundan ayrıca yoxlamağa ehtiyac bilmirdi. Vaxtilə Əhsən Dadaşov da 14 yaşında olarkən bu sınaqdan keçmişdi. İndi isə mən keçməli idim. Kamançanı kökləmək istəyirdim ki, orkestrin digər üzvü Hafiz Mirzəliyev kömək məqsədilə kamançanı kökləmək üçün ona verməsini istədi. “Yox-yox özüm kökləyəcəyəm”– dedim. Bu inadkarlığım Səid müəllimin çox xoşuna gəldi: “Cəsarətli qızdır” – dedi. “Rast” muğamını çaldım. Orkestr üzvlərinin üzlərindəki ifadələrdən, bir də not pultunu döymələrindən hiss etdim ki, ifam xoşlarına gəlib. Təkcə Səid müəllim qəti bir söz demədi. Sözün düzü, ürəyimdə öz-özümə dedim – belə də olmalı idi”.

Orkestrdə hamı peşəkar musiqiçi olduğu halda, 16 yaşlı qızın belə bir mötəbər kollektivdə çalışmasına illər lazımdır, – deyə Şəfiqə xanım o günləri yada salmağa çalışdı: “İki gün sonra xəbər yayıldı ki, mən orkestrə qəbul olunmuşam. O günün sevincini ömür boyu unutmaram”. 1963-cü ildən 1976-cı ilə qədər Şəfiqə xanım Səid Rüstəmovun rəhbərlik etdiyi Azərbaycan televiziya və radio verilişləri şirkətinin xalq çalğı alətləri orkestrində çalışır. Eyni zamanda, Əhsən Dadaşovun rəhbərlik etdiyi ansamblın ən fəal üzvlərindən biri olur. Çox çəkmir ki, Əhsən Dadaşov Şəfiqə xanımın konsertlərdə solo nömrələrlə çıxış etməsinə şərait yaradır. Şövkət Ələkbərova, İslam Rzayev, Sara Qədimova, Gülağa Məmmədov, Alim Qasımov, Elmira Rəhimova və onlarla digər populyar müğənniləri müşayiət etmək, onlarca yaradıcılıq əlaqələri saxlamaq gənc ifaçıya baş ucalığı gətirsə də, sənətdə arxayınçılığa yol vermir.

1966-cı ildə ali təhsil almaq məqsədilə sənədlərini Azərbaycan Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Akademiyası) verir. 1971-ci ildə konservatoriyanı müvəffəqiyyətlə bitirir. Bu illər ərzində sevimli müəllimi və himayədarı Əhsən Dadaşovdan və ona doğma olan kollektivdən bir gün də olsun ayrılmır. SSRİ xalqlarının folklor musiqi festivallarında, 1978-ci ildə Bişkekdə, 1979-cu ildə Moskva şəhərində keçirilən musiqişünasların beynəlxalq simpoziumlarında, 1987-ci ildə Səmərqənddə, 1988-ci ildə UNESCO-nun xətti ilə ABŞ-da keçirilən “Şərq xalqlarının musiqi folkloru” festivalında xanəndə Alim Qasımov və tarzən Ramiz Quliyevlə birgə uğurlu çıxışları Şəfiqə Eyvazovanın sənət karyerasında mühüm rol oynayır. Beynəlxalq Qadınlar Konqresinin xüsusi medalı ilə təltif olunan Şəfiqə xanım 1974-cü ildən konservatoriyaya müəllim kimi dəvət olunur. Bu gün Şəfiqə xanımın yetirmələri konservatoriyanın, orta ixtisas musiqi məktəbinin müəllimləri, orkestr və ansamblların aparıcı solistləridir.

Çoxşaxəli zəngin yaradıcılıq yolu keçmiş Şəfiqə xanımın həyatında əlamətdar hadisələrdən biri də 1980-ci ildə SSRİ Xalq artisti, dünya şöhrətli müğənni Rəşid Behbudovun onu öz teatrına dəvət etməsi idi.

– Rəşid müəllim bizi çox mehribanlıqla qarşıladı. İsveçrəyə qastrol səfərinə gedəcəyimizi deyib fikrimi bilmək istədi. Sözün düzü, hiss etdim ki, Rəşid müəllim məndən daha çox həyat yoldaşım Arifin razılığı üçün narahat idi. Rəşid müəllimin bu təklifi mənim üçün gözlənilməz olduğundan bir an nə deyəcəyimi bilmədim. Gec cavab verdiyimi görüncə – “Hə nədi, yoxsa oxuyub dosent olacaqsan?”– deyə gülümsəyib cavabımı gözlədi. Bu sözdə hiss etdim ki, bir doğmalıqla yanaşı nigarançılıq da var. Konservatoriyada çalışdığımı, yeni ailə qurduğumu da bilirdi. İsveçrə səfərindən qayıtdıqdan sonra Rəşid müəllim daimi olaraq onun kollektivində çalışmağımı istədi. Qarşıda Tunis, Mərakeş, AFR, ADR qastrol səfərləri olduğunu dedi. Ailə vəziyyətimlə əlaqədar bu səfərlərə gedə bilmədim.

Rəşid müəllimlə düz 5 il keçmiş SSRİ və bir çox xarici dövlətlərdə qastrol səfərlərində oldum. Hər yerdə hörmət və ehtiramla qarşılanan Rəşid müəllimin repertuarında dünya xalqlarının nəğmələri ilə yanaşı, xalq mahnılarına, milli musiqi alətlərinin ifasına xüsusi önəm verilirdi. Bu səbəbdən də hər konsertdə mənim solo ifama daim geniş yer ayırırdı. Çox vaxt məni bu konsertlərdə nümayəndə heyətinin rəhbəri, bəstəkar Tofiq Quliyev və Dövlət Mahnı Teatrının musiqi rəhbəri Rafiq Babayev müşayiət edirdi. Hər konsertdən sonra Tofiq Quliyev bütün kollektivi yığıb konserti müzakirə edərdi. Çox vaxt da kollektivdən soruşardı: Bu gün ən yaxşı çıxış edən kim idi? Həmin andaca özü cavab verərdi: Əlbəttə ki, Şəfiqə – deyib tərifləyərdi.

Milli musiqimizin, kamança sənətinin inkişafındakı xidmətlərinə görə, Şəfiqə xanım Eyvazova 1988-ci ildə Əməkdar artist, 2000-ci ildə isə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülür. O, yenə əvvəlki şövqlə gündəlik məşqlərindən qalmır, Milli Konservatoriyanın professorudur, kamança sənətinin tədrisi ilə məşğul olur. Beləliklə, tellərə bağlı bir sənətkar ömrünün acılı-şirinli xatirələrindən, sənət uğurlarından söz açmağa çalışdıq. Kamana bağlı ailənin digər üzvləri barədə yazıları isə qəzetmizin gələcək nömrələrində hörmətli oxuculara təqdim edəcəyik.

Rafiq SALMANOV,
Əməkdar mədəniyyət işçisi,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında