Prezident İlham ƏLİYEV: Münaqişə öz həllini tapana qədər daim öz prinsipial mövqeyimizi nümayiş etdirəcəyik...

Respublikamızın  gündən-günə artan nüfuzu, dövlətimizin iqtisadi qüdrətinin region ölkələri üçün nümunə göstərilməsi və Prezident İlham Əliyevin beynəlxalq aləmdəki  reytinqinin yüksələn xəttlə irəliləməsi sübut edir ki, müasir Azərbaycanın həll olunmamış heç bir problemi qalmayacaq. 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə  həlli üçün göstərdiyimiz səylərin də öz müsbət nəticələrini verəcəyi gün uzaqda deyil. Doğrudur, beynəlxalq aləmdəki bədxahlarımız, xüsusən, dünyanın aparıcı ölkələrindəki erməni lobbisi münaqişənin ədalətli həllinə mane olmaq, regiondakı status-kvonun saxlanılması üçün çoxsaylı fitnə-fəsada əl atır, ağlasığmaz variantlar düşünürlər. Ancaq düşmənin istənilən məkrli addımlarına baxmayaraq, qüdrətli Azərbaycan dövləti öz qətiyyətli yolunu davam etdirir.

Avqustun əvvəlindən  etibarən regionda gedən proseslər, xüsusən, Ermənistan  dövlətinin birbaşa Serj Sarkisyan səviyyəsində planlaşdırılan təxribat-diversiya  əməllərinə Azərbaycan tərəfindən adekvat cavab verilməsindən sonrakı hadisələr sübut etdi ki, beynəlxalq aləmdəki mütərəqqi qüvvələr də, sadə ermənilər də bu münaqişənin həm tezliklə, həm də ədalətli həllinin tərəfdarıdır. Ancaq faşist xisləti və ölkəni xuntasayağı idarə etmək cəhdləri ilə xalqına düşmən kəsilən Ermənistan rəhbərləri məhz hakimiyyətdə qalmaq xatirinə öz xalqının və beynəlxalq ictimaiyyətin iradəsinə qarşı çıxırlar.  ATƏT Minsk qrupunun həmsədr ölkələrinin təşəbbüsü ilə birbaşa keçirilən 12-ci görüş kimi tarixə düşmüş  Soçi görüşü zamanı da biz bu həqiqətlərə növbəti dəfə şahidlik etməli olduq.  Məlumatlı mənbələrin verdiyi xəbərlərdə qeyd olunurdu ki, sadə ermənilər və  zorən bilavasitə təmas xəttinə göndərilən erməni əsgərlər Azərbaycan döyüşçülərindən xahiş edirdilər ki, atəşi dayandırın, bir neçə gündən sonra prezidentlər görüşəcəklər. Yəni ermənilər adıçəkilən görüşdən çox şey gözləyirdilər. Ancaq yandırdığı Xocalı şəhərinə və qırdığı minlərlə insanın qanına görə məhkəmə qarşısında dayanmaqdan qorxan Sarkisyan  hakimiyyətdə qalmaq xatirinə yenə də öz xalqının istəyini gözündə qoydu.  Üstəlik, Sarkisyanın həyasızlığı geniş məkanda bütöv Avrasiyanın taleyi ilə maraqlanan insanların arzularının reallaşmasına mane olur.

 Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun dediyi kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi artıq dünyanın ən uzun sürən münaqişələrindən biri “statusunu” almaqdadır. 20 ildən artıqdır ki, bu münaqişə Azərbaycanda, Cənubi Qafqazda dinc həyatı pozmaqla kifayətlənməyib, bütün Avrasiyada regional sülhü və təhlükəsizliyi təhdid edir. Odur ki, müxtəlif formatlarda, xüsusən də ölkə prezidentlərinin birbaşa dialoqu çərçivəsində keçirilən belə görüşlər heç zaman izsiz qalmır.

Dövlət rəsmisi qeyd edir ki, Ermənistanın işğalçı qoşunlarının təxribatçı-diversiya qruplarının silahlı müdaxilələri və münaqişə bölgəsində baş verən qanlı toqquşmaların fonunda bu görüşün keçirilməsi zəruri idi. Əslində, Rusiya Prezidenti cənab Vladimir Putinin təşəbbüsünü də, ilk növbədə, pozulmuş atəşkəsin bərpasına yönəlmiş sülhyaratma təşəbbüsü kimi dəyərləndirmək olar. Rusiya Prezidentinin çıxışından da göründü ki, onun ölkəsi Minsk qrupunun üzvü və bölgənin ən böyük dövləti kimi Cənubi Qafqazda malik olduğu missiyanı – sülh və təhlükəsizliklə bağlı daşıdığı məsuliyyəti dərindən dərk edir və dövlətlər arasında hərbi münaqişənin yaranmasının dolayısı ilə bütün Qafqaza göstərəcəyi mənfi təsiri dərindən anlayır.

Amma, maraqlı olan məqamlardan biri də odur ki, Kremlin kəsərli sözü qarşısında öz şıltaqlıqlarından əl çəkməyən Ermənistan rəhbərliyinə qulaqburması verən tapılmır. Mən bir sıravi jurnalist kimi qətiyyətlə deyə bilərəm ki, bu qulaqburmanı məhz Kreml verməlidir və verə bilər. Çünki rəsmi Moskvanın bir neçə tərəfdən münaqişəyə cəlb olunduğu halda onun əsas müttəfiqlərindən olan iki Qafqaz  respublikasının yenidən müharibəyə sürükləndirilməsi Moskvaya qətiyyən sərf etmir.  Ermənistan rəhbərliyinin destruktiv mövqeyi və məsuliyyətsiz addımları isə həmin müharibəni qaçılmaz edir.  Ona görə də Vladimir  Putin ikitərəfli və üçtərəfli danışıqlarda əsas diqqətini, ilk növbədə, atəşkəs rejiminin bərpası və qorumasına, münaqişənin danışıqlar və sülh yolu ilə həll olunmasına və tərəflər arasında etimad mühitinin yaradılmasına yönəltmişdi.

 Əli Həsənov qeyd edir ki,  Rusiya Prezidentinin münaqişənin “bu qədər uzanmasını proseslərin müsbət dinamikasına xələl gətirən bir amil” kimi dəyərləndirməsi də bu ölkənin Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə həllinə pozitiv yanaşması kimi qiymətləndirilə bilər. Odur ki, Rusiyanın mövqeyini ümumi formada belə ifadə etmək olar: mövcud status-kvo tezliklə, sülh və danışıqlar yolu ilə aradan qaldırılmalıdır. Fikrimizcə, Moskvanın ortaya qoyduğu mövqe təkcə Qafqazın deyil, eləcə də bu regionda siyasi və ya iqtisadi maraqları olan hər kəsin gözlədiyi və arzuladığı mövqedir.

Xatırladaq ki, Azərbaycan  Respublikasının Prezidenti  İlham Əliyev həmişə, bütün beynəlxalq tribunalardan  olduğu kimi,  Soçidə də öz ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə, Cənubi Qafqazda möhkəm regional sülhün bərqərar olmasına hamıdan çox çalışdığını sübut etmişdir.  Dövlət başçımız, eyni zamanda, işğal altında olan torpaqların qeyd - şərtsiz azad edilməsi ilə bağlı BMT-nin dörd qətnaməsinin yerinə yetirilməsini, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına dönməsini və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının vacibliyini də əsas şərt kimi irəli sürmüşdür.  Soçidə Prezident İlham Əliyev Rusiya Prezidentinin iştirakı ilə keçirilən görüşdə BMT qətnamələrinə istinad edərək, Ermənistanı “işğalçı dövlət” adlandırmış və bu dövlətin işğal olunmuş torpaqlardan qeyd-şərtsiz çıxmasının ən mühüm şərt olduğunu bəyan etmişdir.

  Gözlənildiyi kimi, Vladimir Putinin iştirakı ilə keçirilən görüşdə də Ermənistan Prezidenti Azərbaycan tərəfinin arqumentləri, dəlil-sübutları qarşısında tamamilə gücsüz idi.  Daim Prezident İlham Əliyevin  qarşısında aciz qalan Sarkisyan  bu görüşdə də boş-boş danışmaqdan başqa heç nə ilə yadda qala bilmədi. Əli Həsənovun dediyi kimi, Azərbaycan torpaqlarının işğalı faktı və bu işğalın nəticələrinin aradan qaldırılması ilə bağlı BMT-nin məlum qətnamələri qarşısında Sarkisyanın irəli sürdüyü “arqumentlər”in heç bir əsası yox idi. Onun mövqeyi Azərbaycanın ünvanına kiçik əyalət şikayətlərindən təşkil olunmuş və heç bir real həqiqəti əks etdrməyən “riyakarlıq buketi”ndən ibarət idi.

Bütün bunlarla yanaşı, istənilən görüş kimi, Soçi görüşü də  tərəflərin  mövqelərinin müəyyən mənada bir-birinə yaxınlaşdırılması üçün müəyyən  əhəmiyyətə malik idi. Prezident Administrasiyası rəsmisinin də dediyi kimi, Soçi görüşünün nəticələri, ümumən, pozitiv qiymətləndirilə bilər. Doqquz aydan sonra ölkə rəhbərləri səviyyəsində birbaşa təmasların bərpa olunması, habelə digər formatlarda keçirilən görüşlər Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin nizamlanma prosesinə öz müsbət təsirini göstərəcəkdir.

Ancaq, Ermənistan rəhbəri bu mötəbər görüşdən dərhal sonra öz ölkəsinin mətbuatına verdiyi müsahibədə növbəti dəfə sayıqlayaraq, Azərbaycana ciddi  hədə-qorxu gəlib. Prezident Administrasiyasının rəsmisi xəstə təxəyyüllü Ermənistan rəhbərinin həmin cəfəng bəyanatlarına o qədər də məhəl qoymayıb: “Sarkisyan unudur ki, nə indi ötən əsrin 90-cı illərinin əvvəlləridir, nə də Azərbaycan həmin ölkədir. Elə həmin açıqlamasında Sarkisyan iqtisadi və hərbi gücün Azərbaycanın tərəfində olduğunu etiraf edir. Buna görə, biz də öz növbəmizdə onların nəzərinə çatdırmaq istərdik ki, əgər Ermənistan rejimi öz taleyini bundan sonra da sınamaq istəyirsə, qoy işğalçı siyasətini davam etdirsin.

Bir sözlə, münaqişənin həllinə çalışan Rusiya rəhbərliyinin təşəbbüsü sübut etdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllini təkcə Bakıda deyil, başqa şəhərlərdə də arzulayanlar vardır. Qalır təkcə İrəvan. Əminik ki, Sarkisyan hökuməti  öz həyasızlıqlarını uzun müddət davam etdirə bilməyəcək. Çünki artıq erməni xalqı da onun çirkin siyasətindən bezib.  Sonda xüsusilə xatırladılmalı bir məqamı yada salaq. Avqustun ilk ongünlüyündə  kütləvi informasiya vasitələri həm Azərbaycan, həm də Ermənistan prezidentlərinin birbaşa səngərdə, əsgərlərin yanında çəkilmiş şəkillərini vermişdilər. Bizim Ali Baş Komandanımızın şəkilində əminlik, qətiyyət, qələbəyə inam, özünə inam, əsgərə inam kimi ali hisslər açıq- aydın görünürdü. Sarkisyanın üz-gözündə isə elə bir qorxu-təlaş var idi ki, sanki öz əsgərlərinin indicə onu öldürəcəyini gözləyirdi.  Mən Facebook səhifəsində  həmin şəkilləri görəndə bir türk- azərbaycanlı ürəyiyumşaqlığı ilə, sözün həqiqi mənasında, Sarkisyana yazığım gəldi. O, həqiqətən Allahın bədbəxtidir. Həm Azərbaycan, həm də erməni xalqlarının qanını içmiş bir cani səngərdə, əsgərlərin arasında qorxmasın, bəs neyləsin? Onun üzündəki cizgilərlə  Azərbaycan əsgərlərini öldürdüyü muzdlu ermənilərin sifətindəki cizgilər tamamilə eyni idi. Görünür Sarkisyanı əsgərlər yox, Azərbaycan diplomatiyası həmin şəkilə salıb. Hər halda, bu uşaq qatilini, soyqırımı baiskarını  çox pis aqibət gözləyir.

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında