İşıq, gözəllik və xeyirxahlıq mücəssəməsi

(Görkəmli oftalmoloq alim, ictimai xadim, akademik Zərifə xanım Əliyevanın 95 illik yubileyinə)

Akademik Zərifə Əliyeva – 95

Dünya bərqərar оlandan işıqla-zülmətin, yaxşı ilə pisin, xеyirlə-şərin mübarizəsi gеdir. Həyatı da, insanlığı da var еdən, mənalandıran bu mübarizədir. Kim işığın tərəfindədirsə, üz-gözünə haqqın nuru çilənir, оlur işıqlı adam. Kim yaxşılığın tərəfindədirsə, pisliklə işi yоxdursa, içi imanla dоlur – оlur yaxşı adam. Kim xеyrin tərəfindədirsə,  hamıya, hər zaman təmənnasız köməyini əsirgəmir, vaxtını, əməyini, malını еhtiyacı оlanlardan əsirgəmirsə, Vətəninin və millətinin xеyri üçün çalışırsa оlur xеyirxah adam.

İşıqlı adam – xоşbəxt adamdır.

Yaxşı adam – xоşbəxt adamdır.

Xеyirxah adam – xоşbəxt adamdır.

Bu üç kеyfiyyəti özündə birləşdirən adamlar isə – Allahın sеvimli bəndəsidir və öz fiziki ömründən qat-qat uzun ömür yaşamağa haqqı оlanlardır.

... Dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş görkəmli oftalmoloq alim, gözəl ziyalı, mehriban ana, vəfalı ömür-gün yoldaşı  akademik Zərifə xanım Əliyeva Tanrının əbədiyaşarlıq haqqı verdiyi seçilmişlərdəndir.

 İnsanın kimliyi üçün əsil-nəcabət vacib şərtdir. Ötən əsrdə topçubaşovlar, hacıbəylilər, şadlinskilər, rəfibəylilər, bədəlbəylilər, şahtaxtinskilər kimi ailələr Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm rol oynamış və dərin izlər qoymuşlar. Bu sırada akademik Zərifə xanım Əliyevanın ləyaqətlə təmsil olunduğu əliyevlər ailəsinin şərəfli yeri vardır.

Zərifə xanımın nəsil şəcərəsi Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan İrəvanın əsilzadə mühitində sayılıb seçilən bir ailəyə bağlıdır.  Ata babası  Məmmədkərim Qurbanəli oğlu da, ana  babası  İbrahim bəy Süleymanbəyov da İrəvanın  məşhur əsilzadələrindən idilər.

Təəssüf ki,  Məmmədkərim Qurbanəli oğlunun İrəvan yaxınlığındakı Hamamlı kəndindəki mülkü də, İbrahim bəy Süleymanbəyovun İrəvandakı göz oxşayan imarəti də 1918-ci ildə erməni-daşnak başkəsənləri tərəfindən qəsb olundu, dağıdıldı, o torpaqların özü qədər gözəl olan sakinləri dədə-baba yurdlarından didərgin düşdülər və bir daha doğma ocaqlarına qayıda bilmədilər. Daşnakların azərbaycanlılara qarşı  həyata keçirtdiyi soyqırımı  Əziz Əliyevi 1918-ci ildə Sankt-Peterburqdakı təhsilini yarımçıq qoyub İrəvanda təqiblərə məruz qalan ailəsini Şahtaxtı kəndinə köçürməyə məcbur edir. Məhz burada 1923-cü il aprelin 28-də Zərifə xanım dünyaya göz açır. 1923-cü ilin may ayında Əziz Əliyev Bakıya köçür və  sonrakı taleyini bu böyük şəhərlə bağlayır.

Fövqəladə ağlı, istedadı, biliyi və çalışqanlığı sayəsində öz adını Azərbaycanın səhiyyə və dövlətçilik tarixinə qızıl hərflərlə yazdırmış professor Əziz Əliyevin digər övladları kimi Zərifə xanım da yüksək mədəniyyət və ailə tərbiyəsi görmüş, təhsil almış, elm öyrənmiş, öz peşəsinin dərin bilicisi kimi xalqına ləyaqətlə xidmət etmiş, insanların hörmətini və sevgisini qazanmış, görkəmli alim, ictimai xadim kimi respublikamızın hüdudlarından kənarda da tanınmış və sevilmişdir.

Heç şübhəsiz ki, bu uğurların  əsasında soy-kökdən gələn istedadla yanaşı ailə ənənələrindən doğan çalışqanlıq, məsuliyyət, məqsədyönlülük, daxili intizam və mədəniyyət dayanırdı.

İrəvanın kübar-ziyalı mühitindən qaynaqlanan ailə ənənələri görkəmli dövlət xadimi və səhiyyə təşkilatçısı professor Əziz Əliyevin  Bakıda, Cənubi Azərbaycanda, Dağıstanda, Moskvada yaşadığı illərdə dostluq etdiyi Azərbaycanın və o vaxtki SSRİ-nin tanınmış ziyalıları, elm və mədəniyyət xadimlərinin təsiri ilə daha da zənginləşmişdir.

Burada Əziz Əliyevin 100 illik yubileyinə həsr edilmiş təntənəli gecədə ümummilli lider Heydər Əliyevin nitqindəki fikirlər necə də yerinə düşür:

“Bütün tibb professorları onun dostları idi. Onların çoxunu o hazırlayıb irəli çəkmişdi. Azərbaycan incəsənəti və ədəbiyyatının Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Bülbül,  Niyazi, Səməd Vurğun, Süleyman Rüstəm, Qara Qarayev və bir çox başqaları kimi görkəmli xadimləri ilə onun çox yaxın,  mehriban, ailəvi münasibətləri vardı.”

Akademik Zərifə xanımın həkimlik sənətini seçməsi də ailə ənənəsi ilə əlaqədar olmuşdur. Atası Əziz Əliyev,  qardaşları Tamerlan və Cəmil, bacısı Ləzifə xanım  ilə yanaşı bibisi Göyçək xanım, əmisi Ziyad Əliyev, bibisi Şamama xanım Ələsgərova, bibisi oğlanları Qurban Əliyev (o, uzun illər respublikamızın Ali və Orta ixtisas təhsili naziri olmuşdur), Yusif Əliyev görkəmli həkim, səhiyyə təşkilatçısı və tibb alimləri olmuşlar.

Dövrün amansız sınaqları bu ailəni böyük çətinliklərlə üz-üzə qoysa da, həm Əziz müəllim, həm də onun ailə üzvləri bu sınaqdan ləyaqətlə çıxmışlar.

Zərifə xanımın tələbəlik və gənclik illəri ağır  müharibə dövrünə düşsə də, onun atasının yüksək dövlət vəzifələrində çalışması, heç şübhəsiz ki, bu ailənin üzvlərinin statusunun başqalarından yuxarı olması şansını şərtləndirirdi. Lakin Zərifə xanım heç nə ilə digər tələbə yoldaşlarından fərqlənmir, bu üstünlüyü hiss etdirmir, bəlkə heç özü də hiss etmirdi. Onun tələbə yoldaşlarının çoxsaylı xatirələri bunu söyləməyə əsas verir.

Səbəb isə çox sadə idi. Əsilzadə nəcabəti, ailə tərbiyəsi və şəxsi keyfiyyətlər. Məhz bu xarakter Zərifə xanımın bütün həyatı boyu onu müşayiət etdi, onu milyonlarla insana sevdirdi. Əbəs yerə demirlər ki, insanın böyüklüyü onun sadəliyindədir. Təbib, müəllim,  alim, ictimai xadim kimi qazandığı şöhrətinin ən yüksək zirvədə olduğu vaxtlarda da akademik Zərifə xanım Əliyeva belə də qaldı: qayğıkeş, mehriban, gülərüz, xeyirxah...

İnsan ətraf mühitdən aldığı informasiyanın 80 faizini görmə orqanı – gözləri vasitəsi ilə alır. Buna görə də göz insanın duyğu orqanlarının ən əhəmiyyətlisidir. İşığı sönmüş gözlərə nur vermək günəşin yer üzünü işıqlandırması qədər müqəddəs bir işdir. Məhz akademik Zərifə xanım Əliyeva öz həkimlik fəaliyyəti boyu minlərlə sadə insana bu səadəti bəxş edib, təmənnasız böyük bir insan xeyirxahlığı, həkim qayğıkeşliyi ilə...

Belə bir deyim var ki, hər kəsin xoşbəxtliyinin ölçüsü başqalarını xoşbəxt etdiyi qədərdir. Yüz minlərlə insana günəş işığını, göz nurunu qaytarmaqdan böyük xoşbəxtlik, yaxşılıq nə ola bilər ki... Zərifə xanım o insanlardandır ki, onun haqqında danışanda epitetlər əhəmiyyətsiz olur. Onu tanıyan hər kəsin yaddaşında “Zərifə xanım” kəlməsi bəlkə də dünyanın ən qiymətli, ən uca sözüdür.

 Zərifə xanım həkimlik və alimlik fəaliyyətini daha çox ictimai əhəmiyyətli göz xəstəliklərinin müalicə və profilaktikasına həsr etmişdir. Onun gənc həkim, alim kimi işə başladığı dövrlərdə Azərbaycanda ağır göz xəstəliyi olan traxoma geniş yayılmışdı. Bəzən qısa müddətdə bütöv ailələri dünya işığından məhrum edən bu xəstəliklə mübarizə tarixində Zərifə xanım Əliyevanın adı qızıl hərflərlə yazılmışdır.

 Zərifə xanımın doktorluq dissertasiyası isə artıq sənayesi sürətlə inkişaf edən Azərbaycanda gözün yeni bir spesifik xəstəliyinə-peşə xəstəliyinə həsr edilmişdir. Ötən əsrin 60-70-ci illərində Bakı və Sumqayıt regionun ən böyük sənaye mərkəzlərinə çevrilmişdi, burada onlarca neft, maşınqayırma, kimya zavodları fəaliyyət göstərirdi. Bu zavodlarda istehsal edilən, istifadə olunan müxtəlif kimyəvi maddələrin gözə təsirinin öyrənilməsi, qarşısının alınması və müalicəsi sahəsində o vaxtki SSRİ miqyasında ilk öncüllərdən biri, bəlkə də birincisi Zərifə xanım olmuşdur.

Zərifə xanım Əliyeva dünyada ilk dəfə olaraq peşə patalogiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktiki olaraq elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoymuşdur. Apardığı tədqiqatların nəticəsi olaraq "Göz yaşının axmasının fiziologiyası", "Gözün və görmə sinir yolunun yaşla əlaqədar dəyişiklikləri", "Gözün hidrodinamik sisteminin anatomik fizioloji təbiəti" və s. kimi onlarla elmi məqalə və monoqrafiyalar çap etdirmişdir.

Uzunmüddətli müşahidələrin və tədqiqatların nəticələri görkəmli həkimin "Azərbaycanın kimya sənayesinin bəzi müəssisələrinin işçilərinin görmə üzvünün vəziyyəti" mövzusunda doktorluq dissertasiyasının əsasını təşkil edib. 1976-cı ildə Q. Helmholts adına Moskva Göz Xəstəlikləri İnstitutunda həmin dissertasiyanın müdafiəsi zamanı Sovet İttifaqının aparıcı alimləri Zərifə xanımın elmi əsərlərini çox yüksək qiymətləndiriblər.

Görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. Keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim kimi onun adı oftalmologiya elminin tarixinə düşmüşdür. Akademik Zərifə Əliyevanın elmi-tədqiqat işlərinin bir qismi qlaukomanın etimologiyası, diaqnostikası və müalicəsi məsələlərini əhatə edir. Onun "Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası", "Yaşla bağlı gözün əsəb yollarının dəyişilməsi" və digər monoqrafiyaları göz xəstəliklərinin yaş xüsusiyyətlərinə, "Göz sulanmasının fiziologiyası", "Göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi" və digər monoqrafiyaları isə daktriologiyaya həsr edilmişdir. Z.Əliyevanın digər müəlliflərlə birgə qələmə aldığı fundamental "Terapevtik oftalmologiya", "Oftalmologiyanın aktual məsələləri", "İridodiaqnostikanın əsasları" və sair kitabları bu gün də oftalmoloqların ən çox müraciət etdikləri, oxuyub faydalandıqları əsərlərdəndir.

 Olduqca humanist və qayğıkeş bir insan olan Zərifə xanımı həkim etikası və tibbi deontologiya məsələləri həmişə düşündürmüşdür. O, gənc həkimlərin peşə etikasının düzgün formalaşmasına, tibb işçilərinin peşə fəaliyyəti ilə bağlı problemlərin öyrənilməsinə və həllinə həmişə böyük önəm vermişdir. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, «Yüksək etimad» kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir.

Zərifə xanım haqlı olaraq belə hesab edirdi ki, həkimin peşə mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir: "Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək, hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir".

Akademik Zərifə Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə xüsusi həssaslıqla yanaşırdı. Onun birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir.

Zərifə xanım heç zaman gərgin işdən usanmamış, ürəkdən və ilhamla çalışmışdır. Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır.

Özünün zəngin tibb təcrübəsinə və həyat müdrikliyinə əsaslanan Zərifə xanım Əliyeva həkimin xəstə ilə necə davranmağına dair tövsiyələr verirdi. Bu münasibətlərdə həkimin "sözlə" müalicə edə bilmək bacarığını ön plana çəkirdi. Onun fikrincə, səhiyyə işçisinin əxlaqının əsaslarını səmimiyyət, xəstəni başa düşmək bacarığı, xeyirxahlıq, təvazökarlıq, təmannasızlıq təşkil edir.

Akademik Zərifə Əliyeva 150-dən artıq elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin, dərs vəsaitinin müəllifidir. O, onlarca elmlər doktorunun və elmlər namizədinin elmi rəhbəri olmuşdur. Akademik Zərifə xanım Əliyeva oftalmologiya elmində əldə etdiyi tutarlı nailiyyətlərə, xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində əvəzsiz xidmətlərə görə Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. O, həmçinin çoxillik elmi, pedaqoji, müalicəvi, ictimai fəaliyyəti nəticəsində qazandığı uğurlara görə bir sıra orden və medallarla, fəxri fərmanlarla təltif edilmişdir.

Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq "Bilik" Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olmuş, "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür.

 Zərifə xanım çox mükəmməl bir şəxsiyyət olmuş, gözəl, yaraşıqlı qadın, qayğıkeş həyat yoldaşı, mehriban ana, humanist həkim, fədakar alim, sevimli müəllim kimi xatirələrdə silinməz izlər qoymuşdur.

Tələbəlik yoldaşı və həmkarı, professor Zəhra Quliyeva onu belə xatırlayırdı: "Zərifə xanım qeyri-adi bir qadın idi. O, heç də hamıya qismət olmayan böyük bir qabiliyyətin sahibi idi. Bu sevə bilmək qabiliyyəti idi. Həyatda nə edirdisə, sevgi ilə edirdi. Onun sevgisinin qüvvəsi öz ailəsinin hüdudlarında daha parlaq əks olunur, daha artıq duyulurdu. O, uşaqlarına, sonra isə nəvələrinə sevgisində özünü unudurdu. Zərifə xanım Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin ləyaqətli ömür-gün yoldaşı, sədaqətli dostu, sevimli qadını və əqidə yoldaşı idi. Bacımızın xatirəsi ilə bağlı ötən günlərimiz heç vaxt yadımdan çıxmır. Yaddaşımda tələbə Zərifənin şən və qayğısız siması, gəlin Zərifənin xoşbəxtliyi və həyəcanı, ana Zərifənin nəvazişkarlığı, ictimaiyyətçi Zərifənin ehtiraslı, alovlu fəaliyyəti, alim Zərifənin müdrikliyinə aid nə qədər fakt və hadisələrlə əyaniləşib".

Bəlkə də bəşər tarixində nadir şəxslərə qismət olmuşdur ki, dövlət xadiminin övladı, həyat yoldaşı və anası kimi şöhrətin ən uca mərtəbəsinə yüksəlsin, lakin özünün qazandığı insanlıq zirvəsini bütün şan-şöhrətlərdən ucada tuta bilsin.

Ümummilli lider Heydər Əliyev dünyasını vaxtsız dəyişən ömür-gün yoldaşını həmişə böyük məhəbbətlə və ehtiramla xatırlayırdı:

“Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla ailə həyatı quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam. Mənim övladlarım da bu əhval-ruhiyyədədirlər. Onlar bu əhval-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar. Ona görə də bu gün bizim üçün müqəddəs gündür. Bu gün xoşbəxt gündür. Çünki bu gün Zərifə xanım kimi böyük bir insan Yer üzünə gəlib, mənim həyatımı xoşbəxt edib, mənə gözəl övladlar bəxş edib”.

Zərifə xanım çox erkən, 62 yaşında dünyasını dəyişmişdir. İslam aləmində 62 yaş müqəddəs sayılır. Peyğəmbər yaşıdır. Bir də ki, xeyirxahlığın, müqəddəs əməl sahiblərinin yaşı olmur. İnsan nə qədər xatırlanırsa, o qədər yaşayır. Zərifə xanım kimi işıqlı, nurlu, xoş əməl sahibi insanlar isə heç zaman unudulmur.

Musa URUD,
Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında