“Leyli və Məcnun” operası Vaşinqtonda nümayiş etdirilib

 “Leyli və Məcnun” operası Vaşinqton  Kennedi Mərkəzinin “Opera Evi” zalında nümayiş etdirilib.

Baş rolları Azərbaycanın Xalq artisti Alim Qasımov və sənətkarın qızı, Əməkdar artist Fərqanə Qasımova ifa ediblər. Layihə müasir xoreoqrafiya sənətinin ən məşhur simalarından biri Mark Morrisin “Rəqs” qrupu tərəfindən reallaşdırılıb. İfalarda dövrümüzün ən məşhur violonçel ifaçısı Yo-Yo Manın rəhbərlik etdiyi “İpək Yolu” ansamblı da iştirak edib.

Kennedi Mərkəzinin mətbuat açıqlamasında deyilir ki, faciəvi sevgini əks etdirən opera 1908-ci ildə Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin əsərinə uyğunlaşdırılıb.

Bu layihənin ən önəmli simalarından biri, görkəmli muğam ustası Alim Qasımovdur. On iki il əvvəl o, “Leyli və Məcnun”un yeni versiyasının yaradılması barədə öz fikrini məşhur violonçel ifaçısı Yo-Yo Ma ilə bölüşüb, məhz o vaxtdan da Azərbaycan musiqisinin incisi olan “Leyli və Məcnun” ABŞ-ın ən nüfuzlu musiqiçilərinin diqqət mərkəzindədir. Alim Qasımovun bənzərsiz səsi və sənəti “Leyli və Məcnun” layihəsinin ərsəyə gəlməsini və onun uğurunu şərtləndirən ən başlıca amillərdəndir. O, Fərqanə xanımla birgə musiqi tariximizdə ən təsirli “Leyli və Məcnun” cütlüyünü yarada bilən nadir sənətçilərdəndir.

.“Leyli və Məcnun” operasının Mark Morris tərəfindən hazırlanan yeni versiyası Azərbaycan musiqisi, mədəniyyəti üçün önəmli və tarixi bir hadisədir. Məhəmməd Füzulinin şeir dünyası, Üzeyir Hacıbəylinin musiqisi, Alim Qasımovun sənəti, ulu muğamımız, bir sözlə, Azərbaycan mədəniyyətinin bütün bu inciləri ABŞ-ın ən nüfuzlu konsert salonlarında musiqisevərlərə çatdırıldı, ən mötəbər ictimai dairələrdə marağa və müzakirələrə səbəb oldu. İlk tamaşadan sonra “Nyu-York Tayms” qəzetində dərc olunan məqalə belə tamamlanır: “Konsertlərdən zövq aldığımızdan sözsüz ki, biz Azərbaycan musiqisi və Üzeyir Hacıbəylinin musiqisi ilə daha yaxından tanış olmağa səy göstərəcəyik”.  Bu da yəqin ki, layihənin ən önəmli, ən vacib nəticəsidir.

Konsertlər, həmçinin ABŞ-ın İllinoys və Nyu-York ştatlarında da keçirilib. Opera amerikalılar tərəfindən heyranlıqla qarşılanıb.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq  qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında