www.science.gov.az saytından aldığımız məlumata görə, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı ədib, professor Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyi münasibətilə Mədəniyyət Nazirliyi və Milli Kitabxana tərəfindən nəşr olunmuş “Mir Cəlal. Biblioqrafiya”, akademik Nizami Cəfərovun “Mir Cəlalın milli idealları” kitablarının və “Mir Cəlal–110” elektron məlumat bazasının təqdimatı keçirilib.
Tədbirdə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək “Mir Cəlal. Biblioqrafiya”sında görkəmli yazıçının həyat və yaradıcılığına aid zəngin materialların, habelə onun dünyanın ən zəngin kitabxanalarında mühafizə olunan nəşrlərinin əksini tapdığını bildirib.
Diqqətə çatdırılıb ki, ikinci dəfə çap olunan biblioqrafiyanın layihə rəhbəri mədəniyyət naziri Əbülfəs Qarayev, “Ön söz” müəllifi Xalq yazıçısı Elçindir.
Sonra tədbir iştirakçıları Mir Cəlalın ömür yolundan və zəngin yaradıcılığından bəhs edən filmə baxıblar. Filmdə ədibin yaradıcılığı 3 istiqamət üzrə - elmi, pedaqoji və yazıçı kimi işıqlandırılıb.
Yazıçının 100 illiyi ilə bağlı UNESCO-nun baş qərargahında keçirilən möhtəşəm tədbiri xatırladan Mədəniyyət naziri Əbülfəs Qarayev deyib ki, XX əsrin ədəbi-elmi fikrinin korifeylərindən sayılan Mir Cəlal Paşayev çağdaş Azərbaycan tarixində ədəbiyyatşünas-nəzəriyyəçi alim kimi də müstəsna və özünəməxsus yer tutub.
Nazir deyib ki, ilk biblioqrafiyanın çapından ötən 12 il ərzində, görkəmli ədiblə bağlı kifayət qədər əlavə materialların çap olunduğunu nəzərə alan Milli Kitabxana yazıçının anadan olmasının 110 illiyi münasibətilə “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından daha mükəmməl və fundamental biblioqrafiya hazırlayıb. Oxuculara təqdim olunan bu biblioqrafiya daha da təkmilləşdirilib, yeni bölmələr və yarımbölmələr əlavə edilib. Əbülfəs Qarayev Mədəniyyət Nazirliyinin “Azərbaycan kitabının dünyada tanıdılması” layihəsi çərçivəsində Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” romanı və “Füzuli sənətkarlığı” əsərinin Türkiyədə çap olunduğunu diqqətə çatdırıb.
Sonra nazir Mir Cəlalın 1950-ci ildə Çexiyada çex dilində işıq üzü görən “Bir gəncin manifesti” romanının bərpa olunmuş nüsxəsini ədibin oğlu, ADA Universitetinin rektoru, professor Hafiz Paşayevə təqdim edib. Qeyd edilib ki, bu yazıçının rus dilindən sonra xarici dilə tərcümə olunmuş ilk əsəridir.
Akademik Nizami Cəfərovun “Mir Cəlalın milli idealları” kitabının da ədibin irsinin daha geniş şəkildə öyrənilməsinə dəyərli töhfə olduğunu deyən Ə.Qarayev belə əsərlərin çapını həm ədəbiyyatımıza, həm də ədəbiyyatşünaslığımıza ən gözəl xidmət adlandırıb.
Tədbirdə çıxış edən “Mir Cəlal. Biblioqrafiya”sının “Ön söz” müəllifi, Xalq yazıçısı Elçin Əfəndiyev ədibi həm yazıçı, həm də ədəbiyyatşünas alim kimi xarakterizə edərək onun əsərlərinin əbədiyaşarlığından söz açıb: "Nə qədər Azərbaycan ədəbiyyatı var, Mir Çəlal müəllim yaşayacaq və hər zaman sevilə-sevilə oxunacaq".
Akademik Nizami Cəfərovun “Mir Cəlalın milli idealları” kitabını ədibin irsinin araşdırılması və tədqiqi baxımından yüksək qiymətləndirən Xalq yazıçısı bu işdə əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, “Dirilən adam”, “Bir gəncin manifesti”, “Açıq kitab”, “Yaşıdlarım”, “Təzə şəhər” romanları, “İnsanlıq fəlsəfəsi”, “Təzə toyun nəzakət qaydaları”, “Vicdan mühakiməsi”, “Anket Anketov”, “Şərbət” və digər hekayələri ilə Mir Cəlal görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutub. Ədib, eyni zamanda, ömrünün sonunadək dərs dediyi Bakı Dövlət Universitetində (BDU) elmi-pedaqoji fəaliyyətlə məşğul olub, XX əsr Azərbaycan ədəbiyyatında, elmində müstəsna xidmətlər göstərib.
Daha sonra BDU-nun rektoru, akademik Abel Məhərrəmov çıxış edərək söyləyib ki, özünəməxsus yaradıcı keyfiyyəti ilə seçilən yazıçı Azərbaycan ədəbiyyatında roman janrına yeni nəfəs gətirməklə bu sahədə özünəməxsus məktəb yaradıb. Ədibin əsərlərində irəli sürülən ideyalar bu günümüz üçün də kifayət qədər aktualdır. Onun həm elmi, həm də bədii yaradıcılığı tədqiqat mövzuları olaraq daim diqqətdədir və araşdırılır.
Akademik Nizami Cəfərov isə çıxışında bildirib ki, təqdimatına toplaşdığımız hər iki kitab elmi-tədqiqat obyekti kimi alimin irisinin araşdırılmasında vacib mənbələrdən hesab edilir: "Mir Cəlal Paşayev alim kimi tələbələrinə böyük dəstək olub, qayğı göstərib. Onun haqqında yazanda, ilk növbədə, insanın gözündə onun oriyentasiyası, səs tembri canlanır. Mir Cəlalın yaradıcılığı şəxsiyyətini tamamlayırdı. Alimin yaradıcılığı bu gün bütün dünyada təbliğ və tədqiq olunur”.
Tədbirdə Xalq şairləri Fikrət Qoca, Nəriman Həsənzadə, akademik Vasim Məmmədəliyev, AMEA-nın müxbir üzvü Təhsin Mütəllimov və professor Buludxan Xəlilov çıxış edərək böyük ədəbin zəngin yaradıcılığından danışıb, onunla bağlı xatirələrini bölüşüblər.
Sonra “Mir Cəlal–110” elektron məlumat bazasının təqdimatı olub. Alimin ailəsi adından oğlu, “ADA” Universitetinin rektoru Hafiz Paşayev çıxış edərək belə bir tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Atasının xatirəsinə göstərilən ehtiramdan məmnunluğunu ifadə edən Hafiz Paşayev, vaxtilə alimin tələbəsi olan insanları bir arada görməkdən məmnunluğunu ifa edib. O, atası ilə bağlı xatirələrini bölüşərək yaradıcılığından söz açıb, Mir Cəlal Paşayevin yaradıcılığının gələcək nəsillər üçün də örnək olduğunu vurğulayıb.
İ.Əmənullayev
“Xalq Qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.