“Amnesty İnternational” təşkilatı ermənipərəst mövqeyini bir daha nümayiş etdirdi

Erməni lobbisinin sifarişlərini yerinə yetirən bu qurum ölkəmizə qarşı yenə də  böhtanlar atır

“Amnesty International”, “Human Right Watch”, “Freedom House” və  “Sərhədsiz reportyorlar” kimi beynəlxalq təşkilatlar tərəfindən  zaman-zaman ölkəmizə qarşı qərəzli və ikili standartlara söykənən böhtanla dolu hesabatlar hazırlanır və  Azərbaycanda hansısa mühüm siyasi hadisə baş verən ərəfədə və ya siyasi aləmdə canlanma müşahidə olunanda gündəmə gətirilir. 

Bu qeyri-hökumət təşkilatları ənənəvi olaraq, öz hesabatlarında Azərbaycanla bağlı həqiqəti əks etdirməyən məlumatlara, məqamlara daha çox  yer verirlər. Ermənipərəst təşkilatlar  bununla da Azərbaycana qarşı qərəzli mövqe tutan, ölkəmizin dünyada artan nüfuzuna və imicinə qısqanc yanaşan, uğurlarımızı gözü götürməyən dairələrin,  erməni lobbisinin sifarişlərini yerinə yetirən beynəlxalq qeyri-hökumət təşkilatlarının mövqeyini ifadə etmiş olurlar. Ölkəmizin sürətli  inkişafından narahat olan həmin dairələr isə bütün vasitələrlə  Azərbaycan dövlətini dünya birliyinin, beynəlxalq ictimaiyyətin gözündən salmağa, onun  getdikcə artan  reytinqinə zərbə vurmağa çalışırlar.

Azərbaycanın uğurları, dünya birliyinə sürətli inteqrasiyası təbii  ki, bütün beynəlxalq təşkilatlar və dünya ölkələri tərəfindən eyni cür qarşılanmır. Qazanılan nailiyyətlər ölkəmizə qarşı düşmən mövqeyində dayanan ermənilər və onlara havadarlıq edənlərlə bərabər, “Amnesty İnternational”, “Human Rights Watch”, “Freedom House”, “Sərhədsiz reportyorlar” kimi təşkilatlarda  da qışqanclıq yaradır. Çünki bu təşkilatlar gözlərini erməni lobbisinin maliyyə dəstəyinə dikmişlər və onların çirkli pullarından yetərincə faydalanırlar.

Artıq beynəlxalq ictimaiyyətdə  hamıya bəllidir ki,  “Amnesty İnternational”,  “Freedom House”, “Human Rights Watch”, “Sərhədsiz reportyorlar” kimi  təşkilatların hazırladıqları  hesabatlar və yaydıqları bəyanatlar Azərbaycana qarşı təxribatdır.  Bu təşkilatların  fəaliyyətləri və  hesabatları  müəyyən siyasi maraqlara xidmət etdiyini və Azərbaycanla bağlı konkret olaraq sifariş yerinə yetirdiyini göstərir. Belə  təşkilatları beynəlxalq səviyyəli hüquq-müdafiə təşkilatı adlandırmağın özü insan haqlarına hörmətsizlikdir.

İnsan haqlarının müdafiəsi adı altında gizlənən bu təşkilatlar, əslində öz məkrli fəaliyyətləri ilə insan hüquqlarının aliliyi prinsipinin, insanların təhlükəsiz yaşamaq hüququnun təmin edilməsinə böyük zərbə vururlar. Birmənalı şəkildə qeyd edirik ki, ölkəmizə qarşı aparılan bu kampaniyanın arxasında Azərbaycanın beynəlxalq miqyasda getdikcə artan nüfuzuna zərbə vurmaq  istəyən  ermənu lobbisi və bəzi antiazərbaycan dairələr dayanır.

Hazırda ölkəmiz dünyanın inkişaf etmiş dövlətləri ilə bir sıradadır. Mötəbər beynəlxalq təşkilatların öz tədbirlərini Azərbaycanda keçirmələri də bundan xəbər verir. Görünür qərəzli beynəlxalq təşkilatları da böhtanla dolu bəyanatlar hazırlamağa vadar edən ölkəçmizin beynəlxalq aləmdəki reytinqinin sürətlə artmasıdır. Azərbaycanın  20 illik müstəqillik dövründə kosmik ölkələr ailəsinə üzv olması, BMT  Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və müxtəlif vaxtlarda iki dəfə bu quruma, hazırda  isə Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməsi və digər uğurları bədxahlarımızı ciddi narahat edir.

Bu günlərdə “Amnesty İnternational” təşkilatının sər-böhtanla dolu daha bir bəyanatının yayılması da  bu qurumun ermənipərəst mövqeyindən əl çəkə bilməməsindən və erməni lobbisinin sifarişlərini yerinə yetirmək üçün canfəşanlıq göstərməsindən xəbər verir.

“Azərbaycan: Daha bir məşhur hüquq müdafiəçisi həbs olundu” adlı bəyanatda Rəsul Cəfərov adlı “hüquq müdafiəçisi”ndən söhbət gedir. Böhtançı təşkilatın “məşhur hüquq müdafiəçisi” adlandırdığı Rəsul Cəfərovu Azərbaycan cəmiyyətində tanıyan yoxdur. Görünür ermənipərəst dairələrə ölkəmiz haqqında donosbazlıq etdiyindən və onlara sərf edən  “faktlar” ötürdüyündən məşhur imiş. Belə desək, məşhur donosbaz, satqın və xəyanətkar. Qeyd etdiyimiz kimi, bu xəyanətkarı cəmiyyətdə tanıyan yoxdur. Əslində bu xislətdə olanları onun əqidədə olanlar daha yaxşı tanıyarlar. “Amnesty İnternational” təşkilatının üzvləri də müdafiəsinə qalxdıqları Rəsul Cəfərov kimi muzdlu nökərdir.

Sən demə, Rəsul Cəfərov Azərbaycanda İnsan Hüquqları Klubunun təsisçisi və 2012-ci ildə Azərbaycanda keçirilən Eurovision mahnı müsabiqəsi zamanı, “insan haqları kampaniyasının koordinatoru”  imiş.  Belə bir "hüquq müdafiəçisi"nin əsas fəaliyyəti Azərbaycanda “siyasi məhbusların” sayını süni surətdə artırmaq və bu yolla külli miqdarda qrant almaq imiş.

“Amnesty İnternational” təşkilatının “vicdan məhbusu” adlandırdığı üzdəniraq  hüquq müdafiəçisi haqqında  yaydığı bəyanatla tanış olduqdan sonra  ölkəmizdə belə bir hüquq müdafiəçisinin olub-olmaması ilə maraqlandım və həbsinin səbələrini öyrənmək məqsədilə kiçik bir araşdırma apardım. Məlum oldu ki, “Amnesty İnternational” təşkilatının “vicdan məhbusu” adlandırdığı Rəsul Cəfərov avqustun 2-də həbs edilib. Ona qarşı Azərbaycan  Respublikası Cinayət Məcəlləsinin 213-cü (vergi ödəməkdən yayınma), 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürərək haqqında həbs qətimkan tədbiri seçilib.

“Amnesty International” isə iddia edir ki, guya  Rəsul Cəfərov insan haqları müdafiəçisi olduğuna görə ona cinayət itithamları irəli sürülüb və bu adam ifadə və toplaşmaq azadlığı hüququndan istifadə etmək istədiyinə görə azadlıqdan məhrum edilib. Rəsul Cəfərovun həbsindən “narahatlıq” hissi keçirən qərəzli beynəlxalq  təşkilatın narahatçılığın səbəbi məlumdur. Axı, R.Cəfərov aldığı qrantlar hesabına bu quruma yalan faktlar ötürür, həmin qurum da erməni lobbisinin verdiyi çirkli pullar hesabına saxta hesabatlar hazırlayır. Demək, məsələ aydınlaşır. Rəsul Cəfərovun həbsi ilə “Amnesty İnternational” təşkilatının gəlir mənbəyi bağlanır. Bundan əvvəl üzdəniraq hüquq müdafiəçisi Leyla Yunusun həbsi ilə əlaqədar vay-şüvənlik salan, yanıb-yaxıldığını gizlədə bilməyən də “Amnesty International” idi. Bu da səbəbsiz deyidi. Çünki L.Yunus da  Azərbaycan haqqında bəzi beynəlxalq təşkilatlara “tutarlı faktlar” göndərən xəyanətkarlardan idi. Göründüyü kimi, bu iki antimilli “hüquq müdafiəçisinin” həbsi qərəzli təşkilatın gəlir mənbəyinə kökündən zərbə vurub. Ona görə də bu təşkilat öz qərəzli bəyanatında Leyla Yunusun da adını çəkməyi necə deyərlər, özünə borc bilib. Bəyanatda bildirilir: “Onun saxlanılması oxşar maddələr ilə 2014-cü il iyulun 30-da həbs edilmiş məşhur hüquq müdafiəçisi Leyla Yunusun həbsinin davamıdır”.

“Amnesty İnternational” təşkilatının bəyanatında bildirilir ki, guya  Azərbaycanda müstəqil insan haqları və demokratiya tərəfdarı olan təşkilatlar uzun zamandır təqib və məhdudiyyətlərlə qarşılaşırlar. Qeyri-Hökumət Təşkilatlarının qeydiyyata alınmaması onların başçılarının məhdud hüquqi çərçivədə fəaliyyət göstərməsindən başqa seçim qoymur, bu isə sonradan rəsmilər tərəfindən cinayət işinin qaldırılması üçün bəhanə kimi istifadə edilməsinə gətirib çıxarır. Rəsul Cəfərov son dörd ay ərzində bu əsasda haqqında cinayət işi qaldırılan beşinci şəxsdir. Bu faktlar “Amnesty International”ın ölkəmizin inkişafından dərin qısqanclıq hissi keçirdiyini bir daha göstərir. Çünki ölkəmizdə insan haqlarının yüksək səviyyədə qorunması və  Qeyri-Hökümət Təşkilatlarının fəaliyyəti üçün hər cür şərait yaradılıb. Bu böhtançı təşkilatın diqqətinə çatdırmaq istərdik  ki, Prezident İlham Əliyevin son 10 ildə imzaladığı əfv sərəncamları ilə  35 160 nəfərdən çox məhkum azadlığa buraxılıb.

 Adını beynəlxalq insan haqları təşkilatı qoyan “Amnesty İnternational”nın bir qədər əvvəl də ölkəmizə qarşı qərəzli əməlləri ortaya çıxmışdı. Belə ki,  Bakıda konsert verməyə hazırlaşan dünyanın super ulduzları Rihanna və Şakiraya məktub ünvanlayan bu xəbis təşkilat müğənniləri konsert verməzdən əvvəl Azərbaycanda guya insan haqları və demokratiya sahəsində baş verən pozuntulara diqqət yetirməyə çağırmışdır. Qeyd edək ki, məktubun müəllifləri “Demokratiya naminə oxu” kampaniyasının müəlliflərindən biri, hüquq müdafiəçisi Rəsul Cəfərov, digəri isə “Amnesty İnetrnational” təşkilatının Avropa və Mərkəzi Asiya proqramının direktoru Con Dalhauzendir.

Müəlliflər həmçinin Azərbaycanda jurnalistlərin, blogger və siyasi fəalların həbsi, onlara qarşı təzyiqlərə də toxunurdular. Görürsünüzmü, artıq “xoruzun quyruğu” görünməkdədir. 20 ildir ki, işğalçılıq siyasətindən əl çəkməyən, Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlayan, çoxlu sayda terror aktları törədən və terror nəticəsində 2 mindən çox insanı amansızcasına qətlə yetiən erməni faşistlərinin əməlləri özünü insan haqlarının müdafiəçisi adlandıran bu təşkilatı heç maraqlandırmır. Ermənistan dövlətinin etnik təmizləmə siyasəti bütün dünyaya bəllidir və bu siaysət nəticəsində bir milyondan artıq soydaşımız qaçqın və məcburi köşkün vəziyyətinə düşüb. Bütün bunlar nədənsə “Amnesty İnternational”ın yadına düşmür və o, bunları görməməzliyə vurur. Bu gün Ermənistan-Azərbaycan sərhədlərində demək olar ki, hər saat Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi pozulur və günahsız insanlar, uşaqlar qətlə yetirilir. Bunu görən beynəlxalq təşkilat isə yoxdur. Ancaq Rəsul Cəfərov kimi antimilli ünsürlər konkret olaraq törətdikləri cinayət əməllərinə görə həbs olunanda “Amnesty İnternational” sanki qəflət yuxusundan ayılır və bir-birinin ardınca bəyanat və ya hesabatlar verir, belə muzdlu nökərləri “vicdan məhbusu” adlandırır.

“Amnesty İnternational” kimi qərəzli təşkilatların yalan və böhtanla dolu bəyanatlarını özlərindən və bu əqidədə olan muzdlu nökərlərdən başqa eşidən yoxdur. Çünki artıq dünya birliyinə də bəllidir ki, Azərbaycanda insan hüquq və azadlıqları çox yüksək səviyyədə qorunur və bu məsələ dövlətimizin diqqət mərkəzində olan prioritet sahələrdən biridir.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında