Muğam Mərkəzində Beynəlxalq Caz Günü

Aprelin 30-da Beynəlxalq Muğam Mərkəzində ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Beynəlxalq Caz Günü münasibətilə qala-konsert keçirilib.

konsertdən əvvəl Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri - UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov çıxış edərək ölkəmizdə caz musiqisinin zəngin və tarixi ənənələrinin olduğunu bildirib. Qeyd edib ki, bu musiqi sənəti ötən əsrin 30-cu illərindən başlayaraq ölkəmizdə populyarlıq qazanıb və sevilməyə başlayıb. Sonralar caz musiqisi öz inkişaf yolunu uğurla davam etdirib və təkrarolunmaz Azərbaycan cazının təməli qoyulub. Keçmiş SSRİ-də Bakı ən qabaqcıl caz məkanlarından biri sayılıb və müstəqilliyimizin bərpasından sonra bu musiqiyə olan sevgi daha da artıb. Bu gün caz musiqisi ölkəmizdə ən çox sevilən və maraq doğuran musiqi növlərindən biridir. Dünyada mədəniyyətlərarası mübadilənin inkişaf etdirilməsində, eyni zamanda, tolerantlığın bərqərar olmasında cazın rolu böyükdür. “Fəxr hissi ilə qeyd etmək istəyirəm ki, ölkəmiz mədəniyyətlərarası dialoqun, multikulturalizmin, tolerantlığın və mədəni müxtəlifliyin təşviqinə öz dəyərli töhfəsini verir. Azərbaycan bu sahədə nümunəvi və nadir məkanlardan biri sayılır, o cümlədən caz musiqisi ilə tanınır”, - deyə Elnur Sultanov vurğulayıb.

Diqqətə çatdırılıb ki, UNESCO 2011-ci ildən 30 aprel tarixini Beynəlxalq Caz Günü kimi təsis edib və həmin ildən etibarən bu gün münasibətilə keçirilən tədbirə bir sıra şəhərlər ev sahibliyi edib.  Azərbaycan 25 ildir UNESCO-nun fəal üzvüdür və ölkəmiz bu təşkilatın dəyərlərinin təşviqində  müstəsna rol oynamaqdadır. Azərbaycan və UNESCO arasında mövcud olan sıx əlaqələrin inkişafında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın misilsiz xidmətləri var. Mehriban Əliyevanın Azərbaycan musiqisinə diqqət və qayğısı nəticəsində ölkəmizdə caz musiqisi yeni inkişaf dövrünü yaşayır, musiqiçilərimiz müxtəlif beynəlxalq caz müsabiqələrində uğurla iştirak edirlər.  

Elnur Sultanov deyib: “UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası olaraq, biz ilk dəfə 30 aprel – Beynəlxalq Caz Gününə tərəfdaşlıq etməkdən məmnunluq hissi keçiririk və gələcəkdə də bu istiqamətdə əməkdaşlığa hazırıq. Əminik ki, möhtəşəm Bakı Caz Festivalı gələcəkdə də davam edəcək və birgə səylər nəticəsində Azərbaycan yeni-yeni nailiyyətlərə imza atacaq”.

Sonra UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının loqosunun həkk olunduğu xatirə hədiyyəsi Bakı Caz Festivalının rəhbəri Leyla Əfəndiyevaya təqdim edilib.

Leyla Əfəndiyeva bildirib ki, Azərbaycanda cazın böyük tarixi var. Ölkəmizdə Tofiq Quliyevin, Niyazinin, Tofiq Əhmədovun rəhbərliyi ilə caz kollektivləri fəaliyyət göstərib. Azərbaycan caz musiqisi aləmində Vaqif Mustafazadə və Rafiq Babayevin adları ilə məşhurlaşıb.

ABŞ səfirliyinin müşaviri Uilyam Gill deyib ki, Bakıda Beynəlxalq Caz Gününün qeyd edilməsi  musiqinin sərhədsiz olduğunu bir daha təsdiqləyir. Caz dünya miqyasında genişlənərək fərqli mədəniyyət və onun sivil üslublarına əsaslanaraq ümumbəşəri xarakter alıb. “Düşünürəm ki, multikultural tarixi ilə seçilən Azərbaycan bu səbəbdən cazı tam qəbul edə və bir qədər də özününküləşdirə bilib. Azərbaycanın caz musiqiçilərinin dünyada tanınması təqdirəlayiqdir”, - deyə Uilyam Gill vurğulayıb.

Sonra qala-konsert başlayıb. Konsertdə ABŞ-ın tanınmış caz qrupu “Kennedy Administration”, həmçinin yerli caz ifaçıları klassik və müasir caz nümunələri ilə çıxış ediblər. 

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında