Prezident İlham ƏLİYEV: Bizim mövqelərimiz möhkəmdir, güclüdür və təmas xəttində Azərbaycan Ordusu tam üstünlüyü əldə edib

 

 

 

 

İşğalçı Ermənistan ordusu son günlər ərzində Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq, Azərbaycan Ordusunun mövqelərinə bir neçə dəfə basqın ediblər. Düşmən ölkənin kəşfiyyat-təxribat qrupları cəbhə boyunca qoşunların təmas xəttini bir neçə dəfə keçməyə cəhd göstərsələr də, öz çirkin niyyətlərinə nail ola bilməyiblər. Həmişə ayıq-sayıq olan nizami Azərbaycan Ordusunun mərd və qorxmaz əsgərləri düşmənin bu təxribatının qarşısını alaraq layiqli cavablarını veriblər.

İşğalçı Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması birinci hal deyil. Beynəlxalq hüququn norma və prinsiplərini saymayan Ermənistan tərəfi, demək olar ki, hər gün atəşkəs rejimini pozur, əsgər və zabitlərimizi, mülki əhalini, hətta, uşaqları da hədəfə alırlar. Söz yox ki, düşmənin bu amansızlığı cavabsız qalmır, ancaq bütün bunlara baxmayaraq, dünya birliyi Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsini qəti tələb kimi irəli sürmür, günahsız insanların amansızlıqla qətlə yetirilməsinə laqeyd münasibət bəsləyir.

Ermənistan tərəfinin təxribatçı addımları son günlər daha da intensivləşmiş və nəticədə cəbhə xətti boyunca gərginlik xeyli artmışdır. Çoxlu sayda insan tələfatı və sərhəd ərazisində yaşayan dinc əhalinin ciddi narahatlığı Azərbaycan tərəfini qəti addımlar atmağa məcbur etmişdir.

Avqustun 6-da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ağdam və Bərdə rayonlarına səfər edib. Azərbaycan Prezidenti əvvəlcə Ağdamdakı “N” saylı hərbi hissəyə gəlib. Dövlətimizin başçısı təmas xəttində yerləşən bu hərbi hissədə əsgərlərin və zabitlərin xidməti üçün yaradılmış şəraitlə tanış olub. Burada əsgər və zabitlər üçün hər cür şərait yaradılması barədə ölkə rəhbərinə məlumat verilib. Ali Baş Komandan İlham Əliyev komanda müşahidə məntəqəsindən düşmənin mövqelərini izləyib. Sonra Prezident döyüş tapşırığını yerinə yetirərkən xüsusilə fərqlənmiş bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim edib. Dövlət başçısı hərbçilərlə görüşüb və döyüşdə fərqlənmiş hərbi qulluqçular qarşısında çıxış edib.

Dövlətimizin başçısı bildirib ki, Müdafiə Nazirliyi vəziyyət barədə müntəzəm olaraq operativ məlumat verir. Silahlı Qüvvələrin Ali Baş Komandanı vəziyyətin tam nəzarət altında olduğunu diqqətə çatdırıb və deyib ki, bizim mövqelərimiz möhkəmdir, güclüdür və təmas xəttində Azərbaycan Ordusu tam üstünlüyü əldə edib.

 Prezident İlham Əliyev Milli Ordunun peşəkarlığından, yüksək döyüş qabiliyyətinə malik olduğundan məmnun qaldığını bildirib: “Azərbaycan ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Bizim bütün hərbi hissələrimizdə, xüsusilə ön cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir. Biz bundan sonra da öz döyüş potensialımızı artıracağıq. Hazırda Azərbaycan ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir. Son vaxtlar əldə etdiyimiz silah, texnika deməyə əsas verir ki, biz istənilən vəzifəni icra edə bilərik”.

Azərbaycan Ordusunun güclü, nizami, Qafqazda ən qüdrətli ordu olması artıq beynəlxalq müstəvidə də öz əksini tapıb. Milli Ordumuzun potensialı gündən-günə möhkəmlənir, güclənir. Ordu quruculuğu bizim dövlət siyasətimizdir, prioritetdir və son illərdə bu istiqamətdə çox böyük işlər görülmüşdür. Ordumuz mütəmadi olaraq yeni texnika ilə təchiz edilir. Bu gün Azərbaycan Ordusu özünün maddi-texniki təchizat göstəricisinə görə dünyada ən güclü ordular sırasındadır. Qürurla qeyd edək ki, ulu öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində öz səylərini daha da artıran Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin ən müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olmuşdur.

Hərbi xərclərin artırılması, Milli Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi dövlət siyasətimizin prioritet vəzifələrindəndir. Son 10 il ərzində hərbi xərclərimiz 20 dəfədən çox artmışdır. Ölkəmizdə orduya, Silahlı Qüvvələrə ayrılmış xərclər Ermənistanın bütün dövlət büdcəsindən təxminən 2 dəfə çoxdur.

Azərbaycanda son illərdə yerli silah-sursat istehsalı da qaydaya salınıb. 2005-ci ildən bu günə qədər Müdafiə Sənayesi Nazirliyinin xətti ilə 900 adda hərbi təyinatlı silah-sursat istehsal olunub və bu gün də həmin proses uğurla davam etdirilir. Qarşıya qoyulan əsas vəzifələrdən biri gələcəkdə silah-sursatlarla, texnika ilə özümüzü tam şəkildə təmin etməkdir.

Erməni işğalının və müharibə vəziyyətinin davam etdiyini nəzərə alan Azərbaycan dövləti, tamamilə haqlı olaraq, öz ordusunun gücünü, hərbi kadrların peşəkarlıq səviyyəsini durmadan artırır, hərbi qüdrətini yüksəldir. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, ordu quruculuğu, müdafiə potensialının möhkəmlənməsi və güclü ordunun yaranması dövlət üçün, hökumət üçün, hər bir vətəndaş üçün bir nömrəli vəzifədir. Biz bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik. Biz hər an hazır olmalıyıq ki, öz doğma torpaqlarımızı işğalçı qüvvələrdən hərbi yolla azad edək və bu məqsədlə nə lazımdırsa, Azərbaycan dövləti edir.

Ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini yüksəldən əsas amillərdən biri də ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi hissələrə, xüsusən, cəbhə xəttinə ardıcıl səfərlər etməsidir. Ön xətdə xidmət edən əsgər və zabitlərimizlə hər görüşündə onlara sonsuz mübarizə əzmi aşılayan Ali Baş Komandan bununla da orduya diqqət və qayğısını əyani şəkildə nümayiş etdirir.

Azərbaycan Prezidentinin cəbhə bölgəsinə budəfəki səfəri, hərbiçilərlə görüşməsi, onları mükafatlandırması əsgər və zabitlərimizdə böyük ruh yüksəkliyi yaradıb. Silahlı Qüvvələrin Ali Baş Komandanı hərbiçilərlə görüşü zamanı Milli Ordunun ən müasir silahlarla təchiz olunacağını, bu barədə ciddi işlərin aparıldığını, artıq bir sıra məsələlərin öz həllini tapdığını diqqətə çatdırıb. Dövlətimizin başçısı deyib: “Son vaxtlar həm Azərbaycanda müasir silah və texnika istehsal olunur, eyni zamanda, xarici mənbələrdən aldığımız avadanlıq, texnika, silah-sursat ən müasir standartlara cavab verir. Hava hücumuna qarşı ən müasir qurğular əldə edilibdir. Ordumuzda ən güclü artilleriya qurğuları vardır. Böyük dəqiqliyə və çox böyük dağıdıcı qüvvəyə malik olan raket sistemləri, döyüş və nəqliyyat helikopterləri, döyüş təyyarələri, zirehli texnika, tanklar - bütün bunlar bu gün Azərbaycan Ordusunun potensialını təşkil edən amillərdir. Bu gün Azərbaycan Ordusu Dağlıq Qarabağdakı istənilən obyekti məhv edə bilər. Bunu biz də bilirik, Azərbaycan xalqı da, düşmən də bilməlidir. Bu gün ancaq Azərbaycan dövlətinin siyasəti sayəsində bölgədə sabitlik hələ ki, təmin edilir. Azərbaycan sabitləşdirici ölkədir. Biz bu gün öz imkanlarımızı artıraraq daha da güclü orduya malik oluruq və bu ordu istənilən vaxtda, istənilən vəzifəni icra edə bilər”.

 Respublikamızın rəhbəri bir neçə gün əvvəl düşmən tərəfinin kəşfiyyat-təxribat qruplarının basqınına da münasibət bildirib və bu zaman böyük şücaət göstərərək Vətənin bir qarış torpağını da qıymayıb bu yolda şəhid olanlara Allahdan rəhmət diləyib. Azərbaycan Prezidenti deyib: “Bu gün təmas xəttində olarkən son günlər ərzində baş vermiş hadisələri də yada salırıq. Düşmən, erməni işğalçı qüvvələri bir həftə bundan əvvəl qorxaqcasına, namərdcəsinə gecə vaxtı bizim mövqelərimizə hücum etmişlər. Biz itki vermişik, əsgərlərimiz şəhid olmuşlar. Allah bütün şəhidlərə rəhmət eləsin, onların ailələrinə, yaxınlarına səbir versin. Ancaq, eyni zamanda, düşmən layiqli cavab aldı. Həmişə olduğu kimi, erməni tərəfi öz itkilərini gizlədir. Ancaq biz bilirik ki, onlarla işğalçı məhv edilmişdir və bu əməliyyatlarda xüsusi rəşadət, cəsarət, peşəkarlıq göstərən əsgər, gizir və zabitlər bu gün bu masa arxasında əyləşmişlər. Mən onları təltif etmişəm. Göstərdiyiniz cəsarətə görə, peşəkarlığa görə sizə Azərbaycan xalqı adından öz minnətdarlığımı bildirmək istəyirəm və əminəm ki, bundan sonra da bütün döyüş tapşırıqlarını ləyaqətlə icra edəcəksiniz”.

 Artıq Ermənistanda ciddi çaxnaşma, həyəcan yaranıb. Gənclər qorxularından öz ölkələrini kütləvi şəkildə tərk edərək xaricə üz tuturlar. Onlar da yaxşı başa düşürlər ki, bu işğal uzun müddət davam edə bilməz. Azərbaycan Ordusunun öz ərazilərimizdə təlimlərə başlaması və düşmənin atəşkəs rejimini pozmasına cavab verməsi Yerevanda oturanları da vahiməyə salıb. Ermənistan silahlı qüvvələrinin vəhşiliyi, amansızlığı və faşistlərə xas olan qəddarlığı öz vətəndaşlarının başında çatlayır. Prezident İlham Əliyev cəbhə bölgəsində hərbiçilərlə görüşən zaman da bu barədə məlumat verib: “Bu gün düşmən panikadadır, isterikadadır. Biz bunu bilirik. Bizim kifayət qədər imkanlarımız var ki, qarşı tərəfdə nələr baş verdiyini bilək. Biz tam şəkildə hərbi və mənəvi üstünlüyü əldə etmişik. Biz öz torpağımızdayıq. Bir həftə bundan əvvəl həlak olmuş şəhidlərimiz öz torpağında şəhid olmuşlar. Sual olunur: erməni əsgərinin - işğalçı qüvvələrin əsgərinin Ağdam ərazisində nə işi var? Bu gün Ermənistanın faşist rəhbərliyi, hərbi xunta öz ölkəsini uçuruma aparır. Onlar bizim torpaqlarımızı işğal ediblər, eyni zamanda, bütün Ermənistanı işğal ediblər. Erməni xalqı kriminal, korrupsioner rəhbərlikdən öz canını qurtarmalıdır. Əks-təqdirdə Ermənistanı böyük fəlakətlər gözləyir. Əgər Ermənistan faşist dövləti öz çirkin əməllərindən əl çəkməsə, erməni dövlətinin mövcudluğu sual altına düşə bilər”.

 Azərbaycan Prezidenti bildirib ki, bizim işimiz haqq işidir: “Biz öz torpağımızda yaşayırıq. Bura Azərbaycan torpağıdır. Buradan bir neçə kilometr məsafədə yerləşən Ağdam şəhəri də Azərbaycan torpağıdır, Xankəndi də, Şuşa da, bütün digər işğal edilmiş torpaqlar da. Ağdam şəhərini erməni quldurları, vəhşiləri yerlə-yeksan ediblər. Buradan Ağdam şəhərinin qalıqları açıq-aydın görünür. İki binadan başqa bütün binalar dağıdılıb. Biz Ağdam şəhərini bərpa edəcəyik. İşğal edilmiş, dağılmış bütün şəhərləri bərpa edəcəyik. Biz o torpaqlara qayıdacağıq, biz bu fikirlə yaşayırıq və yaşayacağıq. Münaqişə öz həllini tapmayana qədər daim öz prinsipial mövqeyimizi nümayiş etdirəcəyik və təmas xəttində üstünlük daim bizdə olacaqdır”.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev göstərdikləri qəhrəmanlığa görə hərbiçiləri təbrik edib və onlara minnətdarlığını bildirib. Hərbiçilər adından mayor İmanov çıxış edərək Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə orduya göstərdiyi yüksək qayğıya görə təşəkkürünü bildirib və əlavə edib ki,  biz Ali Baş Komandanın  hər bir əmrini layiqincə yerinə yetirməyə hazırdır.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında