Şəhid pilotlarımızdan bəhs edən “Aprel şəkilləri” sənədli filmi təqdim olunub

Aprelin 27-də Beynəlxalq Mətbuat Mərkəzində “Bitməyən müharibənin qəhrəmanları” silsiləsindən “Aprel şəkilləri” sənədli filminin təqdimatı olub.

Azərbaycan Mətbuat Şurası və “Veysəloğlu” Şirkətlər Qrupunun dəstəyi ilə çəkilən filmin təqdimat mərasimində aprel şəhidlərinin ailə üzvləri, Milli Məclisin deputatları, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Filmin baş məsləhətçisi, Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov, ssenari müəllifi Bəxtiyar Qaraca, rejissorları Kəmalə Mirzəyeva və Nuranə İsmayıldır. Bakıda və Kürdəmir rayonunda çəkilən filmdə aprel döyüşlərində şəhid olan və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilən pilotlar - mayorlar Təbriz Musazadə, Urfan Vəlizadə və baş leytenant Əbubəkir İsmayılovdan bəhs edilir.

Tədbirdə çıxış edən Ə.Amaşov Aprel döyüşlərinin Azərbaycan xalqının qələbə inamının özünə qayıtmasında böyük rol oynadığını, düşmən üzərində böyük hərbi, psixoloji qələbə qazanıldığını bildirib: “Aprel döyüşləri bizim qəhrəmanlıq dastanımızdır. Onu xalqımızın yaddaşına həkk etmək bizim borcumuzdur. “Bitməyən müharibənin qəhrəmanları” silsiləsindən üç sənədli film çəkiləcək. “Aprel şəkilləri” sənədli filmi bu silsilədən birinci filmdir. Növbəti film Aprel döyüşlərində şəhid olan və “İgidliyə görə” medalı ilə təltif edilən polkovnik-leytenant Raquf Orucova həsr ediləcək “Briqada komandiri” sənədli filmi olacaq”.

Sonra “Aprel şəkilləri” sənədli filmi nümayiş olunub.

Filmin nümayişindən sonra çıxış edən “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva şəhidlərimizlə qürur duyduğumuzu vurğulayıb və üzünü şəhid ailələrinə tutaraq deyib: “O kədər sizin ürəyinizi nə qədər ağrıdırsa, inanın ki, bizim qəlbimizi də ağrıdır. Filmi seyr edərkən burada əyləşən hər bir insanın üzündə həmin kədər, gözündə isə yaş vardı. Şəhidlər seçilənlərdir. Torpaq uğrunda, millət uğrunda şəhid olmaq Allahın göndərdiyi bir məqamdır və bizim bu üç şəhidimiz də bu ali məqama qovuşub. Aprel döyüşləri dövlətimizin və xalqımızın birliyini bir daha ortaya qoydu”.

Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu və başqaları çıxışlarında film haqqında öz təəssüratlarını bölüşüblər, Aprel döyüşlərinin hərb tariximizin şanlı səhifələrindən biri olduğunu qeyd ediblər.

Sonda şəhid ailələri adından Təbriz Musazadənin anası Tovuz Musayeva, Urfan Vəlizadənin həyat yoldaşı Könül Vəlizadə çıxış edərək filmin yaradıcı heyətinə, tədbir iştirakçılarına təşəkkürlərini bildiriblər.

 AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında